18:05 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dost dosta tən gərək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:05 29.08.2019


Azərbaycan-Gürcüstan: oxşar və fərqli cəhətlərimiz


2018-ci ildə Gürcüstana 8,7 milyon, Azərbaycana isə 2,7 milyon turist gəlib. Azərbaycanın əhalisinin 10 milyon, Gürcüstanın isə 3,7 milyon nəfər olduğunu nəzərə alsaq, onda riyazi məntiqlə belə çıxır ki, biz gürcülərdən daha çox turist qəbul edə bilərdik. Amma statistik rəqəmlər bizim xeyrimizə deyil. Ona görə də bu suallara müxbirimiz Tbilisidə cavab axtarmağa çalışdı.

Düşünürdük ki, Tbilisiyə ayağımız dəyən kimi ildə 9 milyona yaxın turist qəbul edən ölkənin hər qarışında əfsanələr, ağla batmayan rəvayətlər və gürcülərin misilsiz qonaqpərvərliyi barədə dastanlar kəşf edəcəyik. Bakı ilə Tbilisi arasındakı eyniliklərin və fərqlərin nə dərəcədə yaxın və nə qədər uzaq olmasını araşdırmağa çalışdıq.

Gürcüstanın ildə bir belə əcnəbi turisti qəbul etməkdə bizdən üstünlüyünün nədə olduğu maraqlı idi. Beləliklə, əhalisinın sayı 3,7 milyon olan Gürcüstanın ildə bizdən üç dəfə artıq turist ziyarət etməsinin sirri nədədir? Təbii ki, bu suala cavab tapmaq üçün Tbilisiyə baş çəkmək, hər şeyi gözlərimizlə görmək lazım idi. Ona görə də fikirləşdik ki, yollardan başlamaq daha məqsədəuyğundur. Turizmin inkişafında ən vacib elementlərdən biri nəqliyyat infrastrukturunun vəziyyətidir.


Yollar


Həqiqətən də hər şey yoldan başlayır. Yol ölkənin simasıdır, onun gözəlliyini büruzə verir, müasirliyini nümayiş etdirir. "Qırmızı körpü”nü o tərəfə adlayıb Tbilisiyə gedən taksiyə əyləşirik. Sonra da ərinmədik, gürcülərin paytaxtından 350 kilometr aralıda yerləşən Batumiyə də baş çəkdik, yolları da doyunca seyr etdik. Amma Gürcüstanın magistral yollarının üstünlüklərini tapmadıq.

Əksinə, köhnə sovet dönəmindən miras qalan yollarını bizim müasir şose yolları ilə müqayisə etmək qeyri-mümkündür. Ona görə ki, fərq yerlə-göy arasındakı qədərdir.

Azərbaycanın müasir yol infrastrukturu kökündən dəyişmişdir, ölkənin hər yerində, hətta ən ucqar kəndlərə gedən yollar belə yenidən çəkilmişdir. Bakıdan Qırmızı körpüyədək uzanan magistral yol rahatdır, genişdir, çoxzolaqlıdır və təbii ki, Gürcüstanın yollarından dəfələrlə təhlükəsiz və üstündür. Azərbaycanda yollar ikitərəflidir, gecə də, gündüz də rahat getmək mümkündür. Gürcüstanda belə deyil, sadəcə yolların ortasından ayırıcı zolaq çəkilib və ötmə əməliyyatlarında bir qədər ehtiyatlı olmalısan, qarşıdan gələn maşınları da gərək nəzərə alasan. Biz gecə Batumidən Tbilisiyə gedəndə o qədər də enli olmayan trasda sərt döngələrdə narahatlıq hissi də keçirdik. Belə ki, bizim yollar həddən-ziyadə müasir, Gürcüstanda isə sovet dönəmində olduğu kimidir.

Yəni istəsək də, istəməsək də həqiqət ondan ibarətdir ki, bizim turizm potensialımız yolların müqayisəsində qonşularımızdan heç də geridə deyil, əksinə, qat-qat üstündür. Azərbaycan səviyyəsində logistika sistemini qurmaq üçün gürcülərə milyardları xərcləmək lazımdır, bu da mümkün olan iş deyil.


