27 Avqust 2019 01:02
929
Təhsil
A- A+

Özünə inanan gənc


Əli Məmmədovun fikrincə, nə qədər çox çalışsan, uğura bir o qədər yaxın olarsan


Cəmiyyətin sağlam təməllər üzərində qurulmasında elmli, bilikli, kreativ gənclərin böyük rolu var. Və ölkəmizdə də sağlam ruhlu gənclərin yetişdirilməsi, bütün sahələrdə potensiallarını nümayiş etdirmələri üçün geniş imkan yaradılır. Zamanında bütün yaradıcı qabiliyyətləri aşkarlamaq və düzgün istiqamətləndirmək yönündə addımlar atılır. Nəticədə işıqlı gənclərimiz üzə çıxır, seçdikləri sahələr üzrə püxtələşərək ölkəmizə, vətənimizə layiqli kadr kimi yetişirlər.

Gələcəyin ümidli gənclərimizdən biri də builki qəbul imtahanlarında III qrup üzrə 647 bal toplayan Əli Məmmədovdur. Əli Bakı şəhərində anadan olub və 23 nömrəli tam orta məktəbdə oxuyub. Dərslərini əla oxuyan Əli hər zaman məktəbdaxili bilik yarışmalarında iştirak edib və qalibiyyət qazanıb, oxuduğu təhsil müəssisəsinin qırmızı diplomlu məzunu olub.

Yığdığı yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçən gənc tələbə deyir ki, ailələrinin bütün üzvləri hüquqşünasdır: "Atam, anam, bacım, əmim də hüquqşünasdır və mən də onların yolunu davam etdirmək istəyirəm”.

İmtahana hazırlaşdığı müddətdə ailəsinin, xüsusilə də atasının ona psixoloji mənada çox dəstək olduğunu bildirən gələcək hüquqşünas vurğulayır ki, bu, abituriyentlərin yaxşı nəticə qazanmalarında əsas faktorlardan biridir: "Ailəmin bütün üzvləri, ən çox da atam məni dəstəkləyirdi. O həmişə deyirdi ki, universitetə daxil olsan da, olmasan da, canını sıxma, həyat davam edir. Buna görə də mən heç nədən narahat deyildim. Amma onu da deyim ki, atamın bu sözlərindən sonra mən daha çox məsuliyyət hiss edir, daha çox çalışırdım ki, onun əziyyəti yerdə qalmasın. Düşünürdüm ki, mütləq universitetə qəbul olunmalıyam”.

Müəllimlərinin də üzərində çox əməyi olduğunu qeyd edən Əli deyir ki, xüsusilə hər zaman sinif rəhbərinin və Azərbaycan dili müəlliminin, riyaziyyatdan onu əlavə hazırlaşdıran müəllimi Rüfət Cəfərovun köməyini və dəstəyini alıb.

Əli deyir ki, bəzən ali məktəbə hazırlıq dönəmində bütün əyləncəni kənara qoymağı, ancaq dərs oxumağı məsləhət görürlər. Amma o, çox oxusa da, idmanı buraxmayıb: "Gecə-gündüz oxuyurdum. Ancaq idmanla da məşğul olurdum. Vaxt ayırıb dostlarımla basketbol, futbol da oynayırdım. Bu, məni daha gümrah saxlayırdı. Ona görə də şagirdlərə tövsiyə edirəm ki, zamanı düzgün bölsünlər. Həm dərslərini vaxtında oxusunlar, həm istirahətə, həm də əyləncəyə vaxt ayırsınlar”.

Bütün bunlara baxmayaraq, Əli uğur qazanmaq üçün çox çalışmağın faydalı olduğunu deyir: "Elə vaxt olurdu ki, gecələr də dərs oxuyurdum, yəni xüsusilə də son zamanlar gecə-gündüz dərs oxuyurdum, çox çalışırdım. Buna görə də məndə ali məktəbə qəbul olunacağıma dair əminlik var idi. Bilirəm ki, nə qədər çox çalışsan, uğura da bir o qədər yaxın olarsan. Builki qəbul imtahanı fərqli olsa da, mənim üçün asan idi. Bunu imtahandan qabaq da düşünürdüm. Düzdür, təqdim olunan suallar ənənəvi suallardan çətin olsa da, bunun öhdəsindən gəlməkdə heç bir problemim olmadı. Təbii ki, bütün abituriyentlər kimi, mənim də hədəfim 700 bal idi, amma indi topladığım bal da kifayət qədər yüksəkdir və istədiyim ixtisasa qəbul olunmuşam”.

"İmtahanda yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir” sualını isə Əli belə cavablandırdı: "Uğur qazanmaq üçün ilk növbədə marağın olan qrupu seçməlisən. Çünki qrupunu düzgün seçməsən, artıq zəncir orada qırılır. Daha sonra şagird hazırlaşdığı müəllimlərini də düzgün seçməlidir və valideynlər də uşaqlarının yaxşı oxuya bilməsi üçün əlverişli şərait yaratmalıdır. Məncə, yüksək bal toplayan abituriyentlər ən yüksək qəbul balı olan ixtisasları yox, öz istədikləri, onlar üçün gələcəkdə faydalı olacaq seçimlər etməlidirlər. Bəzən belə hallara rast gəlinir ki, arzuolunan ixtisasın balı digərlərindən daha aşağı olur, abituriyent isə daha yüksək bal toplayır. Bu zaman bir çox abituriyent bala görə seçim edir. Əgər yaxşı bir mütəxəssis olmaq istəyiriksə, biz sevdiyimiz ixtisası seçməliyik”.

Əli Məmmədov bakalavr təhsilini BDU-da aldıqdan sonra magistraturanı xaricdə oxumağı və peşəkar kadr kimi yetişməyi hədəfləyir.

Gənc tələbəmizə qarşıda da yüksək nailiyyətlər diləyirik.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video