05 Sentyabr 2019 00:36
629
İQTİSADİYYAT
A- A+

Xəzərin sahilində Sumqayıt bulvarı


Bir zamanlar Sumqayıtın adı gələndə göz önünə yalnız böyük sənaye qurğuları, şəhərin qoynuna "səpələnmiş” çoxsaylı zavodlar, istehsalat sahələri gəlirdi. Ovaxtlar bugünkü Sumqayıtı bəlkə də heç kəs təsəvvüründə canlandıra bilməzdi.

Çünki bugünün Sumqayıtı bir çox sənaye müəssisələri ilə şöhrət tapsa da, eyni zamanda gözəlliklər şəhəridir. Abad, havası, suyu təmiz olan məkandır. Sumqayıtın bir qüruru da onun Dənizkənarı bulvarıdır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələri sırasında Sumqayıt Dənizkənarı bulvarının və şəhər çimərliyinin yaradılmasının öz yeri var. Xəzərin göy sularının çırpıldığı sahillərdə belə bir bulvarın salınması ölkəmizdə insanların sağlamlığına, istirahətinin xoş və mənalı keçməsinə göstərilən qayğının təzahürüdür. Bu kompleks, eyni zamanda Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından əhəmiyyətlidir.

Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır, o, 4,2 kilometr məsafə boyu uzanır. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşir. Ərazi boyu 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.

Bulvar kompleksindəki yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və digər işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Burada velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu da salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq Meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılır.

Bulvarda kiçikölçülü gəzinti avtobusları üçün avtomobil yolu salınıb. Bununla yanaşı, 4 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, mağazalar və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb.

Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Xəzərin sahilindəki bu kompleks şəhərin simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

Dəniz sahilində yerləşdiyi üçün Sumqayıt da küləkli şəhərdir. Buna baxmayaraq, sumqayıtlılar təkcə isti yay günlərində deyil, digər fəsillərdə də buralara gəzintiyə çıxırlar. Hətta yağışlı, qarlı günlərdə də bulvarda yüzlərlə insana rast gəlmək mümkündür.

Sumqayıt sakinlərinin yaxın keçmişdə gəzmək, istirahət etmək üçün Bakı parklarına gəldiyi də yaddan çıxmayıb. İndi onlar artıq uzağa getməli olmurlar. Təxmini hesablamalara görə, ötən bir il ərzində Sumqayıt bulvarına 100 mindən çox insan gəlib və burada istirahət edib.

Cəmi bir neçə ildə Sumqayıt bulvarının gözəlliyindən dünyanın müxtəlif yerlərində də xəbər tutublar. Məsələn, ona ötən il "Global Trade Leaders” klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı” (İnternational Europe Award for Quality) verilib. Mükafatı təsisatın baş katibi Rikardo Lopes qurumun Parisin "Meridien Etoile” hotelində keçirilən forumunda Sumqayıt nümayəndə heyətinə təqdim edib. Tədbirdə vurğulanıb ki, Sumqayıt bulvarı Azərbaycanda gedən quruculuq işlərinin bariz nümunəsidir.

Sumqayıt bulvarının gələcəyi daha gözəl olacaq. Belə ki, onun ərazisi şimala doğru bir kilometr uzadılır. Həmin ərazidə təmir işləri nəticəsində 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcək. Bir sözlə, 106 hektar ərazisi olan bulvar daha da genişlənəcək. Yeni uşaq-əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların və digər obyektlərin quraşdırılması nəzərdə tutulub.

Yenidənqurma işləri sürətlə davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, kompleksdə 500-dən çox yeni iş yeri açılıb.

Bulvar ərazisinin ikinci hissəsi bu ilin noyabr ayında, Sumqayıtın 70 illik yubileyi ərəfəsində əhalinin istifadəsinə veriləcək.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video