Gürcülər və biz


Şəksiz ki, gürcülər qonaqpərvərdir. Bizi Tbilisidə Moskva Energetika İnstitutunda 1974-cü ildə bir yerdə oxuduğum tələbəlik yoldaşım Elqudje qarşıladı. Uşaq kimi sevinirdi, elə bil 40 il əvvəl yox, dünən ayrılmışdıq. Bizə nisbətən ucuz, cəmi 60 lariyə kirayəlik ev tapmağa kömək etdi. Ayağımız yerə dəyməmiş Tbilisinin ən yaxşı restoranlarından birinə dəvət etdi. Orada qaldığımız bir neçə gündə bir neçə dəfə sözümüz çəp gəldi. Avtobusda, taksidə, restoranda pulu ödəmək üçün irəli atılırdı. Mən qədərindən çox əsəbiləşəndə isə deyirdi ki, "sən elə bilirsən ki, mən Bakıya gələndə əlimi cibimə salacağam? Arxayın ol, onu görməyəcəksən”! İkinci günü Elqudjeni ram edə bildik.

Amma Bakıya dönüb evdəkilərə gürcülərin qonaqpərvərliyindən ağızdolusu danışanda oğlum güldü ki, ay ata, biz onlardan daha irəlidəyik. Sənin xaricdən gələn qonaqlarının sayı-hesabı yoxdur, İtaliyadan tutmuş İordaniyayadək çox yerdən qonağın olub. Hamısını da Elqudjedən pis qarşılamamısan. O, sizi Tbilisidə gəzdirib, sən isə qonaqlarını Şamaxıya da, Qubaya da aparmısan... Uşaqlar gördüyünü deyir, mübahisə etmək də mənasızdır.

Amma bizim və onların qonaqpərvərliyi arasında elə də fərq yoxdur.


Ünsiyyət və milli mentalitet


Gürcüləri həmişə ünsiyyətcil və bir qədər də ziyafətlərə meyilli xalq kimi qəbul etmişik. Gürcü şair və yazıçılarını, gürcü filmlərini sözün əsl mənasında sevmişik, lətifələri həmişə dəbdə olub. Sovet dönəmində gürcülərin əliaçıqlığı, səxavəti digərlərinə nümunə idi. Gürcü mentaliteti, gürcü xarakteri elə o vaxtdan xüsusi brend idi. Onları hamı tanıyırdı, hamı rus dilində gürcü ləhcəsi ilə zarafatlaşmağı, lətifə danışmağı sevərdi. Bu gün də bunların hamısı yerli-yerindədir.

Amma di gəl ki, biz nədənsə ünsiyyətlə bağlı Tbilisidə əziyyət çəkdik. Gürcü dilini bilmədiyimizdən rus dilində soruşurduq. Yolda, supermarketlərdə ağzını açıb nəsə soruşursan və görürsən ki, səni anlamırlar. Bu da çətinlik yaradırdı. Elektronika malları dükanında istədiyimiz bir şeyin başqa formasını soruşduq, nə qədər əlləşsək də satıcını anlada bilmədik. Onun da heç vecinə olmadı ki, müştərini əlindən qaçırır. Elqudje bizə izah edir ki, indi gənclər rus dilinə maraq göstərmirlər, hamı üçün ingilis dili daha önəmlidir. Yəni bu dildə danışa bilənlərin sayı çoxdur.

Bu cəhətdən Bakı qeyri-adi şəhərdir. Rus dilini bilirsənsə, səni hər yerdə başa düşəcəklər, danışacaqlar, suallarına da cavab verəcəklər. Sıxıntın olmayacaq, özünü bu şəhərdə qərib hiss edən deyilsən. Belə çıxır ki, biz tolerantlıq baxımından gürcülərdən xeyli üstünük. Bu cəhətdən nəinki Qafqazda, həm də bütün dünyada seçilən nadir bir xalqıq.

