28 Avqust 2019 00:52
429
SİYASƏT
A- A+

Ermənistan ordusunda intihar və fərarilik halları çoxalıb


Son 6 ayda işğalçı ölkədə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb


Ermənistanda bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada büruzə verən tənəzzül bu ölkənin ordusunda da acınacaqlı durumun formalaşması ilə müşayiət olunur.

Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib.

İndi Ermənistanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar.

O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar naməlum olaraq qalır. İctimaiyyətin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir, Ermənistan rəhbərliyi baş verən mənfi halların qarşısını almağa cəhd etsə də, buna nail ola bilmir. Nəticədə Ermənistan ordusunda hərbi nizam-intizam, əsgər və zabitlərin döyüş bacarığı əvvəlki kimi çox aşağıdır.

Son məlumatların təhlili bir daha göstərir ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, intihar, müxtəlif qəza və nizamnamədən kənar davranışlardır. Özü də bu kimi hallara əsas etibarilə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclər məruz qalırlar. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, nizamnamədən kənar və nalayiq davranışları müddətli xidmət edən əsgərlər arasında intiharla yanaşı, fərarilik hallarının sayının sürətlə artmasına səbəb olur. Ötən günlərdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç hərbi bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib. Göründüyü kimi, düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.

Elə buna görə Ermənistan ordusunda həlak olmuş əsgərlərin valideynlərinin Müdafiə Nazirliyi qarşısında keçirdikləri aksiyaların sayı da çoxalıb. Sonuncu belə etiraz aksiyasında onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər.

Yerli mətbuatın verdiyi xəbərə görə, etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır.

Valideynlərdən Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib: "Oğlum bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Hərbi hissənin komandir müavini tərəfindən vəhşicəsinə döyülüb. Həmin şəxs oğluma işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib”.

Ermənistanın Müdafiə Nazirliyi psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri də hərbi xidmətə göndərir. Erməni mediası yazır ki, elə Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilən əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb. Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Lakin konkret olaraq xəstəliyin adı açıqlanmır. Əsgərin valideynləri bildirirlər ki, 18 yaşlı Mqerin əsəb sistemində problem var. Buna baxmayaraq, psixoloji dispanserdə müalicə aldıqdan sonra Mqer hərbi xidmətə göndərilib: "Bununla bağlı müəyyən dairələrə məktub da ünvanlamışıq. Ancaq müraciətlərimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz”.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan Təhlükəsizlik Xidmətinin keçirdiyi istintaq nəticəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, Müdafiə Nazirliyinin yüksəkrütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktlarla bağlı cinayət işi açılıb, istintaq gedir.

Bütün bunlar müasir erməni ordusunun reallığıdır. Ermənilər özləri də etiraf edirlər ki, bu gedişlə ordularından əsər-əlamət qalmayacaq. Amma bu, var-dövlətini ordu hesabına artırmağa çalışan ölkə rəhbərliyini qətiyyən narahat etmir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video