22 Avqust 2019 00:29
1331
SİYASƏT
A- A+

Ümid yeri


Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti insanlara mərhəmət, xeyirxahlıq kimi ali dəyərləri əxz etməyə yönəlib


Konkret həyat amalına, zəngin mənəviyyata malik insanlar dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin sahibinə çevrilirlər. Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirmiş Mehriban xanım Əliyeva gördüyü işlərlə cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilib.

Birinci xanımın 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına və yüksəlişinə hesablanan xoşməramlı missiya həyata keçirir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin dekabrında dünyasını dəyişdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü. Cəmiyyətin sosial sifarişi nəzərə alınaraq, 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradıldı. Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləmək idi.

Təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edən fond ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməyə başladı.

Fondun məqsədləri Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə Ulu Öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək idi.

Bununla yanaşı elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, eləcə də yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək fondun məqsədləri sırasına daxildir. Bütün bunlarla yanaşı fond Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə də öz dəstəyini göstərdi.

Fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram Ulu Öndərin ali ideallarını özündə təcəssüm etdirdi. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş fond qısa müddət ərzində humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazandı.

Bu bir həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən 15 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti uzun illərlə görüləcək işlərə bərabərdir. Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Fondun 15 illik fəaliyyəti keçmişlə gələcək arasında körpü yaratmağa, insanlara xeyirxahlıq, insanpərvərlik kimi ali dəyərləri əxz etməyə yönəlib.

Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin başlıca qayəsi var - insanlara təmənnasız yaxşılıq etmək.

Azərbaycan vətəndaşı Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirir, belə xeyirxah əməllərin nə qədər vacib olduğunu dərk edir, öz yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır. Xeyirxahlıq, mərhəmət, ədalət kimi ülvi və saf dəyərlər fondun fəaliyyətində parlaq xətt təşkil edir.

Fond tərəfindən həyata keçirilən sosial layihələrə nəzər yetirək.

Öncə fondun təhsil sisteminin inkişafına verdiyi töhfələrə diqqət etsək görərik ki, Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən qurum bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, yüzlərlə məktəb binası inşa olunub və ya yenidən qurulub.

Fond gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir. Qurumun müəyyənləşdirdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirib, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.

Azərbaycandan kənarda da çox mühüm proqramlar reallaşdıran fondun layihələri əsasən üç istiqaməti əhatə edir: ölkəmizin tanıdılması, o cümlədən xalqımızın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan və azərbaycanlılarla bağlı tarixi, mədəni irsin bərpası və qorunması; fondun məramına uyğun olaraq humanitar və sosial inkişafa kömək göstərilməsi.

Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını mədəniyyət günləri, sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş mərasimlər təşkil etməklə yerinə yetirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda "Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri” toplusu və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. 2012-ci ilin fevralında fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi və onun həyata keçirdiyi layihələr, habelə "Xocalıya ədalət!” kampaniyası son illər xüsusi əhəmiyyəti ilə diqqət çəkir.

Qaçqın və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlər də fondun fəaliyyətinin prioritetləri sırasındadır.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Bu günlərdə xalqımız müqəddəs Qurban bayramını qeyd etdi. Hər yerdə qurbanlar kəsildi, dualar oxundu. Birinci vitse-prezident bu bayramda da aztəminatlı ailələri unutmadı. Onun təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları paylanıldı. Bu da bir daha təsdiq etdi ki, sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramlar və əlamətdar günləri onlarla birlikdə qeyd edir.

Mehriban xanım Əliyevanın "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.

Göründüyü kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən əsas xətt yüksək humanizm və insanpərvərlikdir. Cəmiyyətdə böyük ictimai nüfuz qazanmış fond bu gün həm də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir. Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirərək onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədilə 15 ildir fəaliyyət göstərən fond Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video