23 Avqust 2019 00:27
1469
Mədəniyyət
A- A+

Çaldıran döyüşündən 505 il keçir


1514-cü il avqustun 23-ü... Maku şəhəri yaxınlığında, Çaldıran düzündə cahana hökm etmək cürətində olan iki türk ordusu üz-üzə dayandı. Qanlı döyüşün başlaması artıq qaçılmazdı. Səfəvi və Osmanlı döyüşçüləri hücuma keçəcək və türk millətinin tarixinə fəlakət, faciə dolu bir səhifə yazacaqdılar...


Döyüşə qədər nələr baş vermişdi...


1501-ci ildə hakimiyyətə gələn Səfəvilər dövləti Şah İsmayıl Xətainin (1486-1524) sərkərdəlik və döyüşçü məharəti ilə getdikcə güclənirdi. Şahın başçılığı ilə igid və sədaqətli qızılbaşlar ordusu Ağqoyunluların süqutundan sonra qısa müddətdə tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməyə müvəffəq oldu.

Səfəvilərin hakimiyyətini möhkəmləndirməməsinə çalışan, bunun üçün Ağqoyunlu rəhbərlərinə yardım göstərən Osmanlı hökmdarının səyləri boşa çıxdı. Səfəvilər dövlətinin zəfərləri isə Sultanı II Bəyazidi daha da təşvişə saldı. Ancaq o, Səfəvi hökmdarı ilə döyüşməyə cürət etmədi və 1504-cü ildə Səfəvilər dövlətini tanıdı. Digər tərəfdən, 1481-1512-ci illərdə hakimiyyətdə olan Sultan II Bəyazidi daha çox ölkənin mədəni inkişafı düşündürürdü. Tədqiqatçılar Səfəvilərin gözəl şair olan hökmdarı I Şah İsmayılla II Bəyazid arasında yaxşı münasibət olduğunu yazırlar.

O zaman Osmanlı hökumətinin daxilində gedən çəkişmələr, taxt-tac sevdası davam edirdi. II Bəyazidin üçüncü oğlu böyük qardaşlarını qətlə yetirməklə özünə hakimiyyətə gəlmək üçün yol açdı. I Sultan Səlimin (1512-1520) dövründə Osmanlı dövlətinin qızılbaşlarla münasibəti dəyişdi. Hakimiyyətə qardaş qırğınları ilə gəlmiş yeni sultan planlar qurmağa başladı. O, Avropa ölkələri ilə sazişlər bağladı, yardım üçün Mavərənnəhrin özbək padşahı Ubeydulla xanın razılığını aldı.

Sultan I Səlim babası Fateh Sultan Mehmet kimi ölkənin ərazilərini genişləndirmək istəyirdi. Bu yolda ən böyük maneə isə I Şah İsmayıl və onun qüdrətli ordusu idi. Hökmdarlar arasında münasibətlər gündən-günə kəskinləşir, bir-birinə söyüş dolu məktublar göndərirdilər.

Osmanlı sultanı 1514-cü ilin yazında Ədirnədə gözlənilməz toplantı keçirdi. Toplantıda Osmanlı alimləri qızılbaşlarla savaşın bütün müsəlmanların müqəddəs vəzifəsi olduğunu söylədilər. Sultanın vəzirləri isə bildirdilər ki, Şah İsmayılla savaş qorxulu olacaq.

Sultanın göstərişi ilə ölkənin hər yerindən qoşun yığıldı. 140 min nəfərlik bir ordu yaradıldı və qızılbaşlarla vuruşa hazır vəziyyətə gətirildi.


Şah İsmayılın sadiq və igid qızılbaşları...


I Şah İsmayılın ən mühüm qərarlarından biri dini islahat keçirilməsi oldu. O, hələ 1501-ci ilin payızından, Təbrizə daxil olduğu ilk günlərdən islamın şiə təriqəti, daha dəqiqi, imamilər təriqətini dövlət dini elan etdi.

