30 Avqust 2019 00:29
439
SİYASƏT
A- A+

Ermənistanda Paşinyan iqtidarına inam azalıb


Sosial-iqtisadi sahədə yaşanan problemlər əhalinin narazılığını daha da artırıb


Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə iqtidara qarşı dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Baş nazir Nikol Paşinyan isə hər vəchlə hakimiyyətini daha da möhkəmləndirməyə çalışır. Amma ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq Paşinyan üçün ciddi çətinliklər yaradır.

Digər tərəfdən, görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlar atır. Məhz belə vəziyyətdə problemlər içində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir.

Sosial-iqtisadi sahədə yaşanan problemlərin getdikcə dərinləşməsi Ermənistanda əhalinin narazılığının əvvəlki kimi yüksək həddə olması ilə müşayiət edilir. Bunu son aylarda keçirilən çoxsaylı etiraz aksiyaları da aydın şəkildə nümayiş etdirir. Aksiyaların təhlili onların əsas etibarilə sırf sosial-iqtisadi tələblər üzərində qurulduğunu göstərir.

Baş verənlər onu deməyə əsas verir ki, bu ölkədə, cəmiyyətdə ciddi siyasi parçalanma yaranıb. Hazırda Nikol Paşinyanın ictimaiyyət və xalq arasında nüfuzu getdikcə aşağı düşməkdədir. Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi David Şahnazaryan iddia edir ki, erməni xalqının oyanışı Nikol Paşinyanın hökuməti üçün təhlükəli həddə çatıb. O qeyd edib ki, milyarder Corc Sorosun qrantından istifadə edən beynəlxalq təşkilatlar Ermənistanda baş vermiş "məxməri inqilab”ı Dağlıq Qarabağda da (Azərbaycanın işğal edilmiş ərazisində) həyata keçirməyə çalışırlar. Bu proseslərə orada keçiriləcək seçkilərin müşahidə missiyası tərəfindən rəvac veriləcək.

D.Şahnazaryan bildirib ki, Dağlıq Qarabağda "məxməri inqilab” bu yaxınlarda hökumətdən 33,6 milyon dram qrant almış erməni təşkilatı və məşhur "Transparency International” tərəfindən həyata keçiriləcək. O, diqqətə çatdırıb ki, guya korrupsiya ilə mübarizə apardığını qeyd edən bu beynəlxalq təşkilatın seçkilərin müşahidəsi ilə məşğul olması ən azından heyrət doğurur: "Qarabağda hakimiyyətin Yerevana müqavimət göstərdiyini görən Paşinyan orada özünün mənafeyinə uyğun rejim yaratmaq üçün yuxarıda göstərdiyim təşkilatların köməyinə müraciət edib”.

Erməni siyasətçi əlavə edib ki, guya məramı korrupsiya ilə mübarizə olan "Transparency International” Paşinyan hökumətində baş verən bu cür hallar barədə bir kəlmə belə deməyib: "Açıq-aşkardır ki, əvvəl mövcud olan korrupsiya mexanizmləri nəinki aradan qaldırılmayıb, hətta onları daha da təkmilləşdiriblər.

Yeni hökumət ən azı daha üç yeni mexanizm yaradıb. İndi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları iri və orta biznes nümayəndələrinə qarşı reketçilikdən istifadə edirlər”.

Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı onu da bildirib ki, Ermənistan hökuməti "inqilab” adı altında ölkədə vətəndaş cəmiyyətini məhv edib. Məsələn, mətbuat azadlığının qorunması ilə məşğul olan təşkilatlar müstəqil medianı boğmağa başlayıblar.

Erməni siyasətçi ölkə vətəndaşlarını beynəlxalq təşkilatların fəaliyyətini nəzarətdə saxlamağa çağırıb və onları maliyyələşdirən Corc Soros fondunun rəhbərinin bu ölkədə "məxməri inqilab”a kömək etdikləri barədə bəyanatını xatırladıb. O, hüquq mühafizə orqanlarını da beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı tədbirlər görməyə, onların fəaliyyətini qadağan etməyə səsləyib, Paşinyan hökumətini isə vətəndaşların vergiləri hesabına qondarma Qarabağ respublikasında özünə sərf edən rejim qurmaqda təqsirləndirib.

Beləliklə, son hadisələr Ermənistanda ictimai-siyasi proseslərin gərgin mərhələyə qədəm qoyduğunu aydın nümayiş etdirir. Bu gərginliyin daxili savaşa yol açması belə istisna olunmur. Erməni siyasətçi Vaqe Ovannisyan "Daxili sabitliyin pozulmasını necə önləmək olar?” adlı məqaləsində ölkənin təhlükəli bir mərhələyə girmək ərəfəsində olduğu barədə xəbərdarlıq edir. Bununla yanaşı, o, siyasi səriştəli erməniləri təcili olaraq problemin həlli axtarışlarına qoşulmağa çağırır.

Maraqlıdır ki, Ovannisyan "Ermənistanda növbəti hakimiyyəti kim yaradacaq?”, "Ölkədə daxili sabitliyin pozulmasının qarşısını necə almaq olar?” kimi bir-biri ilə bağlı olan suallara cavab tapmaq üçün bütün ermənilərə birlikdə çalışmağı təklif edir. Erməni siyasətçinin fikrincə, ölkənin şüurlu təbəqələri üçün bu gün Ermənistanda baş verənlər qorxulu bir filmə bənzəyir. Bununla belə, artıq son zamanlar bu filmin tamamlanmasına dair gözləntilər də artmaqdadır. Ancaq bu filmin bitməsindən sonra ölkədə daha təhlükəli və dəhşətli bir filmin başlamayacağına hələ ki heç bir zəmanət verilmir.

Beləliklə, Ermənistan daxilində artan narazılıqlar Paşinyan iqtidarı üçün problemə çevrilir. İşğalçı ölkədə siyasi gərginliklə yanaşı, etirazlar da səngimir. Sosial tələblər əsasında baş tutan aksiyalar cəmiyyətdə Paşinyandan narazılıqların artdığını üzə çıxarır. Bütün bunlar qarşıda Ermənistanı həqiqətən çətin bir dövr gözlədiyini tam təsdiq edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video