03 Sentyabr 2019 00:31
1998
SİYASƏT
A- A+

Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir


Böyük tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin bütün gedişləri və tarixi məqamları mənsub olduğu xalqın və ölkənin, hətta geniş mənada beynəlxalq münasibətlərin dəyişməsi və inkişaf etdirilməsi, yenidən qurulması ilə üzvi surətdə bağlı olur. Dünya şöhrəti qazanmış, keçmiş SSRİ miqyasında və Azərbaycan Respublikasındakı çoxcəhətli rəhbərlik fəaliyyəti ilə əsl dövlət xadimi kimi qəbul olunmuş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, XX əsrin doxsanıncı illərinin başlanğıcında Heydər Əliyev kimi zəngin təcrübə və yüksək səriştə sahibi olan görkəmli dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı Azərbaycan xalqının taleyi ilə bağlı olan tarixi hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Hadisəyə keçən əsrin səksəninci illərinin sonu və doxsanıncı illərin başlanğıcı dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün tanınmış, təcrübəli və səriştəli Siyasi Liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq nəzərə çarpar.

Keçən əsrin səksəninci illərinin ortalarından sonuna qədərki dövrün bir-birini tez-tez əvəz edən kommunist rəhbərləri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətindən sonrakı dövrün boşluğunu doldurmaq gücündə ola bilməmişdilər. Doxsanıncı illərin əvvəllərində zamanın dalğasında yeni simalar kimi görünən AXC-Müsavat iqtidarının nümayəndələrinin isə nə siyasi təcrübəsi və səriştəsi, nə də normal idarəçilik qabiliyyətləri var idi. Sözün böyük mənasında Azərbaycan ölkəsinin geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan güclü dövlət xadiminə ciddi ehtiyacı var idi. Nə kommunist rəhbərlərin arasında, nə də cəbhəçi bəylərin sıralarında mövcud tarixi şəraitdə ölkəyə rəhbərlik edə biləcək, Sovet İttifaqının dağılması ilə əlaqədar xalqı düşdüyü ağır vəziyyətdən çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli siyasi fiqur görünürdü.

Vəziyyət isə çox mürəkkəb idi. Sovet dövlətinin dağılması nəticəsində digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən isə daha çox Azərbaycan Respublikası çoxcəhətli böhranın dərinləşməsi dövrünü yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə böyük ümidsizlik yaranmışdı. Ara-sıra Azərbaycanın parçalanacağı, regionların müxtəlif ölkələr arasında bölüşdürüləcəyi barədə mülahizələr səslənməkdə idi. Üstəlik də blokada şəraiti ölkənin regionunda vəziyyəti daha da çətinləşdirmişdi. Bütün bunlar az imiş ki, keçən əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycan iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin demək olar ki, mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəsləyirdi. Onlardan bəziləri Naxçıvanı "acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə davam edirdi.

Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, ərazi bütövlüyünü qorumaq üçün əsl mərdliklə lazımi fədakarlıqları, dirənişi nümayiş etdirirdi. Hətta xalq kütlələrinin tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 19 yanvar 1990-cı il tarixdə "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələ müzakirə edərək muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə dair radikal addım atmalı olmuşdu. Bu, Sovet İttifaqının monolitliyi, dağılmazlığı haqqında mifi sındıran ilk böyük hadisə kimi beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdu. Bundan əvvəl 30-31 dekabr 1989-cu ildə isə muxtar respublikanın əhalisi Ordubaddan Sədərək kəndinədək olan 150 kilometrdən çox ərazidə Sovet-İran sərhəddindəki dirəkləri sökmək və tikanlı məftilləri dağıtmaqla Sovet İttifaqı adlanan dövlətə gözlənilməz ağır zərbə vurmuşdu.

