27 Avqust 2019 00:56
487
CƏMİYYƏT
A- A+

Yelkənli qayıqlarda üzən arzular


Şəhid övladları unudulmaz gün yaşadılar


Şən, hay-küylü bir dəstə uşaq gedirdi. Dillərində vətən nəğməsi, üzlərində gülüş, gözlərində qürur, addımları qətiyyətli. Gedirdilər üzü dənizə tərəf azğın dalğaları, dəli küləyi ram etməyə... Günəşin altında sayrışan ləpələrlə rəqs etməyə, rüzgarla birləşib gələcək xəyallarına, arzularına doğru dənizin ənginliklərinə sarı qanad açmağa...

Bu uşaqlar şəhid övladlarıdır, ana yurdumuz uğrunda canlarından keçən şəhidlərin bizə əmanəti...

Dəniz kənarında Azərbaycan Yelkənli İdman Federasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirilyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə təşkil etdiyi Aprel döyüşlərində şəhid olan qəhrəmanların övladları üçün "Yelkənli İdmanın bir günü” əyləncəli - maarifləndirici tədbirdə iştirak edirik. Yelkənli İdman Federasiyasının yay məktəbinin bir günü bu dəfə şəhid övladlarının yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatların verilməsi ilə yadda qaldı. 16 nəfər iştirakçının qatıldığı tədbirdə qonaqlara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədildi.


Qəhrəman ataların layiqli davamçıları


"Üzməyi çox xoşlayıram, ona görə də hər zaman dənizə gəlirəm. Amma heç zaman yelkənli qayığa minməmişəm. Düşünürəm ki, xoşuma gəlsə, mən də bu idman növünə yazılaraq onunla məşğul olaram”, - deyə şəhid Mühid Orucovun 8 yaşlı oğlu Vüqar söyləyir. Deyir ki, dərslərini əla oxumaqla yanaşı, karateyə də gedir və bu idman növü ilə məşğul olaraq gücünü artırmaq istəyir. Ən böyük arzusu isə böyüyəndə hərbçi olub atasının yolunu davam etdirməkdir.

Əkiz qardaşı Anar isə həkim olmaq niyyətindədir. Onu da əlavə edir ki, dənizdə üzməyi xoşladığı üçün yelkənli qayıqla üzmək də xoşuna gəlib.

Həvəslə məşqçilərin təlimlərinə qulaq asan və yelkən ipinə düyün vurmaq kimi kiçik tapşırıqları dərhal yerinə yetirən şəhid mayor Rasim Məmmədovun oğlu Asimlə söhbət edib arzularını soruşuruq. Qürurla bircə cümlə söyləyir: "Mən də böyüyəndə atamın yolunu davam etdirib hərbçi olacam”.

Şəhid Əhməd Abdullayevin övladı Hüseynin də arzusu birmənalı olaraq atasının davamçısı, hərbçi olmaqdır. Hüseyin əyninə xilasedici jilet geyinib yelkənli qayığa minərək təlimçilərin nəzarəti altında dənizdə üzməyə başlayır. O, çox həyəcanlı, həm də sevinclidir: "İlk dəfədir ki, yelkənli qayığa minirəm. Bu çox maraqlıdır. Xoşuma gəldi və məndə maraq oyandı. Ola bilsin ki, mən də bu idman növünə yazılım”. Bu isə, Hüseynin yelkənli qayıqla üzdükdən sonrakı təəssüratlarıdır.


Məqsəd şəhid övladlarının bu idman növünə sevgi aşılamaqdır


Yelkənli İdman Federasiyasının "Laser” və "Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb oldu. Federasiyanın beynəlxalq dərəcəli məşqçilərinin nəzarəti ilə qurumun yığma komandasının üzvləri Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin övladlarının açıq dənizdə təhlükəsiz şəkildə yelkənli qayıqlardan istifadəsini təmin etdilər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda sahildə əyləncəli oyunların təşkili sevinc və rəğbətlə qarşılandı.