Gürcü mentalitetində bir qədər özündən razılıq var, biz isə qonaqla bir qədər fərqli rəftar edirik. Bura gələn istənilən əcnəbi özünü evindəki kimi hiss edir, çünki insanlar heç yerdə olmadığı kimi mehribandır, üzügülərdir, qonağa yol göstərməyə, nəyisə başa salmağa ərinmir. Səni tanısalar da, tanımasalar da xüsusi qayğı göstərməyə özlərini borclu sayırlar.


Memarlıq


Tbilisi, əlbəttə ki, qədim şəhərdir və tarixinə uyğun da bənzərsiz gözəl memarlıq nümunələrinin sahibidir. Köhnə Tbilisi, onun qala içərisindəki abidələri, Rustavi prospekti, Kür çayı boyu seyrəngahlar, restoran və kafelər, parklar və Kürün üstündən keçən ensiz körpünün ecazkar gecə mənzərələrindən hədsiz zövq ala bilərsiniz. Gürcülər Tbilisinin heykəlləri, qədim binaları və tarixi şəxsiyyətləri ilə fəxr edirlər və buna haqları da çatır. Biz Tbilisinin küçələrini gəzib dolaşanda hər yerdə Şərq memarlığının izlərinə rast gəlirdik. Burada Tbilisinin məşhur qotik və klassik üslubda ucaldılan qədim və yeni binaları da əcnəbilərin diqqətini cəlb edir.

Turistlər isə hər yerdə gözə dəyirdi. Şəhərin mərkəzində, meydanlarda ingilisi fransızdan ayırmaq olurdu. Bəzilərinin də elə badımcan burunlarından, ya da arxalarınca sürü ilə yeriyən çadralı arvadlarından haradan gəldiyini təyin etmək çətin deyildi. Tbilisi doğrudan da ürəyəyatan bir şəhərdir.

Əhalisinin sayı bütün Gürcüstan əhalisinə yaxın olan Bakını Tbilisi ilə müqayisə etmək doğrudan da ağlabatan iş deyil, lap düzünə qalsa, mənasızdır. Tbilisinin tarixi abidələrinin yaşı bir neçə yüzilliklə ölçülürsə, Bakı minillik tarixə qollarını açan nadir şəhərlərdəndir. Burada Şərq və Qərb memarlığı harmonik bir vəhdət təşkil edir. Yeni göydələnlər, nadir memarlıq nümunələri Bakını qənirsiz bir şəhərə çevirib. Onun küçələrində gecə-gündüz gəzsən də, yorulmayacaqsan. Axı Bakının mükəmməl memarlıq abidəsi sayılan 110 yaşlı 30 kilometrlik Dənizkənarı Milli Parkını Tbilisinin Kür çayı boyunca yerləşən parkları ilə necə müqayisə edəsən? Kür çayı boyu uzanan bulvar bir yandan sal qayalara dirənir, o biri tərəfdən də şose yolu ilə kəsilib atılır.

Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi artıq hər yerdə tanınır və Avropanın ən məşhur şəhərlərini də ötüb keçir. Tanınmış jurnalistlər, məşhur bloqerlər, ümumiyyətlə, dünyanın məşhur simaları Bakının, Dənizkənarı bulvarın gözəlliyini həmişə qeyd ediblər, onun hətta Parisin Sena bulvarından daha gözəl olduğunu etiraf ediblər. Əvvəllər Bakını çox az adam tanıyırdısa, indi bu şəhər dünyada məşhurdur və hamının can atmaq istədiyi sevimli məkana çevrilib.


Qiymətlər


İki şəhəri müqayisə edəndə gördük ki, Bakı Tbilisidən çox irəlidədir. Amma Şərqə üz tutan turist üçün bir neçə vacib amil var: mehmanxana və yeməklərin qiyməti, bir də dəniz.