...Şeyx oğlu Şah İsmayılın bir sözü ilə tərəddüd etmədən ölümə getməyə hazır olan mürşidləri onun əmrinə müntəzir idilər. Onların arasında anadolulular da vardı. Hələ Ərdəbil dövründə Səfəvilərin hərbi-siyasi qüvvə kimi meydana çıxmalarında, hakimiyyətə gəlmələrində Anadoludakı türk-qızılbaş tayfaları əhəmiyyətli rol oynamışdı. Sonrakı illərdə də birbaşa hakimiyyəti altında olmasalar da, onların Səfəvilərlə sıx əlaqələri vardı. Səfəvilərlə döyüşə hazırlaşan Osmanlı hökuməti üçün bu qüvvələr böyük qorxu, xof yaradırdı. Çünki müharibə ərəfəsində imperiya ərazisində yaşayan qızılbaşlar üsyan qaldıraraq Sultan I Səlimə böyük zərbə vura bilərdilər. Ona görə də sultan çox qəddar bir qərar verərək onların təxminən 40 minini sürgün və edam etdirdi. Beləliklə, Sultan I Səlim Yavuz Çaldıran döyüşünədək Anadoludan gözlənilən təhlükələrdən canını qurtara bildi.

Sultan I Səlimin qoşunu Osmanlı-Səfəvi sərhədi boyunca axan Çaysu çayını keçib Ərzincana daxil oldu. Ərzincan hakimi Nurəli Xəlifə Rumlu Şah İsmayılın göstərişiylə şəhərdən çıxıb Azərbaycana doğru çəkildi. Osmanlı sultanı haqlı olaraq düşündü ki, bu, Şah İsmayılın siyasi gedişidir. Doğrudan da, Səfəvi hökmdarının niyyəti döyüşü yubatmaq, sultan qoşununu qışda sınağa çəkmək idi. Ancaq vəziyyət getdikcə gərginləşir, döyüş günü yaxınlaşırdı...


Osmanlı sultanına meydan oxuyan şah


...Çaldıran düzü döyüş meydanına çevrildi. Səfəvilər tərəfdə mərkəzdə Nizaməddin Əbdülbaqinin, Məhəmməd Kəmunənin və Şərəfəddin Əlinin, sağ cinahda Durmuş xan Şamlının, sol cinahda isə Diyarbəkir hakimi Məhəmməd xan Ustaclının başçılığı altında qızılbaşların dəstəsi yerləşdi. Şah İsmayıl özü seçmə hissələrlə sağ cinahda idi. Osmanlı döyüş qüvvələrinin isə sağ cinahına Anadolu bəylərbəyi Sinan paşa, sol cinahına Rumeli bəylərbəyi Həsən paşa başçılıq edirdi. 300-ə yaxın top mərkəzdə artilleriyaya yerləşdirildi. Səvəvi döyüşçülərinin topları görə bilməmələri üçün onların qarşısında xüsusi hissələr düzüldü. Artilleriyanın arxasında piyada nişançılar sıralandı. Yeniçərilərin qarşısında və ətraflarında qatırları, dəvələri bir-birinə zəncirlərlə bərkidilmiş arabalarla birgə yerləşdirdilər. Topların sıraları da zəncirlərlə bağlandı. Sultan Səlim şəxsi hərbi dəstəsi ilə yeniçəri qüvvələrinin arxasında dayandı.

Çaldıran vuruşması 1514-cü il avqustun 23-ü səhər başladı. Sarı Pirə Ustaclının başçılığı ilə qızılbaş tayfalarından ibarət seçmə daimi ordunun döyüşçüləri - qorçilər şiddətli hücuma keçdilər. Osmanlı ordusu ağır itkilər verməli oldu.

Salnaməçilər döyüşdə Səfəvi hökmdarının və qızılbaş döyüşçülərinin böyük qəhrəmanlıqları barədə yazmışlar. Məlumatlara görə, I Sultan Səlim təhlükəsiz yerdə gizlənərək döyüşü izlədiyi halda Şah İsmayıl meydanda cövlan edərək onu təkbətək döyüşə çağırırdı. Sultan Səlim Səfəvi hökmdarının qarşısına ən yaxşı sərkərdəsi Əli bəy Malquçoğlunu göndərdi. Şah İsmayıl ilk zərbəsiylə Osmanlının yenilməz sayılan sərkərdəsini öldürdü.

