31 Avqust 2019 01:28
1645
Mədəniyyət
A- A+

Rəssamlıqda İlya Repin zirvəsi


Psixoloji məqamları ilə izləyicilərə güclü təsir göstərən əsərlərinə görə onun tərifini göylərə qaldıranlar da vardı, kəskin şəkildə tənqid edənlər də. Amma hər kəs istər-istəməz bunu etiraf edirdi: İlya Repin qeyri-adi istedada malik rəssamdır. Hələ yaşadığı dövrdə ondan nümunə götürənlər çox idi. İlya Repin isə sənətin şöhrətlə qovuşduğu yolda öz ömrünü yaşayırdı...


İlk heyranlıq...


O, Xarkov yaxınlığında yerləşən Çuquyev şəhərciyində 1844-cü il avqustun 5-də dünyaya gəldi. Atası hərbçi, anası müəlliməydi.

Uşaq ikən qohumlarından birinin hədiyyə gətirdiyi sulu boya onu məftun etdi. Balaca İlya rəsmlər çəkməyə elə aludə olurdu ki, dünyanı unudurdu. Onu heyran edən sənətin adını sonralar öyrəndi. Bu, rəssamlıq idi...

On bir yaşında valideynləri onu hərbi topoqrafiya məktəbinə göndərdilər. Ancaq iki il oxuduğu şöbə bağlandı. Repin ikona ustası, rəssam İ.M.Bunakovun emalatxanasında şagird kimi çalışdı. Sonralar böyük şöhrət qazanacağı portret rəssamlığını öyrənməyə də o zaman başladı. Tezliklə İ.M.Bunakovun istedadlı tələbəsi barədə xəbərlər Çuquyevdən uzaqlara yayıldı.

On altı yaşında həm emalatxananı, həm də ata evini tərk etdi. Bir müddət ikonalar çəkməklə və qədim ikonaların bərpası ilə məşğul oldu. Çəkdiyi ikonaları yerli kilsələrə satmaqla dolandı.

Sankt-Peterburqa 1863-cü ildə getdi. Rəssamlıq Akademiyasında oxumaq arzusu asanlıqla həyata keçmədi. Klassik rəssamlığı bilməyən on doqquz yaşlı gənci akademiyaya qəbul etmədilər. Bu uğursuzluq İlya Repini çox məyus etsə də, ruhdan sala bilmədi. Böyük həvəslə rəsmlər çəkdi, təhsil almaq üçün yollar axtardı. İ.N.Kramskinin dərs dediyi rəssamlıq məktəbinə daxil oldu. Diqqətini çəkdiyi müəllimi ilə dostlaşdı. Bu dostluq Repinin həyatında mühüm rol oynadı.


Bir-birini izləyən uğurlar


Nəhayət, arzusuna çatdı. Rəssamlıq Akademiyasında təhsil almağa başladı. Birinci kursun sonunda "Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” əsərinə görə əla qiymət aldı.

1870-ci ilin mayında Volqaya yollandı. Bu səfər gənc rəssama gələcək əsərləri üçün mövzular verdi. Məşhur "Volqa yedəkçiləri” rəsminin ideyası da orada yarandı. Diplom işi ilə bərabər bu əsər üzərində də çalışdı. "İairin qızının vəfatı” adlı diplom işi ona qızıl medal və 6 illik ölkə xaricinə səfər etmək hüququ qazandırdı.

O vaxtlar Repinin şöhrəti artıq Rusiyanın paytaxtını aşmışdı. 1873-cü ildə tamamladığı "Volqa yedəkçiləri” əsəri Vyanada beynəlxalq sərgidə nümayiş olunduqdan sonra isə gənc rəssamı Avropada tanıdılar.

Qazandığı təqaüdlə 1873-1876-cı illərdə İtaliyanı dolaşdı. Bir müddət Parisdə yaşadı. Orada İlya Repin ən bahalı rəsmini - "Paris kafesi” (1874-1875) və məşhur "Sadko” (1876) əsərlərini çəkdi.