Hamısını gəzmək mümkün olmasa da, biz Tbilisinin bir neçə restoranına baş çəkdik. Qiymətlər o qədər də baha deyildi. Yəni istədiyini yeyib ayağa duranda Bakıdakı kimi tərləmirsən, gözlərin alacalanmır, yediyin də burnundan gəlmir. İki bir, üç bir bizim pulla 25-50 manat arasında sayılan xərclə restoranlarda nahar etdik, şam yeməyinə oturduq. 20 manata Bakı bulvarında yalnız çay süfrəsinə əyləşə bilərsən. Bu ola bilər ki, kənd təsərrüfatı məhsullarının Gürcüstanda bizə nisbətən daha ucuz olması ilə bağlı olsun. Amma gözə görünən odur ki, Tbilisi qiymətlərini tənzimləyir, büdcəsi zəif turist də az pula yaxşı dincələ bilir. Ona görə də buraya gələn turistlərin əksəriyyəti üçün qiymətlər vacibdir. Və bəzən hətta deyirlər ki, Gürcüstan kiçik büdcəsi olan turistlər üçündür.

2018-ci ildə Gürcüstana ən çox turist Azərbaycandan gedib - 1,4 milyon nəfər. İkinci yerdə Rusiyadır, üçüncü yerdə Ermənistan. Bu üç ölkədən gələnlərin sayı 4,1 milyondur. Belə çıxır ki, ölkəyə gələn əcnəbilərin tən yarısı bu 3 qonşunun payına düşür.

Turist üçün mehmanxanaların qiyməti də vacib məsələlərdən biridir. Tbilisidə istədiyin qiymətə qalmağa yer tapa bilərsən. 10 manatdan başlayan qiymətlər də var. Çarpayı da ala bilərsən bir gecəlik, mənzil də kirayə götürə bilərsən. Biz birotaqlı mənzili 60 lariyə, hardasa 40 manata götürdük. Dedilər ki, turist axını artanda qiymətlər də dəyişir. Yəni hotelçilikdə qiymətlər çevikdir, sürətlə tənzimlənir. Xusisi saytlarda əlverişli ev, mehmanxana axtarıb tapmaq rahatdır.

Bakıda isə belə deyil. Bahalı hotellər çoxdur, amma ucuzunu tapmaq o qədər də asan deyil. Hətta evlərini bir günlük kirayə verənlər də hesab edirlər ki, əcnəbidirsə, ev sahibi istəyən pulu ödəməlidir.

Belə çıxır ki, nisbətən ucuz mehmanxanalar tikilsə, restoranlar şəbəkəsi yaradılsa və dəniz çimərliklərində yeri belə satıb müftə pul qazananların qarşısı alınsa, turist axınını xeyli artırmaq mümkündür.

O da reallıqdır ki, Azərbaycana gələn əcnəbilərin sayı ildən-ilə durmadan artır. Bu ilin 6 ayı ərzində ölkəmizə 1,4 milyon turist gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7 faizdir. Bu, əslində ciddi rəqəmdir. Amma ölkəmizin turist axınını daha sürətlə artırmaq imkanları mövcuddur. Azərbaycana gələn turistlərin təxminən yarıdan çoxu Rusiya (29,4 faiz) və Gürcüstan (24,3 faiz) vətəndaşlarıdır. Üçünci yerdə Türkiyədir (10 faiz).

Sonda onu qeyd etmək vacibdir ki, Tbilisi ilə Bakını müqayisə edəndə əksər göstəricilər üzrə Azərbaycan paytaxtı irəlidədir. Düzdür, o da reallıqdır ki, Bakı bahalı şəhərdir. Londonda 5 manata nahar etmək istəsən, sənə gülərlər. Heç Moskvada da bu, mümkün deyil. Və ola bilsin ki, Bakıda da qiymətləri o qədər endirmək mümkün olmayacaq. Lakin turist axınını gücləndirmək üçün müəyyən addımların atılması da zəruridir. Bahalı xidmətlə yanaşı, nisbətən ucuz başa gələn xidmətlərin təşkil edilməsi turist axınını daha da artıra bilər.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM