23 Avqust 2019 00:56
704
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sənayesində məhsul istehsalı 15,7 faiz artıb


Bu, ölkənin dayanıqlı inkişafının təmin edilməsində mühüm faktordur


Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. İki əsrə yaxındır ölkəmiz neftin əsas istehsalçılarındandır. İstər Çar Rusiyası dövründə, istərsə də SSRİ dönəmində bu dövlətlərin əsas neft təchizatçısı Azərbaycan olub. Bir sözlə, iqtisadiyyatımızda neft sənayesi flaqman sayılıb.

Müstəqilliyi yenidən əldə etdiyimiz ilk dövrlərdə yeganə ümid yerimiz yenə də neftlə bağlı idi. "Əsrin müqaviləsi” bağlandıqdan sonra ölkəmiz neftin sayəsində düşdüyü dərin iqtisadi böhrandan çıxa bildi. Həmin müqavilədən əldə edilən gəlir ölkənin ümumi inkişafını təmin etməyə imkan verdi. Beləliklə, hərtərəfli iqtisadi inkişafa nail olmaq üçün islahatlara başlandı. Məqsəd qeyri-neft sektorunu inkişaf etdirməklə neft amilindən asılılığa son qoymaq idi.

Aparılan islahatlar sayəsində, xüsusilə qeyri-neft sektorunun inkişafına nail olmaq üçün dövlət tərəfindən iri məbləğdə kapital qoyuluşu həyata keçirildi. Milyardlarla ölçülən bu məbləğ qeyri-neft sektorunun inkişafında və infrastrukturun genişlənməsində böyük dönüş yaratdı. Bu yolda ölkənin ümumi inkişafının təməli qoyuldu.

Dünyada inkişaf etmiş ölkələrin əsas parametrlərindən biri sənayenin inkişafıdır. Yüksək texnika və texnologiyalardan istifadə edərək bol məhsul istehsal edən dövlətlər inkişaf etmiş ölkə sayılır. Ölkəmiz də buna nail olmaq üçün sənayenin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə əsas yeri texnoparklar və sənaye məhəllələri tutur. Burada müasir texnologiyalardan istifadə edilir, istehsal olunan məhsul keyfiyyətinə görə dünya standartlarına cavab verdiyindən xarici bazara da çıxarılır.

Sənayenin inkişafında iki hədəf əsas götürülüb. Birincisi, sənayeni inkişaf etdirməklə ölkənin daxili tələbatını ödəmək və bu yolla idxalı azaltmaqla valyuta axınının qarşısını almaq. Digəri isə dünya bazarına keyfiyyətli məhsul çıxarmaqla daha çox valyuta əldə edərək ölkənin maliyyə dayanıqlığını təmin etməkdir.

Məlumdur ki, neftin qiyməti dünya bazarında sabit olmur, kəskin bahalaşma ilə yanaşı, qısa müddətdə kəskin ucuzlaşma da baş verir. Belə hal ölkənin maliyyə dayanıqlığına mənfi təsir göstərir. Sənayenin inkişafı və dünya bazarına sabit şəkildə məhsul ixracı isə ölkəni belə risklərdən qoruyur.

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsinə, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilərək müvafiq normativ hüquqi sənədlər hazırlanmışdır.

Ölkədə sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Prezidentin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Bununla bağlı xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanmış, müəyyən tədbirlər həyata keçirilmişdir. Səmərəli idarəetməni həyata keçirmək məqsədilə Prezidentin 24 aprel 2013-cü il tarixli fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Fərmanla müəyyənləşdirilmişdir ki, sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parkının yaradılmasında əsas hədəf innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, habelə ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, eyni zamanda əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun təmin edilməsinə nail olmaqdır.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında müxtəlif stimullaşdırıcı tədbirlər tətbiq olunur. Vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərə uyğun olaraq sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Dövlətin verdiyi dəstək sayəsində aqropark və sənaye məhəllələrinin yaradılması, eləcə də çoxlu sənaye müəssisələrinin tikilərək fəaliyyətə başlaması öz müsbət nəticəsini göstərir. Belə ki, vaxtında görülən tədbirlər sayəsində qeyri-neft sənayesində cari ilin 6 ayında 15,7 faiz artım qeydə alınıb. Ümumilikdə isə ölkənin neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində vergi daxilolmalarında bu sektorun payı 70,1 faizə çatıb. Belə hal ölkənin dayanıqlı inkişafının təmin edilməsində, həmçinin neftdən asılılığın aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video