Avropa incəsənəti ilə yaxından tanış olmuş rəssam 1876-cı ildə, təqaüdünün müddətinin bitməsinə iki il qalmış Rusiyaya qayıtdı. 1870-1880-ci illər Repin yaradıcılığının ən məhsuldar dövrü oldu. O, "Qorxaq kəndli” (1877), "Bədnəzər kəndli” (1877), "Tövbədən imtina” (1879-1885), "Bir təbliğatçının həbs olunması” (1880-1892), "Onu gözləmirdilər” (1884-1888) kimi əsərlərində rus həyatının sosial ziddiyyətlərini və ictimai münasibətləri əks etdirdi.

İlya Repin tarixi mövzulara böyük maraq göstərirdi. "Şahzadə Sofiya” , "İvan Qroznı və oğlu İvan”, "Zaporojyelilər Türkiyə sultanına məktub yazarkən” , "Kursk quberniyasında xaç gəzdirilməsi” və başqa tabloları tarixi hadisələrin əks etdirilməsi baxımından da əhəmiyyətlidir.


İlya Repinin qadağan olunmuş əsəri


XIX əsrin ikinci yarısında mütərəqqi rus rəssamlığı ən yüksək inkişaf mərhələsinə çatdı. Belə bir vaxtda İlya Repinin yaradıcılığı rus demokratik-realist incəsənətinin zirvələrindən biri sayılırdı.

Ən məşhur əsəri olan "İvan Qroznı və oğlu İvan” rəsmi üzərində dörd il işlədi. Rəssam "Uzaq-yaxın” adlı avtobioqrafik povestində yazırdı ki, bu şəkil barədə düşüncələri Nikolay Rimski-Korsakovun konsertindən qayıdarkən yarandı. Çox tələbkar olan rəssam "İvan Qroznı və oğlu İvan” əsərini özünə rəhm etmədən yaratdı. Sonralar bu barədə yazırdı: "Tabloda şəkli birnəfəsə çəkirdim. Əziyyət çəkir və həyəcan keçirirdim, artıq çəkdiyimi təkrar-təkrar düzəldirdim. Xəstəcəsinə peşimançılıq hissi ilə çəkdiklərimi gizlədir, daha sonra isə şüurumun daxilindən yeni fantaziyanı çıxararaq kətanın üzərinə yenidən hücum edirdim”.

Fevralın 10-da Sankt-Peterburqda, knyaz Yusupovların evində açılan möhtəşəm sərgidə tablo təqdim olundu. "İvan Qroznı və oğlu İvan” əsərinin ilk nümayişi haqqında təəssüratlar müxtəlif oldu. Tablonu həddindən artıq bəyənənlər və amansızlıqla tənqid atəşinə tutanlar da var idi. Rus Pravoslav Kilsəsi Müqəddəs Sinodunun başçısı Konstantin Pobedonostsev isə əsərə baxanda möhkəm əsəbiləşdi. O, narazılığını imperatora bildirdi. Beləliklə, şəklin sərgilərdə nümayişi qadağan edildi. Bu tablo rus imperiyasında senzuraya məruz qalan ilk rəsm əsəri oldu. Sarayda çalışan sənətkar Aleksey Boqolyubovun xahişi ilə qadağa 1885-ci il iyunun 11-də aradan qaldırıldı. Sonrakı illərdə İlya Repin rus incəsənətinin dahisi, bu tablo isə onun ən mühüm əsərlərindən biri sayıldı.

