29 Avqust 2019 00:59
792
İQTİSADİYYAT
A- A+

“Gedək gəzək biz Xızı dağlarını...”


Cənubi Qafqazda ilk və yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası Altıağac Milli Parkındadır


Azərbaycan təbiətinin füsunkarlığı onun heyranlarının sayını ildən-ilə artırır. Bu yerlərə ilk qədəm basanlar sonradan yaxın dost-tanışları, qohum-əqrabası, nəhayət, ailəsi ilə təbiətimizin seyrinə dalmağı, onun cənnət-məkan guşələrində dincəlməyi özlərinə borc bilirlər. Əslində, vətənimizin dördbir yanı gəzməli, görməli, heyran olunmalıdır. Turizmin bu yerlərdə ildən-ilə inkişafı da ilk növbədə "vəhşi təbiət”də qorunub saxlanan minilliklərin yaşıdı flora və faunası ilə bağlıdır. Axı bu gözəlliklər həm də təbiətin canlı muzeyi kimi hər kəsi heyran qoyur.

Altıağac Milli Parkı da belə məkanlardandır. Respublikamızın şimal-şərqində Xızı ilə Siyəzən rayonlarının ərazisində yerləşən bu unikal təbiət muzeyi - park 2004-cü ilin avqust ayında 11035 hektar sahədə salınıb. Milli Park eko-turizmin inkişafı, təbiət komplekslərinin, ətraf mühitin qorunması, yerli flora və faunanın bərpası, Böyük Qafqazın cənub-şərq silsiləsinin təbii landşaftının qorunub-saxlanılması məqsədilə yaradılıb. Ərazisindən Ataçay və onun bir neçə qolu axır. Bu çay öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürüb dərələrdən axıb gedərək Xəzərə tökülür. Suyundan suvarma məqsədilə də istifadə olunur.

Parkın bir hissəsi enliyarpaq ağaclardan yaranmış meşə ilə əhatə olunub. Ən çox Qafqaz palıdı, vələsi, Şərq fıstığı, adi göyrüş, tozağacı, cır alma, armud kimi ağaclara rast gəlinir. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kol bitkiləri də az deyil.

Parkın heyvanat aləmi kifayət qədər rəngarəngdir: ərazisində 500-ə yaxın heyvan növü qorunur. Əsasən cüyür, ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar və digər məməlilər məskunlaşan Altıağac Milli Parkı Şamaxının "altı ağac” məsafəsində yerləşdiyindən, ona və kəndlərin birinə Altıağac adı verilib. "Ağac” məsafəsi vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 5-6 kilometrə bərabər götürülüb.

Təbii ki, əsasən meşəlik ərazilərdən ibarət olan parkda qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və quşlara da az rast gəlinmir. Ərazidə adları Azərbaycanın "Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri də diqqəti cəlb edir.

Cənubi Qafqazda ilk və yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası da məhz bu parkda yerləşir. Təbii səbəblərdən zədə alan, xəstələnən və insanlar tərəfindən yaralanan, qanunsuz saxlanılan heyvanlar aşkarlanaraq bura gətirilir. Onlar baytar həkimlər tərəfindən müayinə və müalicə edilir, tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılır.

Ölkəmizin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi, bölgələrimizin potensialının bu sahəyə yönləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri də qoruqların və parkların yaradılmasıdır. Haqqında söz açılan Altıağac Milli Parkına gəlincə, o, beş hissədən ibarətdir. Bunlardan üçü qorunur ki, həmin ərazilərə giriş icazəlidir. Çünki burada nadir bitki və heyvanat aləmi var və onların istifadəsi qadağandır. İkisinə isə sərbəst daxil olmaq mümkündür. Parkın ərazisində 20-yə yaxın nadir ağac, 14-dən artıq qorunan heyvan növü var. Bunlardan bəzilərinin kökü, demək olar ki, kəsilmək üzrədir.

Milli Parkda 40 nəfərədək təbiətsevər çalışır. Azərbaycan Turizm İnstitutunun əməkdaşları ilə Altıağac Milli Parkının nəzdində təşkil edilən seminarların məqsədi burada xidmət mədəniyyətinin yüksəldilməsidir. Orta məktəblərin müəllim və şagirdlərinə də burada müxtəlif mövzularda seminarlar keçirilir. Bu isə təbiətlə insanlar arasında canlı ünsiyyət qurmaq kimi vacib məsələlərdə mühüm əhəmiyyət daşıyır.

Altıağac Milli Parkının nəzdində turistlərin istirahət etməsi üçün hər cür şəraiti olan xüsusi evlər inşa edilib. Turistləri qarşılamaq və onlara müvafiq istiqamətlər üzrə xidmət göstərmək üçün münbit şərait var. Parka gələn turistlərə yaz, yay, payız mövsümündə istifadə ediləcək çadır-palatkalar, yataq dəstləri təklif edilir. Bundan əlavə, qonaqlara gəzinti üçün atlar, velosipedlər də verilir. Eyni zamanda 4 cür marşrut və onları müşayiət edən bələdçilərin xidmətləri yüksək, təklif edilən qiymətlər isə müvafiqdir.

Onu da deyək ki, parka gələnlər əsasən xarici turistlərdir. Son vaxtlar yerli qonaqlar da parkda istirahətə üstünlük verirlər. Əvvəllər parkda qış aylarında turistlər gözə az dəysə də, bu gün həmin problem yaşanmır.

Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, turizm şirkətləri ilə park arasında əlaqə hələ ki istənilən səviyyədə özünü göstərmir. Yaxşı olardı ki, turizmlə məşğul olan şirkətlər belə məkanları diqqətdən kənarda saxlamasınlar. Bu işdə Altıağac Milli Parkının direktor müavini Susann Görnertin və Azərbaycan Turizm İnstitutunun Tədqiqat və inkişaf şöbəsinin aparıcı məsləhətçisi, ekologiya üzrə xarici ekspert Gila Altmannın əməyi xüsusi qeyd edilməlidir. Əsasən yerli əhalidən seçilib bələdçi kimi xidmətə cəlb edilənlərin əcnəbi dil bilmək problemi də həll edilmək üzrədir. Hələlik isə bu işdə tərcüməçilərdən istifadə olunur.

Məşhur mahnıda deyildiyi kimi, "Gedək gəzək biz Xızı dağlarını, içək onun sərin bulaqlarını...”

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video