23 Avqust 2019 00:59
1167
SİYASƏT
A- A+

Nəcib təşəbbüsün və xeyirxahlığın ünvanı


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim məcburi köçkünlərin yanındadır


Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub. Bu gün də belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilirlər ki, öz üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni məsuliyyəti doğru-düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.

İnsanlara mənəvi saflıq, düzgünlük və ədalət, humanizm, şəfqət, yaxşılıq etmək və kömək göstərmək kimi bəşəri dəyərlərin təbliğində istisnasız xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın haqqında söz düşəndə mütləq şəkildə onun xalqın sevimlisi, əzizi olduğu dilə gətirilir. Məhz bu kimi bəşəriliyinə, xeyirxahlığı, humanizmi əməli fəaliyyətində təbliğ etdiyinə görə Mehriban xanım Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyəti nəinki respublikamızda, eləcə də ölkə hüdudlarından kənarda daim yüksək qiymətləndirilib. Xüsusilə mənəvi və mədəni dəyərlərin qorunması üçün verdiyi töhfələr onu bir tolerantlıq rəmzinə çevirib. Fəaliyyətində daim humanizm prinsiplərini əsas götürən Mehriban xanım Əliyevanın sivilizasiyalar və dinlərarası dialoqdakı xidmətləri də ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.

Bu məram və məqsədlə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ən bariz nümunədir. Təsadüfi deyil ki, 2004-cü ildə UNESKO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri seçilən Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə də layiq görülüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün humanizm siyasəti ilə fəaliyyətini davam etdirir və ölkənin ən həssas təbəqəsi sayılan, sosial problemlərlə baş-başa qalan məcburi köçkünlərin yanındadır, onların qayğılarını çəkməkdə, problemlərinin həllinə dəstək olmaqdadır. Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə də bütün bu xeyirxahlıq missiyası özünü təsdiqlədi.

150 məcburi köçkün ailəsinin məskunlaşdığı həmin yataqxanada olarkən yurd-yuvasını itirmiş bu insanlar dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışdılar, bu dəstəyi daim hiss etdiklərini söylədilər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva illərdir yataqxana həyatı keçirən məcburi köçkün ailələrinə baş çəkərkən bundan sonra da onlara diqqət və qayğı ilə yanaşılacağını, mənzil şəraiti ilə təmin olunacaqlarını bildirdi: "Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə bir il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur”.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə 131 şagirdin təhsil aldığı Zəngilan rayonunun 20 saylı tam orta məktəbində də oldu. Mehriban xanım Əliyeva həmin gün Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park” yaşayış kompleksinə də gələrək qəsəbə sakinləri ilə görüşüb müraciətlərini dinlədi və onların problemlərinin həlli istiqamətində tapşırıqlarını verdi.

Məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri 103 yeni qəsəbə, şəhərcik salınmasıdır. Burada da ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub. Mehriban xanım Əliyeva qeyd etdi ki, şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb: "Amma yenə də hələ ki ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır... Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq”.

Azərbaycanın Birinci vitse-prezidenti xüsusi olaraq vurğuladı ki, fəaliyyətində ən vacib, mühüm güc mənbəyi xüsusən məcburi köçkünlərlə ünsiyyətdə olmaqdır: "...Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam”.

Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı fəaliyyətində torpaqlarımız uğrunda canından keçən əsgər və zabitlərimizin şərəfinin daim uca tutulması, onların ailəsinin dövlət qayğısı ilə hərtərəfli təmin olunması özünü daha qabarıq şəkildə göstərməkdədır. Bu yolda sağlamlığını itirmiş vətən oğulları da diqqətdən kənarda qalmayıb. Üç il bundan öncə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin həyata keçirilməsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşərək, onlarla səmimi söhbət də etdi. Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğuladı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər”.

"Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma ən böyük sərvətimiz Azərbaycan xalqıdır” deyən birinci xanım onu da vurğuladı ki, Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili yenidən həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

Mehriban xanım Əliyeva hələ Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməmişdən illər öncə də xeyirxahlıq missiyası ilə özünə dərin rəğbət qazanıb. Onların arasında yurd-yuvası təcavüzkar Ermənistan tərəfindən darmadağın edilmiş bir milyondan artıq qaçqın və məcburi köçkünün olması isə təbiidir. Axı bu insanlar daha çox sosial yardıma, mənəvi dəstəyə ehtiyacı olanlardır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video