Bunların əvəzində həm mərkəzi hökumət, həm də mərkəzin diktəsi ilə Azərbaycanın yerli hakimiyyət orqanları Naxçıvan camaatına və muxtar respublikanın hakimiyyət orqanlarına sərt təzyiqlər göstərirdi. Kreml rəhbərliyi Ermənistan ordusuna dəstək verməklə Naxçıvana qarşı həmlələri genişləndirirdi. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş, təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, taleyin hökmü ilə 22 iyul 1990-cı ildə Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə və M.F.Axundov adına Naxçıvan şəhər seçki dairəsindən Muxtar Respublikanın Ali Məclisinə deputat seçilməsi geniş mənada xalq arasında ölkənin gələcəyinə ümid qığılcımları yaratmışdı. Doğrudur, Heydər Əliyev Bakıda rəsmi dairələr tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilmiş və o, dar məqamda Naxçıvandakı ata-baba ocağına üz tutmağa məcbur olmuşdu. Azərbaycanın hər tərəfindən Heydər Əliyevin Naxçıvan şəhərindəki ortabab səviyyəyə malik, təmirsiz ata ocağına ölkə vətəndaşlarının axını, bu böyük tarixi şəxsiyyətlə olan qeyri-adi, isti, doğma münasibəti ifadə edən görüşlər, ünvanına ölkənin müxtəlif regionlarından göndərilən ümid dolu məktublar və teleqramlar Ulu Öndərə bəslənilən ümumxalq sevgisini və inamını qabarıq şəkildə ifadə edirdi.

Bu mənada Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Artıq xalqımız əmin idi ki, ən azı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da ümid yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclaslarında ölkənin müxtəlif bölgələrindən gəlmiş rəsmi qurumların nümayəndələrinin, haqları tapdanmış sadə, zəhmətkeş insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri barəsində dəqiq məlumatlar verərək, çıxış yolları barədə məsləhətlər almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan xalqının ümid qapısına çevirmişdi. Bütövlükdə isə görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Heydər Əliyevin iş otağında yanan sadə çıraqdan bütün Azərbaycana işıq düşürdü.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali dövlət orqanının sədri vəzifəsinə seçilmişdi. Fövqəladə sessiyanın çağrılması zərurəti haradan, nədən doğmuşdu? Əvvəla, 1991-ci ilin avqust ayında SSRİ hökumətində Mixail Qorbaçov iqtidarına qarşı dövlət çevrilişi cəhdi baş vermişdi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi Sovetlər İttifaqında özünü müvəqqəti, yaxud keçid hökuməti kimi elan etmiş qısamüddətli Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin fəaliyyətinə müsbət münasibət ifadə etdikdən az sonra həmin qurumun dağılması ilə mürəkkəb vəziyyətə düşmüşdü. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda hələ də bu partiyanı saxlamaq üçün edilən cəhdlər, atılan addımlar ölkə miqyasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında birmənalı qarşılanmırdı. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hələ 1991-ci ilin 14 yanvarında keçirilən sessiyasında Azərbaycan rəhbərliyinin iradəsindən kənarda və ondan asılı olmayaraq Mixail Qorbaçov tərəfindən elan olunmuş yeni İttifaq müqaviləsinin qəbul edilməsinin yolverilməzliyi haqqında qərar qəbul etmişdi.

Bundan başqa, xalq deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Ali Məclisin 26 avqust 1991-ci il tarixli sessiyasında Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri də müzakirəyə çıxarılaraq müsbət rəy qazanmışdı. Faktiki olaraq 1991-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyəti yox idi. Bir qədər əvvəl Naxçıvan MR Ali Məclisinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək bundan sonra Naxçıvan Muxtar Respublikası adlandırılmasını qərarlaşdırmışdı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini Sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi və əslində, tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi.

Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisin binası üzərində dalğalanmağa başlamışdı. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilə bilmişdi. SSRİ adlanan dövlətin bütün müttəfiq qurumlarında demokratik islahatlar adı altında dağılma prosesi getsə də, o dövrə qədər Sovetlər İttifaqının heç bir respublikasında Naxçıvanda atılan addımlara yaxın bir hadisə baş verməmişdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1991-ci il tarixli sessiyası Sovet dövlətinin dağılmasının birinci paroludur!

Bu, otuz beş il dövlət hakimiyyətində olmuş böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı böyük tarixi xidmətidir!

Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan milli dövlətçiliyinin əfsanəsidir. Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1991-ci il tarixli sessiyasına sədrlik etmək - Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizəyə rəhbərlik etmək demək idi!

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın milli istiqlalının rəhbəri missiyasını şərəflə həyata keçirmiş tarixi şəxsiyyətdir!

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının gündəliyinə geniş mənada həmin tarixi mərhələnin aktual məsələləri, xüsusən də ölkə miqyaslı, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri məsələlər daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Çünki həmin dövrdəki şəraitdə antidemokratik şəkildə alternativsiz əsasda Prezident seçkilərinin keçirilməsi mərkəzin diktəsi ilə ölkədə gedən demokratik proseslərin ləngidilməsinə, müstəqillik uğrunda azadlıq mübarizəsinin boğulmasına hesablanmış tədbir idi. Bu, doğrudan da münasibət tələb edən məsələ idi.

Eyni zamanda gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası Təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Hətta gündəlikdə öz əksini tapmış vilayət partiya təşkilatının əmlakının inventarizasiyasının aparılması üçün komissiyanın yaradılması məsələsinin həllini arzu etməyən bəzi qüvvələr də var idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarət və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.

Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Muxtar Respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını dəfələrlə bildirmişdi.

Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdir. HeydərƏliyevşünaslıqda bu məsələ barədə dəfələrlə yazılmasına baxmayaraq, görkəmli dövlət xadiminin həmin iclasda namizədliyinin səsə qoyulmaması üçün etdiyi çıxışların mətni mətbuatda öz əksini tapmamışdır. "Şərq qapısı” qəzetinin 4 sentyabr 1991-ci il tarixli sayında getmiş Naxçıvan MR Ali Məclisinin sessiyası barədə rəsmi məlumatdakı Heydər Əliyevin dörd dəfə çıxış etməsinə dair iki cümlədən ibarət informasiya sonrakı dövrün elmi-publisist materiallarında olduğu kimi təkrar edilmişdir.

Yalnız aradan on səkkiz il keçəndən sonra, 2009-cu ildə təcrübəli jurnalist Mirşahinin ssenarisi və təşkilatçılığı ilə çəkilmiş "Görünməmiş Əliyev” adlı sənədli filmdə Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə aid bir sıra naməlum materialları, o cümlədən Ulu Öndərin 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin sessiyasındakı çıxışlarının videolenti ictimaiyyətə təqdim edilmişdir. İlk dəfə səsləndirilən tarixi əhəmiyyətə malik həmin çıxışlar Heydər Əliyev dühasını daha dərindən anlamaq, bu görkəmli şəxsiyyətin böyüklüyünün miqyasını bütün aydınlığı ilə dərk etmək üçün mühüm siyasi əhəmiyyətə malikdir. Vaxtilə Naxçıvanda fotoqraf kimi fəaliyyət göstərmiş və dövrün ictimai-siyasi proseslərində iştirak etmiş Oqtay Daşoğuzun şəxsi videokamerası ilə lentə alınmış həmin məqamlar nadir tarixi materialdır. Bu qiymətli videolent Heydər Əliyevin tərcümeyi-halını və siyasi baxışlarının bir çox məqamlarını yenidən öyrənib dəyərləndirməyə imkan verir.

Əvvəla, həmin nadir videolent bir daha təsdiq edir ki, Heydər Əliyev Kremlin təzyiqləri və təqiblərindən qurtararaq Azərbaycana gələrkən həqiqətən də hakimiyyətə qayıtmaq məqsədində olmamışdır. Ümummilli Lider Heydər Əliyev çoxsaylı çıxışlarında bu barədə dönə-dönə rəsmi açıqlamalar versə də mövcud iqtidarlar buna inamsız yanaşma nümayiş etdirmişlər. Buna görə də Heydər Əliyev Moskvada olduğu kimi, bir müddət öz ölkəsində də müəyyən dairələrin təzyiqləri və təqibləri ilə üzləşməli olmuşdu. 3 sentyabr 1991-ci il tarixli çıxışı göstərdi ki, o zaman Heydər Əliyevin hakimiyyətə gəlmək üçün Azərbaycana qayıtdığını düşünən qüvvələr nə qədər böyük səhv edirmişlər.

Vaxtilə Heydər Əliyev bu məsələyə aydınlıq gətirmək üçün çıxışlarından birində demişdi: "Mən hələ keçən il (yəni - 1990-cı ildə - İ.H.) Moskvadan Azərbaycana gələrkən jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərkən və nəhayət, son sessiyada bildirmişdim ki, Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən xalqımın hər bir tapşırığını yerinə yetirməyə hazıram”.

Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 2011-ci il tarixli sessiyasındakı qısa, lakin tarixi çıxışları Heydər Əliyevin həyatının yenidən siyasi hakimiyyətə qayıtmaqla bağlı məqamlarını açıq-aydın şəkildə nəzərə çarpdırır. İndiyədək heç bir mənbədə çap olunmadığını nəzərə alaraq, həm də məsələyə tam aydınlıq gətirmək məqsədilə bu çıxışların mətnini olduğu kimi oxuculara və geniş elmi ictimaiyyətin diqqətinə təqdim etməyi əhəmiyyətli hesab edirəm.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasında Ali Məclisin Sədri vəzifəsinə namizədliyi irəli sürüldükdə etdiyi çıxışlar:

Birinci çıxış: "Heç bir hakimiyyətə mən gəlmək istəmirəm. Blok təklif eliyib ki, Qafar Məmmədov seçilsin. Mən də təklif edirəm ki, o seçilsin”.

İkinci çıxış: "Mən öz prinsiplərimə sadiq qalıram. Mən heç bir vəzifə daşımaq istəmirəm. Ona görə xahiş edirəm, mənim namizədliyimi müzakirəyə qoymayasınız. Demokratik blokdan hazırlanmış namizəd vardır. Qafar müəllim... Mən o namizədi, Qafar müəllimin namizədliyini müdafiə edirəm”.

Üçüncü çıxış: "Hörmətli millət vəkilləri!

Mən ikinci dəfə (halbuki bu üçüncü çıxışdır - İ.H.) çıxış edirəm. Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Və bilin ki, bu, mənim tərəfimdən tamamilə qətiyyətlə deyilən sözdür. Mən necə bir azərbaycanlı kimi, necə bir Naxçıvan əhli kimi çiynimə avtomat salıb, bax, bu dağlarda gedib, Naxçıvan torpağını qorumağa hazıram. Naxçıvan Ali Məclisinin hər bir tapşırığını yerinə yetirməyə hazıram. Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda, Naxçıvanın gələcək inkişafı yolunda canımı qurban verməyə hazıram. Ancaq mən vəzifə tutmaq istəmirəm. Xahiş edirəm, bunu düzgün başa düşəsiniz. Mənim üzərimə başqa nə vəzifə, tapşırıq verəcəksinizsə, mən hamısına hazıram. Yenə də deyirəm, mən buradan çıxıb, avtomatı çiynimə salıb, gedib dağlarda Naxçıvanı qorumağa hazıram. Buna təcrübəm də var, hələ ki, gücüm də var. Ancaq xahiş edirəm ki, bu sözlərimi səmimi söz kimi qəbul edəsiniz, məni başa düşəsiniz və xahiş edirəm ki, bu məsələni müzakirə etməyəsiniz”.

Nəhayət, Heydər Əliyev dördüncü dəfə rəsmi olaraq kürsüdən bəyan edir: "Mən Sizin hamınıza minnətdaram. Və bir daha xahiş edirəm, fikirləşin, tarixi məsələdir, fikirləşin, fikirləşin, bir də tənəffüs edin, fikirləşin, bir də götür-qoy eləyin. Mən xahiş edirəm, mənim xahişimi siz ödəyəsiniz. Mən xahiş edirəm, mən xahiş edirəm, məni düzgün başa düşün. Mən sizin hamınıza minnətdaram, çox böyük ehtiram göstərirəm. Məni bağışlayın. Ancaq bir də xahiş edirəm...”

İCLAS ZALINDAN SƏS: "Yetmiş nəfər deputata qarşı çıxış edirsiniz”.

Hazırda bəzi iştirakçıların həyatda yaşadığı, bəzilərinin isə vəzifədə olduğu həmin deputatların iştirakı ilə baş vermiş bu tarixi hadisə bir daha göstərir ki, Heydər Əliyevin milli dövlətçilik idealları onun üçün hər hansı rəsmi dövlət vəzifəsi tutmaqdan qat-qat üstün olmuşdur.

