04 Sentyabr 2019 00:28
536
İQTİSADİYYAT
A- A+

“Dərinsulu Günəşli”dən hasilata başlanması Azərbaycanın yeni neft strategiyasının daha bir qələbəsi idi


2008-ci ilin aprel ayında Azərbaycanın neft sənayesi tarixində daha bir əlamətdar hadisə baş verdi. "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft alındı. "Dərinsulu Günəşli”dən hasilata başlanması Ulu Öndər Heydər Əliyevin neft strategiyasının daha bir qələbəsi idi.

Bu, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları haqqında bədgüman olanlara, Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün yetərincə neftin olmadığını deyənlərə tutarlı cavab idi.

Xəzərin Azərbaycan sektorundakı "Günəşli” yatağı dayaz və dərinsulu hissələrdən ibarətdir. Dayazsulu hissə hələ sovet dönəmində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən işlənib və onilliklərdir ki, istismar olunur. Dərinsulu hissənin işlənməsi isə AÇG layihəsinin tərkib hissəsini - üçüncü fazasını təşkil edir.

Digər yataqlardan olduğu kimi, "Dərinsulu Günəşli”dən də ilk neft öncədən qazılmış quyulardan alındı. Bu cür quyular adətən əvvəlcədən qazılır və platforma tam quraşdırılandan sonra ona birləşdirilərək işə salınır. Daha sonra platformanın özündən quyuların qazılmasına başlanır. Quyuların sayı çoxaldıqca, hasilat da artır.

"Dərinsulu Günəşli” kompleksi "Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. O, iki nəhəng dəniz qurğusundan ibarətdir. Bunlardan birincisi qazma, texnoloji təchizat və yaşayış platformasıdır. İkincisi isə hasilat, kompressor, suvurma və texnoloji təchizat platforması adlanır. Platformalar arasında körpü salınıb.

Qazma, texnoloji təchizat və yaşayış platformasının üst modulları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilib. Qurğunun dayaq bloku da BDÖZ-də tikilib, 2006-cı ilin payızında daşıma barjı üzərinə yüklənib və 2007-ci ilin yazında dənizə sola salınıb. İkinci platformanın dayaq bloku həmçinin BDÖZ-də inşa edilib. Dayaq blokları zavodun "BOS-Şelf” tikinti-quraşdırma sahəsində araya-ərsəyə gəlib.

BDÖZ-də əsas işlər AÇG layihəsinin əməliyyatçısı olan BP-nin həmin vaxtdakı podratçılarından biri - "MakDermott” (ABŞ) şirkəti tərəfindən görülürdü. Bu, bütün dünyada platformaların tikintisində və sualtı boruların çəkilişində zəngin təcrübəsi olan şirkətlərdəndir. AÇG-nin əvvəlki platformalarının və dənizdən Səngəçaladək uzanan sualtı neft və qaz kəmərlərinin inşaatçısı da "MakDermott” olub.

Hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının üst modulları isə Bibiheybətdəki ATA ("Azfen-Tekfen-AMEK”) tikinti-quraşdırma sahəsində inşa edilib. ATA Azərbaycan-Türkiyə-Böyük Britaniya alyansıdır və o, bu gün də sözügedən sahədə fəaliyyət göstərir.

Sualtı xətlər bu kompleksi "Azəri” yatağından çəkilmiş 30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri şəbəkəsinə birləşdirir. "Dərinsulu Günəşli”dən əldə olunan hasilat həmin sualtı borularla Səngəçal terminalına nəql edilir.

"Dərinsulu Günəşli”ni digər layihələrdən fərqləndirən onun əlavə bir proqramının olmasıdır. Bu, əvvəlki yataqların işlənməsində rast gəlinməyən sualtı suvurma proqramıdır. Proqramın həyata keçirilməsi yataqdakı quyuların platformadan aralıda yerləşməsi səbəbindən irəli gəlir və onun məqsədi, qısaca desək, hasilatın sabit saxlanılmasına və artırılmasına xidmət edir.

"Dərinsulu Günəşli”nin dənizdəki və qurudakı genişmiqyaslı, çoxşaxəli tikinti-quraşdırma işlərini onlarca podratçı və subpodratçı müəssisə, minlərlə yerli və xarici vətəndaş həyata keçirmişdir.

AÇG-nin digər yataqlarında olduğu kimi, "Dərinsulu Günəşli”də də hasilat sabit və təhlükəsiz şəkildə davam edir. Bu ilin birinci yarısında yataqdan gündə orta hesabla 96 min barel neft alınıb. Hasilata başlandığı dövrdən 2018-ci ilin sonunadək "Dərinsulu Günəşli” 478,1 milyon barel və ya 64,8 milyon ton neft verib. Yatağın keçənilki hasilatı 38,2 milyon barel (5,2 milyon ton) təşkil edib.

Yeri gəlmişkən AÇG-dəki iştirak paylarını xatırladaq: Layihənin operatoru olan BP (Böyük Britaniya, 30,37 faiz), SOCAR (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 9,57 faiz), "İnpeks” (Yaponiya, 9,31 faiz), "Ekvinor” (Norveç, 7,27 faiz), "EksonMobil” (ABŞ, 6,79 faiz), TPAO (Türkiyə, 5,73 faiz), "İtoçu” (Yaponiya, 3,65 faiz), ONGC Videş Limited (Hindistan, 2,31 faiz).

AÇG-nin, o cümlədən "Dərinsulu Günəşli”nin salnaməsi yeni hadisələr, yeni uğurlarla zənginləşir. Bu il mayın 29-da XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni bu o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video