31 Avqust 2019 01:34
1012
SİYASƏT
A- A+

Beynəlxalq forumlara evsahibliyi etmək ölkəmizin nüfuzunu artırır


Bu forumlarda dünyanı narahat edən problemlərin həlli yolları müzakirə olunur


Çoxmədəniyyətli cəmiyyətin nümunəsi sayılan Azərbaycan eyni zamanda müstəqil dövlət olaraq hazırda səmərəli təşəbbüslərlə yerləşdiyi regionda və dünyada gedən proseslərə özünün müsbət təsirini göstərməkdədir. Heç də təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslər daim yeni imkanlar yaradır.

Bu gün dünyada gedən proseslər, əksər hallarda narahatedici situasiyalar tələb edir ki, humanitar sahəyə daha böyük diqqət ayrılsın. Dünyanın əksər ölkələrini eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan aktuallığı ilə seçilir və bəşəri əhəmiyyət daşıyır. Paytaxt Bakının belə beynəlxalq tədbirlərə evsahibliyi isə, təbii ki, təsadüfi deyil. Onların sırasına daxil olan beynəlxalq humanitar forumların altıncısı Azərbaycan paytaxtında keçirilib.

"Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir”. Bu fikirlər "XXI əsr: ümid və çağırışlar” adlı I Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirilib.

Dünyanın nəzər-diqqəti Azərbaycana bu gün də yönəlməkdədir. Əlbəttə, bu, ölkəmizin hərtərəfli inkişafının təsdiqi ilə yanaşı, illərlə öz həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında nizamlanması baxımından təbliğatın müəyyən forması kimi də vacib məsələlərdəndir.

"Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bizim üçün önəmlidir. Biz birinci paneldə daha konstruktiv dünyanın qurulması üçün nələr etmək lazım olduğunu müzakirə edəcəyik. Əks halda dünyamızı müharibələr bürüyəcək”. Bunu Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq ekspert qrupunun rəhbəri, Böyük Britaniya Koventri Universitetinin professoru Maykl Hardi demişdir: "Eyni zamanda panellərdə miqrasiya məsələləri də müzakirə ediləcək. Çünki miqrasiya məsələləri gündəmdədir. Biz bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışacağıq. Ona görə də Bakı forumu bizim üçün önəmlidir”.

Xatırladaq ki, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkənin və 30-dan artıq beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak etdi. Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO idi.

VI Bakı Beynəlxalq Forumu da özündən əvvəlkilər kimi, ümumbəşəri narahatlığın müzakirə və diskussiya şəklində həlli yollarına həsr edildi. "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır: "Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır”.

Forum çərçivəsində "Bakı Prosesi” - İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilən III plenar sessiyada qeyd edildi ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu region ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Ötən müddət ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. BMT, UNESKO, Dünya Turizm Təşkilatı və digər beynəlxalq təşkilatlar bu gün də "Bakı Prosesi”nə, onun səmərəliliyinin artırılmasına dəstək verirlər. Qarşıdakı illərdə isə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə şübhə yoxdur.

İki gün davam edən Forumda iştirakçı dövlətlərin sayının xeyli artması da onun əhəmiyyətini təsdiqləyirdi. 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndənin iştirak etdiyi VI Bakı Beynəlxalq Humanitar Forumunda çox ciddi məsələlər müzakirə edildi.

2008-ci ildən etibarən başlanan "Bakı Prosesi” çərçivəsində Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüb. Ona görə Bakı Beynəlxalq Humanitar forumlarına marağın miqyası ildən-ilə artır. Çünki onlarda müxtəlif mövzularda müzakirələr aparılıb. Həmçinin ayrı-ayrı sahələr üzrə, o cümlədən təhsil, mədəniyyət nazirlərinin görüşləri təşkil edilib. Bu görüşlərdə mədəniyyətlərarası dialoqla bağlı hökumətlərin gördüyü işlər müzakirə edilib. Həmçinin turizm sənayesi də bu proqramlara qoşularaq mədəni mübadilələrdə fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri, böyük şirkətlərin nümayəndələri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib.

Mədəniyyətlərarası dialoqla bağlı mühüm təşəbbüslərdən biri də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Belə ki, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı keçirilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.

Ümumilikdə iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forum gələcək dünyanı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb, bəşəriyyəti narahat edən digər aktual məsələlərin həlli yollarını araşdırıb.

UNESKO-nun sabiq baş direktoru İrina Bokova "Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq deyib ki, bu istiqamətdə birgə aparılan işlərin davamlı olması vacibdir: "Biz xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini birgə müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həlli yollarının tapılmasına mühüm töhfələr verir. Biz yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə apara bilərik”.

Belə beynəlxalq tədbirlər sırasına Bakıda keçirilən sivilizasiyalararası dialoq forumları da əlavə edilməlidir. Respublikamızın təşəbbüsü ilə bir neçə il öncə dünya dini liderlərinin zirvə toplantısı da paytaxt Bakıda keçirildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Bakı Beynəlxalq Humanitar forumların mahiyyəti bu mənada genişdir və tarixi əhəmiyyət daşıyır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video