22 Avqust 2019 21:50
418
SİYASƏT
A- A+

Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz


Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti "tanınmamış Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı”. Üstəlik, bu "görünməmiş bir qərar” kimi qələmə verilir. Onların təbirincə, "Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi isə donor rolunda çıxış edir”.

AZƏRTAC xəbər verir ki, bununla bağlı KİV-lərin sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib: "Erməni mediasının yaydığı bu məlumatlarla bağlı öncə onu xatırlatmaq istərdim ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər” və ya "referendum” adlandırdığı müxtəlif "tamaşalar” keçirir. Beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünü yekdilliklə dəstəkləyir, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı "seçkini” tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir.

Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini bir daha etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.

Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli idarəetmə orqanlarına seçkiləri” demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə "demokratiya ixracı”nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video