Topsuz, tüfəngsiz qızılbaş ordusu sayca dəfələrlə az olduğu, Avropa nümunəsi ilə qurulmuş, o dövrün ən yüksək hərbi silah-sursatı ilə gücləndirilmiş Osmanlı ordusuna qarşı döyüşürdü. Bütün bunlara baxmayaraq, qızılbaşlar Çaldıranda böyük hünər göstərdilər.


Çaldıran döyüşünün ağır nəticələri...


Qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə kimi sərkərdələrini itirdilər. Döyüş meydanında yaralanmış şah ordusunun sağ qalan hissəsi ilə mühasirəni yarıb ölkənin daxilinə doğru çəkilməli oldu. Çaldıranda osmanlılar da az qurban vermədilər. Sərkərdələrindən Həsən paşa, Əli bəy Malquçoğlu, Üveys bəy, Süleyman bəy həlak oldular. Ayrı-ayrı mənbələrdə bu döyüşdə həyatını itirənlər barəsində fərqli, ziddiyyətli məlumatlar yer aldı. Şərəf xan Bitlisi "Şərəfnamə”də qızılbaşların görkəmli sərkərdələrindən əlavə 5 min süvarinin də həlak olduğunu yazdı. Səfəvi salnaməçiləri cəmi 5 min nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı olduğunu bildirdilər. Osmanlı salnaməçiləri isə bu rəqəmin türklərdə 30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu yazdılar.

Hücuma keçən Osmanlı ordusu Xoy, Mərənd və Təbrizi ələ keçirdi. Ancaq qoşun Təbrizdə bir neçə gün qala bildi. Osmanlı ordusunda, xüsusən yeniçərilər arasında narazılıq artmışdı. Çünki yeniçərilər böyük hissəsi Səfəvi dini ideologiyasına çox yaxın olan bəktaşiliyə beyət edirdilər.

Sultan I Səlim geri çəkilən minlərlə sənətkar ailəsini İstanbula köçürməyi də unutmadı. Onlar 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən sonra şəhərdə həyata keçirilən bərpa işlərində çalışdılar.

Çaldırandakı məğlubiyyətin yaralarının sağalması çox çətin oldu. Səfəvilər dövləti bir sıra ərazilərini itirdi, hərbi-siyasi nüfuzuna böyük zərbə dəydi. Deyilənə görə, bu döyüşdəki məğlubiyyətdən sonra I Şah İsmayıl daha heç bir vuruşda iştirak etmədi. Bəlkə də Çaldıran döyüşü öncəsi verdiyi qərarlarını dönə-dönə yada saldı. O günədək böyük hərbi zəfərlər qazanmış I Şah İsmayıl cəngavər ruhlu, igid sərkərdə idi. O, odlu silaha yox, qılıncının və biləyinin gücünə arxalanmağı seçmişdi. Sayca da az olan döyüşçülərini topsuz-tüfəngsiz çıxarmışdı Sultan Səlimin ordusunun qarşısına. Döyüşdən qabaq sərkərdələrinin odlu silahların atəşindən yayınmaq üçün gecə hücumları təşkil olunması təklifini qəbul etməmişdi. Şah İsmayıl "Mən karvanbasan quldur deyiləm” demişdi.

Çaldıran döyüşü Sultan I Səlimin də şanlı zəfəri olmadı. Çünki Çaldıran düzündə ölən də, öldürən də, məğlub olan da, qalib gələn də türk millətinin övladlarıydı. İki böyük türk hökmdarı - Şah İsmayıl Xətai ilə Sultan I Səlim münasibətlərindəki anlaşılmazlıqları, bir-birinə bəslədikləri kin-küdurəti aradan qaldıra bilmədilər. Narazılıqların qanlı savaş meydanınadək gedib çıxmasında digər qüvvələrin də böyük rolu oldu. Belə ki, XVI əsrin başlanğıcında Şərqdə ciddi güc olan iki türk imperiyasının varlığı çoxlarını qorxuya salmışdı. Bir sıra Avropa ölkəsi də bu iki türk dövlətini bir-biri ilə vuruşdurmağa, zəiflətməyə çalışırdı...

Çaldıran döyüşündə qalib olmadı. Bu döyüş bir millətin tarixi yaddaşında ən böyük ibrət dərsi kimi qaldı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video