"İvan Qroznı və oğlu İvan” ilk dəfə sərgidə nümayiş olunanda əsərə iyirmi səkkiz yaşlı ikonayazar Abram Balaşov hücum etdi. "Novoye vremya” qəzeti 17 yanvar 1913-cü il tarixli sayında yazırdı: "Bir neçə zalı keçdikdən sonra, o, Boyarınya Morozova əsərinin qarşısında duraraq, ona nəsə pıçıldayırdı, Repin İvan Qroznının şəklinin yerləşdiyi zala daxil olanda isə, o, birdən şiddətli çığırtı ilə onun yanına qaçdı, rəsm əsərini hasarlayan səddi və qaytanı aşaraq "Qanın axıdılmasına son!” sözləri ilə şəkli iti bıçaqla üç dəfə kəsdi”.

Balaşovun psixoloji cəhətdən problemli insan olduğu barədə mütəxəssislər rəy verdilər. Onu ruhi xəstələr üçün dispanserə yerləşdirdilər.

İvan Qroznı və oğlunun üzləri tabloda bir-birinə çox yaxın yerləşdiyindən hər ikisi ciddi zədələnmişdi. Qalereyaya gələn qəyyum İ.S.Ostrouxov əsərin restavrasiyasının mümkünlüyünə əmin oldu. Təcili İlya Repinə teleqraf göndərdi. Yanvarın 17-də rəssam Kuokkaladan Moskvaya, Tretyakov qalereyasına gəldi, çarın və şahzadənin başlarını yenidən çəkdi. Bir neçə saatdan sonra emalatxanaya gələn rəssam, sənətşünas İqor Qrabar kətan üzərindəki təzə rəngləri və dəyişiklikləri görəndə əsəbiləşdi. Repin o vaxt artıq Moskvanı tərk etmişdi. Qrabar yeni rəngləri sildi, akvarellə əvvəlcə itirilmiş yerləri yenidən doldurdu və lak boyaları ilə tamamladı. Bir neçə ay sonra rəssam Tretyakov qalereyasına gələndə əsərin qarşısında xeyli dayandı, ancaq heç bir dəyişikliyi sezmədi.

Xoş xasiyyətli, mülayim insan olan İlya Repinin dostları çox idi. Onların arasında rəssamlarla yanaşı, yazıçılar, şairlər də vardı. Repinin Kuokkala qəsəbəsindəki evinə hər çərşənbə günü yaradıcı dostları - L.Tolstoy, L.Andreyev, M.Qorki, V.Korolenko və başqaları yığışırdılar. O evdə yeni əsərlərdən parçalar oxunurdu, F.Şalyapin mahnılar ifa edirdi.

Şöhrətli rəssam xalqın içindən çıxdığından əsərlərində də xalqa geniş yer verir, tez-tez kəndlilərin rəsmlərini çəkirdi. Rəssam rus ziyalı və aristokratlarının, həmçinin II Nikolayın rəsmlərinin də müəllifidir.


Özünə rəhm etməyən sənətkar


Repin olduqca çalışqan idi. O, mücadilələrlə dolu sənət yolunda ən ağır imtahanla üzləşdi. Tibb elmi məşhur rəssamın qolunun qurumasının dəqiq səbəbini tapa bilmədi. Həkimlər bunu yalnız rəssamın gərgin iş qrafiki ilə əlaqələndirirdilər. Mistiklər isə rəssamın əlinin 1885-ci ildə "İvan Qroznı və onun oğlu İvan”ı çəkdikdən sonra quruduğunu əsas gətirərək bunu həmin əsərin lənətlənməsi ilə əlaqələndirirdilər. Deyirdilər ki, İlya Repin mövcud olmayan tarixi hadisələri əsərdə canlandırdığı üçün lənətlənib.

