03 Sentyabr 2019 00:28
597
İQTİSADİYYAT
A- A+

1 milyon 350 min insanın sevinci


Prezident İlham Əliyevin ikinci sosial paketi çərçivəsində minimum əməkhaqqı üzrə 950 min, digər sahələr üzrə isə 400 min nəfərin maaşı artdı


"Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin bu fikirləri bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsinə, sosial müdafiənin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılmasına xidmət edir.

Dövlət başçısının ilin əvvəlindən başlayaraq böyük sosial paket çərçivəsində imzaladığı fərman və sərəncamlar da deyilənlərin sübutudur. 2003-cü ildən ötən dövrdə ölkədə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də bunu göstərir.

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Bu ilin ilk aylarında təqdim edilən birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb.

Həmçinin sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, iki yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb.

Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

İkinci sosial paketə əsasən minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəlib. Bunun tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

950 min nəfərin (600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı artıb. Dövlət büdcəsindən maliyyələşən və əməkhaqları vahid taarif cədvəli ilə ödənilən 400 min nəfər işçinin isə vəzifə maaşları yüksəlib.

Bu işçilər sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya-su təsərrüfatında çalışan işçilərdir. Eyni zamanda dövlət təşkilatında çalışan, ancaq əməkhaqları vahid taarif cədvəli üzrə ödənilməyən 150 min nəfərin də maaşı artıb.

Minimium əməkhaqqının artırılması özəl sektorda çalışan və əməkhaqları vahid tarif cədvəli ilə ödənilən 350 min nəfər işçinin də maaşının artması ilə nəticələnib. Həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin də aylıq vəzifə maaşları artırılır ki, bu işçilərin sayı 2500 nəfər təşkil edir. Bu sıraya AMEA-da, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların əməkdaşlarının maaşları daxildir. Bu qurumların əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.

Dövlət büdcəsindən maliyyələşən ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz yüksəlib.

Prezidentin minimum əməkhaqqının artırılması ilə bağlı müvafiq sərəncamına uyğun olaraq bu ayın 1-dən dövlət qulluğunun ümumi növündə çalışan 35 min nəfər dövlət qulluqçusunun aylıq vəzifə maaşı 50 faiz artır. Dövlət qulluğunun xüsusi növündə çalışan xüsusi rütbəli əməkdaşların aylıq pul təminatı, vəzifə maaşlarının 40 faizi həcmində artıb.

Əlavə edək ki, vahid taarif cədvəli üzrə əməkhaqlarının artımı 70-100 manat çərçivəsindədir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Ümumilikdə iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə edəcək və maliyyə tələbi bu il üçün 2,3, gələn il üçün isə 3 milyard manat təşkil edir.

Bununla da vətəndaş rifahına yönələn və inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə ölkədə minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Hələ mart ayında, Novruz bayramı münasibətilə xalqa ünvanladığı müraciətində Prezident İlham Əliyev vurğulamışdı ki, dövlət büdcəsinin gəlirləri artıb. Bu isə həmin vəsaitin sosial layihələrə yönəldilməsinə real imkanlar yaradır.

İlin 6 ayının statistik göstəricisi də deyilən fikirləri bir daha təsdiq edir. İqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatının 13 faiz, ticarət dövriyyəsinin 20 faizdən çox artması, iqtisadiyyata 6 milyard dollardan çox sərmayənin yatırılması, valyuta ehtiyatlarının rekord həddə - 49 milyard dollara yüksəlməsi bunu şərtləndirən əsas amillərdir.

Bununla yanaşı, həm vergi, həm də gömrük xidmətindən illik büdcə daxilolmaları da artıb. Altı ayda Vergilər Nazirliyi tərəfindən daxilolma 4 milyard 954 milyon manat təşkil edib. Avqustun 29-da Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin növbəti iclasında isə qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürülüb.

Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin iqtisadi islahatlarının təzahürüdür. Məhz bu islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım yaranıb, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlət başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznesin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

Bu göstəricilər onu deməyə əsas verir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Ancaq Prezident İlham Əliyev hesab edir ki, bu uğurlara baxmayaraq, iqtisadiyyatın dayanıqlığı, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır və artan büdcə vəsaitindən çox qənaətlə istifadə edilməlidir: "Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır”.

Həqiqətən də böyük sosial paket çərçivəsində imzalanan sənədlər, müxtəlif sahələr üzrə həyata keçirilən yeniliklər ölkə vətəndaşlarını gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir. Ölkə iqtisadiyyatının inkişaf tempini əks etdirən rəqəmlər, statistik göstəricilər isə onu deməyə əsas verir ki, 2019-cu ilin qalan dövrü ərzində də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video