23 Avqust 2019 00:33
559
İQTİSADİYYAT
A- A+

Bacarıqlı mütəxəssis, səriştəli işçi müvəffəqiyyətin təminatçısıdır


Ölkəmizdə həyata keçirilən beynəlxalq neft-qaz layihələrində çalışanların 90 faizini Azərbaycan vətəndaşları təşkil edir


Hazırda neft-qaz layihələri çərçivəsində dənizdəki və qurudakı əməliyyatlarda, eləcə də tikinti işlərində çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır. "Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə sazişin imzalandığı ilk dövrlərdə isə onların sayı xeyli az idi. Odur ki, yerli işçilərin sayının getdikcə artırılması və 90 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulmuşdu.

Ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, hazırda burada çalışan, o cümlədən müddətli müqavilə əsasında işləyən Azərbaycan vətəndaşlarının sayı 2510 nəfərdir. Keçən ilin ortalarından şirkətin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisas tələb olunmayan işlərdə çalışanların isə hamısı yerli sakinlərdir.

Şirkət milli işçi qüvvəsinin nisbətinin artırılması ilə bağlı kadrların milliləşdirilməsi üzrə beşillik plan hazırlamışdı. Bu planın hədəfi 2018-ci ilin sonuna qədər milli işçi qüvvəsinin nisbətini 90 faizə çatdırmaq idi. Plan həm daimi, həm müddətli müqavilə əsasında işləyən ixtisaslı işçiləri, həm də layihələrə birbaşa şirkət tərəfindən cəlb edilmiş müvəqqəti işçi qüvvəsini əhatə edirdi. Əvvəllər xarici əməkdaşların icra etdiyi ixtisaslı vəzifələrin əksəriyyətində milli kadrların çalışmağa başlaması ilə hələ 2018-ci ilin ortasında hədəfə nail olundu.

Keçən il BP-nin Azərbaycanda yüksək vəzifə tutan yerli işçilərinin sayı 358-ə çatdı. Bu, yerli ofisdə işləyən yüksək vəzifəli işçilərin 63 faizdən çoxu və ondan əvvəlki ilə nisbətən 3 faiz artması deməkdir. Yüksək vəzifəli yerli işçilərin təxminən 18 faizi qadınlardır və onlar qurudakı, eləcə də dənizdəki əməliyyatlarda, insan resursları və maliyyə sahəsində çalışırlar. Bundan əlavə, 2018-ci il ərzində daha 41 yüksək vəzifəli Azərbaycan vətəndaşı BP-nin qlobal biznesi üzrə təyinatla başqa ölkələrdə işləyirdi. Bu ilin birinci yarısında daha 10 nəfər yerli işçi şirkətin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər işlərə təyin olunub.

Keçən ilin sonunda qeyri-ixtisaslı işçi heyəti tam milliləşdirildi. Podratçıların öz milliləşdirmə planlarını hazırlayıb həyata keçirmələri üçün dəstəklənməsi davam edir. Bu işlərə təcrübə mübadiləsi, icra göstəricilərinin hazırlanmasına kömək və onların tətbiqinə nəzarət daxildir. Beləliklə, keçən ilin sonunda podratçıların və subpodratçıların milliləşdirilməsi də 90 faizə çatıb.

Təcrübə göstərir ki, işçi heyətini milliləşdirməklə yanaşı, azərbaycanlı mütəxəssislərin xaricdə, əcnəbilərin isə Azərbaycanda təyinatla çalışması inkişaf üçün çox faydalıdır. Keçən il şirkətin 78 nəfər yerli əməkdaşı BP-nin Azərbaycandan kənardakı müxtəlif obyektlərində əcnəbi mütəxəssis kimi işləyib. Onların təxminən üçdəbiri quru və dəniz əməliyyatları üzrə ixtisaslaşıb.

Azərbaycandakı əcnəbi əməkdaşların sayı isə keçən ilin sonunda 256 nəfər idi. Onların üçdəikisi Birləşmiş Krallıqdan, təxminən dörddəbiri isə ABŞ-dan gəlib. Qalanları Braziliya, Kanada, Misir, Gürcüstan, Hindistan, İndoneziya, Meksika, Oman, Trinidad və Tobaqo, eləcə də Türkiyədəndir.

Hər il keçirilən yay təcrübələri də düzgün kadr seçiminə müsbət təsir göstərir. Keçən il tələbələrin işə qəbulu proqramı çərçivəsində 670-ə qədər ərizə qəbul edilib. Nəticədə 40-a yaxın tələbə yay təcrübəçisi kimi işə götürülüb.

Kadrların inkişafı daim diqqət mərkəzindədir. Məsələn, təkcə 2018-ci ildə əməyin təhlükəsizliyi, texniki, idarəetmə və biznes davranışları üzrə regionda geniş çeşidli təlimlər keçirilib. Yerli əməkdaşlara öz ixtisas sahələri üzrə əlavə dərəcə və sertifikat almaqda yardım göstərilməsi davam edir.

Xəzər Təlim Mərkəzində quyuya nəzarət sertifikasiya təlimləri də müntəzəm olaraq keçirilir. Ötən il operatorların təlim simulyatorlarının optimallaşdırılması proqramı çərçivəsində nəzarət otaqlarında çalışan 50-dən çox texnik üçün sahəyə aid müxtəlif təlimlər təşkil edildi.

BP Azərbaycan şirkətinin 2018-ci ilin yekunlarına aid "Davamlı inkişaf haqqında hesabat”ında deyilir: "Azərbaycanda güclü milli işçi qüvvəsi yetişdirmək əsas prioritetlərimizdən biri olaraq qalır. İş təcrübəsi az olan və ya heç olmayan gənclərin təliminə sərmayə qoyur, yeni istedadları cəlb edir və bütün karyera səviyyələrində işçilərimizə geniş çeşiddə inkişaf və karyera imkanları təklif edirik”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video