Rəssam sol əli ilə rəsmlər çəkməyi öyrəndi. Bundan sonra əsərlərinin böyük hissəsini sol əli ilə yaratdı. Onunla bağlı çox qəribə söz-söhbətlər isə yalnız bundan ibarət deyildi. İlya Repinin bütün qəhrəmanları rəsm başa çatandan sonra vəfat edirdilər. Çoxu da öz əcəli ilə ölmürdü. Bəstəkar M.P.Musorqskinin şəkli hazır olanda yoluxucu xəstəlikdən dünyasını dəyişdi. Portretini çəkdiyi rəssam A.Pismenski də öldü. Repin şair F.İ.Turqenevin portretini çəkməyə hazırlaşanda o da dünyadan köçdü. Bir gün yumoristlərdən biri rəssama yalvardı: "İlya Efimoviç, bizə rəhminiz gəlsin. Stolıpinin də şəklini çəkin”. İlya Repin Saratov dumasının sifarişi ilə baş nazir P.A.Stolıpinin şəklini çəkdi. Şəkil hazır olan kimi Stolıpin Kiyevə yollandı. Orada qətlə yetirildi.

Hesab edirdilər ki, İlya Repinin rəsmləri ölkədəki siyasi hadisələrə də öz təsirini göstərir. Rəssam II Aleksandrın sui-qəsd nəticəsində öldürülməsindən bir qədər əvvəl, 1881-ci ildə Rusiyadakı inqilabi əhvali-ruhiyyə ilə bağlı "Etirafın rədd olunması”, "Bir təbliğatçının həbs olunması”, "Görüşmə”, "Onu gözləmirdilər” kimi əsərlər çəkmişdi.

1903-cü ildə Rusiya hökuməti Repinə Dövlət Şurasının təntənəli iclasını təmsil edən əsər sifariş etdi. Rəssam iki şagirdi ilə birlikdə əsəri işlədi. Tamamlanması iki il çəkən "Dövlət şurasının təntənəli açılışı” adlı bu əsərdə 81 nəfər yüksək vəzifəli dövlət xadimi təsvir olundu. Həmin məmurlar 1905-ci ildə, ilk rus inqilabında öldürüldülər.

O, 1911-ci ildə Romaya səfər etdi. Geri döndükdən sonra Kuokkala qəsəbəsindəki evində xatirələrini yazmağa başladı. Rəssam özü dizayn etdiyi həmin evini Penati adlandırırdı. Penati sözü latınca ev tanrıları mənasında işlənən Penates sözündəndi.

1917-ci ildə baş verən Oktyabr inqilabından sonra Finlandiya müstəqilliyini elan etdi. O zaman Kuokkala Finlandiyanın ərazisi sayılırdı. SSRİ-nin bir sıra qurumlarının dəvətlərindən isə Repin səfər etmək üçün qoca olduğunu bəhanə gətirərək imtina edirdi.

İlya Repin 1926-cı ildə onu ziyarətə gələn bir qrup SSRİ sənətçisinə inqilabi mövzuda olan "Nümayişçilərə atəş açılması”, "Qanlı bazar günü və Qızılın cənazəsi”, "Çarın edam masası” əsərlərini bağışladı.

Səksən altı yaşına çatmışdı. Nə xəstəlik, nə də qocalıq İlya Repini öz sevimli işindən ayıra bilməmişdi. Sağ əli ilə fırça tuta bilməyəndə sol əli ilə işləyirdi. 1930-cu il sentyabrın 29-da Kuokkalada (hazırda Repino adlanır və Rusiyanın tərkibindədir) vəfat etdi. Penatidə, evinin yaxınlığında 1940-cı ildə xatirə muzeyi açıldı. Bir xatirə muzeyi də Çuquyevdə yaradıldı. 1958-ci ildə Moskvada İlya Repinə abidə qoyuldu. İlya Repinin evi - Penati UNESKO-nun Sankt-Peterburq və onunla bağlı olan abidələr adlı Ümumdünya İrsi Siyahısına daxildir. Penati 1940-cı ildən ev-muzeyidir.

Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu İlya Repinin adını daşıyır. Yalnız həmin ali təhsil ocağının tələbələri deyil, bu sənəti sevərək seçənlər rəssamlıq sənətində öz məktəbini yaratmış böyük rəssamın yaradıcılığından dərs alır, qoyub getdiyi heyrətamiz əsərlərdən öyrənirlər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video