27 Avqust 2019 00:59
894
Təhsil
A- A+

Gələcəyin mühəndisi


Yüksək bal toplayan Ağa Qurbanov neft-qaz sahəsi üzrə peşəkar kadr kimi yetişmək arzusundadır


"Riyaziyyat fənnini çox sevirəm. Kiçik yaşlarımdan məndə bu elmi öyrənməyə maraq olub. Deyirlər riyaziyyat bütün elmlərin açarıdır, təfəkkür tərzidir. Elə bəlkə də mənim bu gün uğur qazanmağımda bu elmin danılmaz rolu olub”.

I ixtisas qrupu üzrə builki qəbul imtahanlarında 639.4 bal toplayan Ağa Qurbanov nailiyyətini bizimlə bölüşür.

Ağa Qurbanov Bakıda doğulsa da, nənə-babası Zəngilan rayonundan məcburi köçkündür. 6 nömrəli Zəngilan orta məktəbində təhsil alan Ağa hər zaman dərslərini əla oxuyaraq bu təhsil ocağını yüksək qiymətlərlə bitirib.

Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasını seçən gənc tələbə vurğulayır ki, istədiyi universitetə daxil olduğu üçün özünü xoşbəxt hiss edir: "Hələ IX sinifdə oxuyarkən gələcəkdə bu ali məktəbin tələbəsi olmağı arzulayırdım. Buna görə də həmin dövrdən etibarən ali məktəb haqqında öyrənir, orada təhsil alan dostlardan, tanışlardan məlumat alırdım. Buna görə də əvvəlcədən əmin oldum ki, seçdiyim universitet Azərbaycanda kifayət qədər nüfuzlu təhsil müəssisələrindən biridir. Həmçinin bu ali məktəbi bitirdikdən sonra müvafiq iş tapmaqda çətinlik çəkməyəcəm. Ümumiyyətlə, III, ya da IV kursdan sonra bu universitetdə tələbələri işlə təmin edirlər. Buna görə də düşünürəm ki, bu mənim üçün də çox əlverişli olacaq və seçimim düzdür”.

Buraxılış imtahanından 272 bal toplayan Ağa yaz qəbul imtahanı ilə birlikdə cəmi 565 bal toplayır və bu balla istədiyi neft-qaz mühəndisliyi ixtisasına qəbul oluna bilməyəcəyini düşünərək məyus olur, amma ikinci imtahana daha əzmlə çalışmağa başlayır: "Yay imtahanına daha çox səylə çalışdım və 639.4 bal topladım. Valideynlərim hər zaman mənə inanırdı ki, yaxşı nəticə göstərəcəm, onların bu fikri məndə də özünəinam hissi yaradırdı. Nəticələr elan olunanda ailəlikcə çox sevinmişdik”.


Əvvəlcədən qarşıya məqsəd qoyulmalıdır


Ağa deyir ki, bu il qəbul imtahanı bir qədər fərqli idi. Lakin o qədər çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi: "Düşünürəm ki, bəzi diqqət tələb edən suallar olmasaydı, daha yüksək bal toplaya bilərdim. Əvvəlcə narahat oldum ki, topladığım bu balla istədiyim ali məktəbdə təhsil ala bilməyəcəm. Çünki ötən il ballar çox yüksək idi. Amma bu il ballar aşağı düşdü və bu da sevdiyim ixtisasa yiyələnməyimə kömək etdi”.

Gələcəyin mühəndisi onu da bildirir ki, ali məktəbə hazırlıq zamanı müəllimlərindən də böyük dəstək görüb: "Onlar hər zaman mənə inandıqlarını və istədiyim nəticəni əldə edəcəyimə əmin olduqlarını söyləyirdilər. Həmçinin imtahana sistemli hazırlaşmağımda suallarla bağlı düzgün istiqamətə yönləndirirdilər. Xüsusilə də riyaziyyatdan məni hazırlaşdıran müəllimim Rüfət Cəfərovun üzərimdə çox əziyyəti var. Mən müəllimlərimin inamını doğrultmaq üçün daha çox çalışırdım”.

Asudə vaxtlarında musiqi dinləməyi, film seyr etməyi, mütaliəni, xüsusilə də detektiv janrda əsərlər oxumağı xoşlayan gənc söyləyir ki, dostları ilə görüşüb zaman keçirməyi də sevir. Həmçinin "sağlam bədəndə sağlam ruh olar” deyimini əldə əsas tutaraq idmana da önəm verir. Uşaqlıqdan cüdo, gimnastika ilə məşğul olub, üzgüçülüyə gedir, bu yaxınlarda isə fitnesə başlayıb.

Əyləncəyə, istirahətə, idmana da dərslərlə paralel zaman ayırmağın vacibliyini vurğulayan tələbə ondan sonra yetişən gənc nəslə uğur qazanmağın sirlərindən danışır: "Uğura aparan yol əzmkarlıq və məsuliyyətdən başlayır. Hər şey çalışqanlıqdan asılıdr. O cümlədən bu günün tapşırığını sabaha saxlamaq olmaz. Hər tapşırığı vaxtında yerinə yetirmək, məsuliyyətli yanaşmaq mütləqdir. Ən ümdə isə əvvəlcədən qarşıya məqsəd qoyulmalıdır. Belə olanda o məqsədə çatmaq üçün daha çox çalışarsan ki, bu da insana əlavə motivasiya verir”.

Ağa Qurbanov ali məktəbdə də yüksək səviyyədə bilik əldə edərək peşəkar mühəndis olmaq istəyindədir: "Azərbaycan neft-qaz ölkəsidir və hər zaman arzum olub ki, mən də bu sahə üzrə ixtisaslı kadr kimi yetişim. Çalışacağam ki, peşəkar mühəndis olub, xalqıma xeyirli işlər görüm və bu uğurda əlimdən gələni edim”.

Y.MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video