Beləliklə, xalqın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verməli olmuşdu. Bu, Naxçıvan Muxtar Respublika Ali Məclisinin bütün tarixi ərzində keçirilmiş ən uzunmüddətli sessiya idi. Belə ki, Naxçıvan şəhərində 3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 4 sentyabr, 5-6 və 7 sentyabrda 5 gün ərzində davam etdirilmiş, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan MR Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda 3 sentyabr 1991-ci il sessiyası "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edərək, Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumun fəaliyyəti dayandırılsın. Bundan başqa, sessiyada Naxçıvan MR-də partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün deputat komissiyasının yaradılmasına da qərar verilmişdir.

Bunlar Azərbaycanda tarixi gedişatın axarının, istiqamətinin dəyişdirilməsinə, müstəqil dövlətçilik uğrunda mübarizəyə böyük təkan verən tarixi qərarlardır. Bu qərarların mətninin sonunda görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin imzasının olması sadəcə həmin tarixi günün faktı olaraq qalmır. Bu - xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Bu - Azərbaycanda tarixi gedişatın əsaslı dönüş məqamı idi.

Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməmişdən 46 gün əvvəl, yəni 19 iyul 1991-ci ildə rəsmi müraciəti əsasında Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmış Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq bitərəf, partiyasız, müstəqil deputat kimi ali hakimiyyət orqanının rəhbəri vəzifəsinə seçilmişdi. Və yenə də görkəmli dövlət xadimi Heydər Əliyevin Sədri olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin timsalında Azərbaycanın o vaxta qədərki tarixində birinci dəfə idi ki, üzərində Kommunist Partiyasının nəzarəti olmayan ali dövlət qurumu fəaliyyətə başlamışdı. Siyasi gedişatın dönüşünü şərtləndirən bu tarixi məqamlar ölkəmizi müstəqil dövlətçiliyə aparan çətin və keşməkeşli yollara işıq salan, ümummilli prosesin hərəkətverici qüvvəsinə çevrilən hadisələrdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü hərbi-siyasi tədbirlər sayəsində Sovet ordusu hissələri dinc yolla muxtar respublikanın ərazisindən çıxarıldı. Ölkənin bu regionunun xarici ölkələrlə olan sərhədlərini Naxçıvanda yaradılmış milli ordunun əsgərləri qorumaq şərəfi qazandılar. Həmin dövrdə Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı müdafiə tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikası kənardan böyük dəstək alan Ermənistanın işğalından xilas edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət səviyyəsində qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli dərin məzmunlu qərara da Heydər Əliyev imza atmışdır. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına tarixi səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynamışdır. Azərbaycanda ilk dəfə olaraq sosialist təsərrüfat sistemi ləğv edilmiş, torpaq islahatları və özəlləşdirmə tədbirləri həyata keçirilmişdir. Azərbaycanla Türkiyə Cümhuriyyətini əlaqələndirən Naxçıvan Muxtar Respublikası ərazisindəki Sədərək-Dilucu - "Ümid körpüsü”nün 28 may 1992-ci ildə istifadəyə verilməsi ilə ölkələr arasında çoxcəhətli əlaqələrin yeni mərhələsi başlanmışdır.

Ulu Öndər Heydər Əliyev Naxçıvanda ikən 21 noyabr 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin sonrakı inkişafında mühüm rol oynamışdır. Çətin blokada şəraiti olmasına baxmayaraq 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin muxtar respublika səviyyəsində keçirilməsi, Ali Məclisin Sədri kimi Heydər Əliyevin yubiley mərasimində iştirakı və dərin məzmunlu nitq söyləməsi Ulu Öndərin həyatının bütün məqamlarında ziyalı faktoruna xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda dövlət müstəqilliyinin böyük məktəbinə çevrilmişdir.

Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi və ölkə rəhbəri kimi fəaliyyət göstərdiyi tarixi mərhələ (1993-2003) ölkəmizdə dövlət müstəqilliyinin yaradılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi epoxasıdır.

Heydər Əliyev epoxası - Azərbaycanın xilası və inkişafı dövrünün epoxasıdır!

Heydər Əliyev epoxası - Azərbaycanda müstəqil dövlətçiliyin böyük təməllərinin, möhkəm əsaslarının yaradıldığı epoxadır!