Yelkənli İdman Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov söylədi ki, təşkil olunan tədbirin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid övladlarına bu idman növünə sevgini aşılaya bilməkdir: "Bugünkü tədbir həm əyləncəli, həm də maarifləndiricidir. Məqsədimiz yelkənli idman barədə uşaqlara məlumat vermək, bu idmanı sevdirməkdir. Bəlkə gələcəkdə onlardan hansısa bu idman növünə yönələ, bununla məşğul ola, hətta nailiyyətlər əldə edə bilərlər”.

Qurum rəsmisi məlumat verdi ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Optimist” sinfi üzrə 7-14 yaş uşaqları, "Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub: "İdmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim-məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etmələri, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsi, əldə etdikləri nəaliyyətlər uğurlarımızdır”.

Maraqla qayıqların idarə edilməsi təlimini müşahidə edən və yelkənli qayıq idman növünü xoşladığını söyləyən şəhid mayor Ürfan Vəlizadənin qızı Zəhra deyir ki, bu il 6-cı sinifdə oxuyacaq. Dərs əlaçısıdır və böyüyəndə hakim olub qanunlarımızın keşiyində durmaq istəyir: "Mən də atam kimi vətənpərvər olacam. Atam vətənini çox sevirdi, onun uğrunda canından belə keçdi. Mən qürur duyuram ki, elə bir qəhrəmanın qızıyam”.


"Bütün Azərbaycan mənim atamla qürur duyur”


Şəhid polkovnik Vüqar Yusifzadənin qızları Ayan və Aytən də yelkənli qayıq idman növünün ilkin təlimlərini maraqla izləyir, onlara aydın olmayan nüanslarla bağlı suallar verirdilər. Əyinlərinə qoruyucu kostyum geyinib dənizə çıxmaq isə xüsusilə xoşlarına gəlmişdi. Düzdür, hava küləkli olduğu üçün bir az tərəddüdləri olsa da, peşəkar təlimçilərin məharəti sayəsində həyəcanları azalmış və külək, dalğa, qayıq üçlüyünün mübarizə ahəngindən zövq almışdılar.

Ayan bizimlə söhbəti zamanı məlumat verdi ki, böyüyəndə həkim olmaq istəsə də, rəsm çəkməyi də xoşlayır: "Mən atamın rəsmini də çəkmişəm. Həmin rəsmlə yarışmaya da qatılmışam və çox bəyənilib. Sulu boya, karandaşla çəkdiyim çoxlu digər rəsmlərim də var, amma düşünürəm ki, indiyə qədər çəkdiyim ən gözəl iş atamın rəsmi olub. Mən belə igid polkovnikin qızı olduğum üçün qürur duyuram. Onu da bilirəm ki, bütün Azərbaycan mənim atamla qürur duyur”.

"Bu gün burada çox gözəl zaman keçirdim. Yelkənli qayıq idman növü ilə tanış oldum. Bəzi məlumatlara yiyələndim. İlkin olaraq ipə düyün vurmağı, qayığı necə idarə etməyi öyrəndim. Bəlkə də gələcəkdə mən də bu idman növünə yönələrəm”- deyə söyləyir şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Nihad: "Atam üçün çox darıxıram. Düzdür, işi çox olurdu, amma vaxt tapan kimi mənimlə zaman keçirər, gəzməyə aparırdı. O günlər indi də yadımdan çıxmır. Mən də böyüyəndə atam kimi hərbçi olacam. Mən də onun kimi cəsur olacam. İşğal olunan torpaqlarımızın hər bir qarışını geri qaytaracam...”

Gələcək bu gün böyüyən uşaqların xəyalları üzərində qurulub. Burada həmsöhbət olduğumuz şəhid övladlarının, gələcəyimizin təməllərinin arzu və istəklərini dinlədikcə qürurlandıq, Azərbaycanın gələcəyinin də əmin əllərdə olacağından şərəf duyduq.

Və elə bu ümidli və fərəhli hisslərlə də bu məkandan uzaqlaşırdıq... Artıq yavaş-yavaş günəşin zərrin şəfəqləri üfüqdə yox olurdu...

Sadəcə, qağayılar kimi masmavi dənizdə süzən şən, sevincli və qürurlu balaca sərnişinləri olan ağ yelkənli qayıqlar üzürdü dənizin ənginliklərinə, onların diləklərinə, arzularına sarı...

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video