22 Avqust 2019 00:26
1187
İQTİSADİYYAT
A- A+

Sahibkarlığın inkişafı qeyri-neft məhsulları istehsalını da artırır


Qeyri-neft məhsullarının ildən-ilə artmasında sahibkarlığın inkişafının xüsusi yeri var. Sahibkarlığın inkişafı sayəsində bu gün qeyri-neft sektorunda istehsal edilən məhsulun 77 faizi özəl sektora məxsusdur. Özəl sektora təkan verən başlıca amil isə dövlət tərəfindən onun dəstəklənməsi, xüsusilə güzəştli şərtlərlə kreditləşməsidir. Digər tərəfdən, dövlət ölkədə münbit investisiya mühiti yaradıb ki, bu da istər yerli, istərsə də xarici investorları Azərbaycana kapital qoyuluşuna təşviq edir.

Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm göstərdiyini vurğulayaraq demişdir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün xarici beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir... Güzəştli şərtlərlə verilən kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsindədir”.

Həyata keçirilən islahatlar, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bunun nəticəsidir ki, cari ilin 6 ayında ölkə iqtisadiyyatı 2,4, qeyri-neft sektoru 3,2 faiz artıb. Ən böyük uğurlar qeyri-neft sektorunda xüsusi çəkisi olan qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizə yüksəlib. Digər rekorda isə kənd təsərrüfatında nail olunub. Belə ki, ilin birinci yarısında kənd təsərrüfatında 13 faiz artım müşahidə edilib. Bitkiçilikdə isə bu rəqəm 25 faizdir. Bunun sayəsində qeyri-neft ixracımız da artaraq 15 faizə yüksəlib.

Məlumdur ki, iqtisadiyyatın və sahibkarlığın dinamik inkişafında kapital qoyuluşunun özünəməxsus yeri var. Qeyd etdiyimiz kimi, ölkədə münbit investisiya mühiti hökm sürdüyü üçün dünya iqtisadiyyatında baş verən neqativ amillərə baxmayaraq, bu gün həm yerli, həm də xarici investorlar tərəfindən kapital qoyuluşu uğurla davam edir. Cari ilin birinci yarısında müxtəlif mənbələrdən ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Sevindirici haldır ki, bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna yatırılıb. Kapital qoyuluşunda xarici investorlarla yanaşı, yerli sahibkarlar da fəal iştirak edirlər.

Ölkədə qeyri-neft sektorunun inkişafında həyata keçirilən sənayeləşmə siyasəti uğurla icra olunur. İlk sənaye parkları Bakı və Sumqayıtda yaradılsa da, indi onların regionlarda yaradılmasına üstünlük verilir.

Məqsəd həm ölkənin xammal potensialından maksimum istifadə etmək, həm də bölgələrin inkişafına, işsizliyin aradan qaldırılmasına nail olmaqdır. Bu məqsədlə bölgələrdə yaradılan 9 sənaye park və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq yatırılıb. Qeyd edək ki, burada kapital qoyuluşunda xarici sahibkarlarla yanaşı, yerli sahibkarlar da fəallıq göstərir. Yatırılan sərmayə sayəsində artıq həmin müəssisələrdə 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi xarici bazara göndərilib.

Aqrar sektorda məhsul istehsalının çoxalmasına bir səbəb də bu sahəyə özəl sektor tərəfindən sərmayə qoyuluşunun artmasıdır. Sahibkarlar regionlarda müasir texnika və texnologiyalardan istifadə edərək iri aqroparklar və fermer təsərrüfatları yaradır. Sözsüz ki, burada müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi məhsuldarlığın da artmasına imkan verir. Ölkədə 51 aqroparkın yaradılması istiqamətində işlər görülür. Artıq 22 aqropark fəaliyyətdədir, ilin sonunadək 11 aqroparkın da fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.

İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionlarda sahibkarlığın inkişafına müsbət təsir göstərir. Bugünədək 4 minə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində bölgələrdə 16 mindən çox yeni iş yerinin açılması reallaşıb.

Dövlət iri sahibkarlıqla yanaşı, kiçik və orta sahibkarlığın inkişafına da dəstək verir. Cari ildə həmin istiqamətdə görülən işlər bunu bir daha təsdiq edir. Belə ki, son 6 ayda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib. Müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalın, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video