Heydər Əliyev yolu - Azərbaycanı böyük gələcəyə aparan möhtəşəm magistraldır!

Bu, Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa doğru dönməz şəkildə istiqamət alan müqəddəs və əbədi yolun möhkəm bünövrəsidir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə Heydər Əliyev milli dövlətçilik təlimini yaradıcı şəkildə inkişaf etdirməklə xalqımızın və dövlətimizin tarixində yeni bir epoxa yaratmağa nail olmuşdur. Möhkəm dövlətçilik, üstəgəl genişmiqyaslı quruculuq, müasirləşdirmə və modernləşdirmə, üstəgəl tarazlaşdırılmış müstəqil siyasət, analitik təhlil və gələcəyə aydın baxış bərabərdir İlham Əliyev demək mümkündür.

Yenidən qurulmuş və modern inkişaf səviyyəsinə çatdırılmış müasir Azərbaycan tam mənası ilə Prezident İlham Əliyevin möhtəşəm əsəridir!

Böyük siyasətin sayəsində regionların inkişafı proqramının düşünülmüş və məqsədyönlü həlli ilə Azərbaycanda bütün bölgələrin barabər və yüksək inkişafının təmin edilməsi, "nöyütün padşahı” olan paytaxtımız Bakı şəhərinin tamamilə yenidən qurulması, o cümlədən Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunması ölkəmizin dünyanı təəccübləndirən reallıqlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasına olan səfərləri zamanı hər dəfə açılışına start verilən sənaye obyektləri, təhsil, mədəniyyət və səhiyyə müəssisələri, çəkilən yollar, salınan körpülər, parklar qədim diyarın müstəqil dövlətimiz qarşısında böyük hesabatına çevrilir və yeni inkişafa start verir. Ümummilli Liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişafının proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası hazırda Ulu Öndərin adına və arzularına layiq şəkildə, böyük sürətlə, hərtərəfli və məqsədyönlü şəkildə inkişaf edir.

Naxçıvan milli dəyərləri yaşatmaq şərtilə Şərqin qapısından Qərbin modern inkişafının yüksək səviyyəsinə doğru inamla addımlamaqda davam edir. Hazırda Naxçıvan milli tarixi ənənələri yaradıcılıqla inkişaf etdirib möhkəmləndirən və Qərbyönlü inkişafın əsas meyillərini özündə cəmləşdirən günəşli diyardır.

Ümummilli Liderimizin Ali Məclisə rəhbərlik etdiyi dövrdən sonrakı iyirmi altı illik müddət ərzində Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin və şərəfli mübarizə yolu, əldə edilmiş böyük nailiyyətlər müstəqil ölkəmizdə Heydər Əliyev - İlham Əliyev siyasətinin real təntənəsini əks etdirən böyük bir hesabatdır!

Möhtərəm Prezident İlham Əliyevin qayğısı ilə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dövlətçiliyə sədaqətlə xidməti və yorulmaz, çoxcəhətli fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasında qazanılmış müvəffəqiyyətlər, Naxçıvanın rəqabətədavamlı inkişaf göstəricilərinə görə respublikamızın iqtisadi rayonları arasında birincilik səviyyəsinə çatdırılması ölkəmiqyaslı mühüm nəticələrdən biridir. Naxçıvan Muxtar Respublikası ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə özünün sanballı töhfələrini verməklə tarixi yolunu böyük uğurla davam etdirir.

Göründüyü kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin iyirmi altı il bundan qabaq, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan tarixinin mühüm və əlamətdar hadisəsidir. Məhz bu böyük siyasi hadisə ilə ölkəmizdə tarixi gedişatın istiqaməti qəti şəkildə müəyyən olunmuş, dövlət müstəqilliyinin möhkəm və əsaslı təməlləri atılmışdır. Möhtərəm Prezident İlham Əliyevin böyük siyasətdə və genişmiqyaslı quruculuq proseslərində atdığı ciddi, əhəmiyyətli və qətiyyətli addımlar müasir şəraitdə daha möhtəşəm nailiyyətlər qazanmağa, əslində, müstəqil dövlətçiliyin inkişafında yeni tarixi mərhələ yaratmağa gəlib çatmağın və böyük gələcəyə doğru inamla getməyin sübutudur.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video