05 Sentyabr 2019 00:41
1035
İQTİSADİYYAT
A- A+

“Cənub qaz dəhlizi”nin sonuncu seqmentinin çəkilişi başa çatır


Görülən işlər TAP-ın Azərbaycan qazını Avropaya gələn il çatdıracağını vəd edir


"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikinti meydançalarında işlər uğurla başa çatmaqdadır. Bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni gələn il çatdıracağına zəmanət verir.

"Cənub qaz dəhlizi”nin reallaşması istiqamətində mühüm addımlar atılıb. 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında layihənin rəsmi açılış mərasimi keçirilib. Buna "Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazın əldə olunması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdırılması imkan yaradıb. Həmin ilin iyun ayında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə verilib. Beləliklə, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq reallaşıb. İndi TAP-ın çəkilişi də yekunlaşmaqdadır.

Cari il iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu istiqamətdə görülən işlərdən də bəhs edilib. Dövlət başçısı bildirib ki, bu sahədə önəmli addımlar atılıb: "Cənub qaz dəhlizi”nin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda "Cənub qaz dəhlizi”nin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb.

TAP strateji əhəmiyyətli bir layihədir. O, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Türkiyəyə və oradan da Avropaya daşıyacaq 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP kəməri CQBK-nın və TANAP-ın davamıdır.

TAP Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Bu boru xəttinin marşrutu Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlanır. Bu, uzunluğu təxminən 878 kilometr olan kəmərdir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

TAP layihəsində BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri tərəfdaşlıq edirlər.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

TAP-ın diametri əsasən 48 düymdür, yalnız dənizin altından keçən hissəsində 37 düymlük borular düzülüb. Kəmərin yolu qısa olmadığından və ayrı-ayrı hissələri fərqli coğrafi şəraitdə yerləşdiyindən inşaat işləri də mürəkkəbdir. Üstəlik, kəmərin bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları var. Bununla belə, inşaatçılar indiyədək bütün işlərin öhdəsindən layiqincə gəliblər.

Kəmərin Apuliyada (İtaliya) yerləşən 1,5 kilometrlik mikrotunelinin inşasının uğurla yekunlaşması da layihənin müvəffəqiyyətlə sona çatacağından xəbər verir. Artıq İtaliyada 3 kilometr uzunluğunda borular torpaq altında basdırılıb. Yay ayları bitdikdən sonra işlər daha da sürətləndiriləcək.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video