28 Avqust 2019 00:49
560
İQTİSADİYYAT
A- A+

Cəbrayıl kəndlisinin əkib-becərmək əzmi itməyib


Uzun illərdən bəri yurd həsrəti ilə yaşayan, doğma Qarabağı azad etmək üçün savaşa atılmağa belə hər an hazır olan cəbrayıllı soydaşlarımız məcburi köçkün kimi hazırda respublikanın 54 şəhər və rayonunda məskunlaşmışlar.

Rayon əhalisinin böyük əksəriyyəti Biləsuvar rayonu ərazisində inşa edilmiş məcburi köçkün qəsəbələrində yaşayır. Onların problemlərinin öyrənilməsi və həllinə kömək göstərilməsi üçün Cəbrayıl Rayon İcra Hakimiyyəti davamlı və məqsədyönlü iş aparır. Bu məqsədlə rayon əhalisinin kompakt yaşadığı ərazilərdə bu ilin altı ayı ərzində 24 səyyar görüş-qəbul keçirilmişdir. Bütövlükdə 950 nəfər rayon sakininin iştirak etdiyi bu görüş-qəbullarda əhalini narahat edən məsələlərlə bağlı 129 təklif səslənmişdir.

Bunlara diqqətlə yanaşan rayon rəhbərliyi qaldırılan problemlərin böyük əksəriyyətinin operativ surətdə aradan qaldırılmasına nail olmuş, rayonun imkanları xaricində olan məsələlərin həllinə kömək göstərilməsi üçün isə aidiyyatı orqanlara müraciətlər ünvanlamışdır.

Dövlət qayğısının məntiqi nəticəsidir ki, məcburi köçkün qəsəbələrindəki əhalinin fasiləsiz elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə təminatı yüksək səviyyədədir. Əhalinin təklifləri əsasında 1856 ailənin yaşadığı 5 qəsəbəyə mərkəzi anbardan su nəql edən 1507 metr uzunluğunda boru xəttinin dəyişdirilməsi ən qısa zaman ərzində başa çatdırılmışdır. Hazırda 5 qəsəbənin daxili içməli su xəttinin yenidən qurulması ilə bağlı işlər sürətlə davam etdirilir.

Qaçqın və məcburi köçkünlərə qayğının daha bir təzahürüdür ki, Dünya Bankının və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonu ərazisində 2003-cü ildə inşa edilmiş, 2598 evdən ibarət 6 qəsəbənin daxili yollarının əsaslı təmir edilməsi bu bölgədə yaşayan hər kəsdə razılıq və məmnunluq doğurur. Yol təmiri işləri hazırda zərbəçi ahənglə davam etdirilir.

Bu ilin əvvəlində fəaliyyətə başlamış "Azərxalça” ASC-nin Cəbrayıl filialında hazırda 70 nəfərə yaxın qadın çalışır. Bu sosial layihə evdar qadınların işlə təmin olunması baxımından təqdirəlayiqdir. Dövlətin qayğısı sayəsində həm Qarabağın milli xalçaçılıq ənənəsi yaşadılır, həm də çox sayda evdar qadın faydalı məşğulluğa cəlb edilir.

Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığı, baramaçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələri məcburi köçkün həyatı yaşayan Cəbrayıl kəndlisini də ruhlandırmışdır. Rayon əməkçiləri 2016-cı ildən başlayaraq məskunlaşdıqları ərazilərdə pambıq əkininə start vermiş, baramaçılığın inkişafı üçün etibarlı yem bazası yaratmaq məqsədilə zəruri tədbirlər görmüşlər. 2016-cı ildə 34 hektarda pambıq əkən rayon sakinləri cari ildə pambıq əkini sahələrini 3 dəfə genişləndirərək 102 hektara çatdırmışlar. Hazırda tarlaların becərilməsi yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir, məhsul bolluğuna etibarlı zəmin yaradılır. Çəkilən zəhmət, axıdılan alın təri təbii ki, hədər getmir, öz bəhrəsini verir. Əgər üç il əvvəl pambıq tarlalarının məhsuldarlığı 17,3 sentner idisə, keçən il orta hesabla hər hektardan 34,5 sentner "ağ qızıl” götürülmüşdür. Builki hədəf isə məhsuldarlığı 40 sentnerə çatdırmaqdır.

Cəbrayıllı kümçülər də qabaqcıllıq nümunəsi göstərirlər. Keçən il 1,4 ton barama tədarük edən rayon əməkçiləri cari ildə 4,8 ton barama istehsal edərək, 3 dəfədən çox artıma nail olmuşlar. Baramaçılıq üçün etibarlı yem bazası yaratmaq məqsədilə son 3 ildə bütövlükdə 47,5 min ədəd məhsuldar sortlu çin tut tingi, 64 min ədəd isə yerli tut tingləri əkilmişdir. Bu isə o deməkdir ki, növbəti illərdə də barama istehsalı yüksək templə artacaqdır. Çünki bu gəlirli sahəyə maddi maraq da böyükdür. Bu il Cəbrayıl baramaçısının gəliri 45 min manat olmuşdur.

Əkin sahələri məhdud olsa da Cəbrayıl kəndlisinin qurub-yaratmaq əzmi böyükdür. Işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin ərazisinə daxil olan 242,2 hektar torpaq sahəsi rayonun əkin dövriyyəsinə daxil edilmişdir. Bu il rayonda 10185 ton taxıl istehsal edilmiş, məhsuldarlıq 34,2 sentner olmuşdur. 140 hektar təkrar qarğıdalı sahəsindən də bol məhsul gözlənlir. Indi rayonun şəxsi təsərrüfatlarında 10765 baş iribuynuzlu heyvan, 111854 baş qoyun-keçi vardır. Cari ilin birinci yarısında heyvandarlar 4,218 ton süd, 541 ton ət, 2 milyon 630 min ədəd yumurta istehsal etmişlər.

Dövlət başçısının "Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq keçən il 36 ailəyə 72 baş damazlıq inək, 11 ailəyə 44 baş kökəltmə istiqamətli dana, 59 ailəyə isə 1239 baş damazlıq ana qoyun verilmişdir. Əhali tərəfindən razılıqla qarşılanan bu sosial layihə uğurla davam etdirilir.

Dövlətin davamlı qayğısı ilə əhatə olunan Cəbrayıl kəndlisi bolluq, firavanlıq yaratmaq əzmi ilə çalışır. Bu gün onlar yaxşı yaşasalar da, xoş güzəran sürsələr də ürəklərində torpaq, vətən adlı bir nisgil var. Qaysaq bağlamayan yaraların məlhəmi isə doğma yurdun torpağı, suyu, havasıdır. Bu həsrətə son qoymaq üçün onlar Ali Baş Komandanın əmrinə müntəzirdilər ki, silaha sarılıb döyüşlərə atılsınlar, Qarabağı azad etsinlər.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video