21 Avqust 2019 00:46
581
İQTİSADİYYAT
A- A+

İslahatlar ölkənin iqtisadi inkişafını stimullaşdırır


Ölkənin dinamik inkişafında həyata keçirilən iqtisadi islahatların rolu böyükdür. Xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Bu sahə üzrə məhsul istehsalı ildən-ilə artır. Burada hazırlanan məhsulların bir çoxu ölkənin daxili tələbatını ödəməklə yanaşı ixrac da olunur. Belə hal idxalın azalmasına, ixracdan daha çox gəlir əldə edilməsinə imkan yaradır.

Bunun nəticəsidir ki, cari ilin birinci yarısında iqtisadiyyatda ümumi 2,4, qeyri-neft sektorunda 3,2, qeyri-neft sənayesində 15,7, ticarət dövriyyəsində 20 faizdən çox artım qeydə alınıb. Bununla yanaşı, qeyri-neft ixracı 15, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb. Valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsində olub. Hesabat dövründə əhalinin gəlirləri 2,5 faizlik inflyasiyanı üstələyərək 6,6 faiz artıb.

Həyata keçirilən iqtisadi strategiyanın bir məqsədi də ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün regionlarda müxtəlif iqtisadi layihələr icra edilir, bölgələrdə iri sənaye və kənd təsərrüfatı müəssisələri yaradılır. İqtisadi inkişafın regionlarla paylaşması həm inkişaf, həm də sosial məsələlərin həlli baxımından əhəmiyyətlidir.

Regionlarda yaradılan 9 sənaye park və məhəlləsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir. Artıq sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident isə fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq investisiya kimi qoyulub. Layihələrin icrası nəticəsində 11 mindən çox yeni iş yeri açılıb.

Qeyd edək ki, həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub. Onun da 300 milyon manatlıq hissəsi xarici bazara çıxarılıb.

Bölgələrdə sənaye sahəsi ilə yanaşı, aqrar sektorda da iri müəssisələrin yaradılması istiqamətində səmərəli iş aparılır. Regionlarda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Artıq 22 aqropark fəaliyyət göstərir. İlin sonuna qədər əlavə 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası üçün ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Qeyd edək ki, həmin layihələrin icrası 4 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Həyata keçirilən iqtisadi siyasətdə sahibkarlığın inkişafı da diqqət mərkəzindədir. Bu məqsədlə dövlət daim sahibkarları dəstəkləyir, onların normal fəaliyyəti üçün qanunvericilik bazasını təkmilləşdirir, əsassız yoxlamaları ləğv edir, lisenziyaların alınması tələb olunan sahələrin sayı məhdudlaşdırılır və prosedurları sadələşdirilir, güzəştli şərtlərlə kreditlər verilir. Bunun nəticəsidir ki, ölkənin ümumi məhsul istehsalında özəl sektorun payı ildən-ilə artır. Vurğulayaq ki, qeyri-neft sektorunda məhsul istehsalının 77 faizi özəl sektora məxsusdur. Bu da ölkədə aparılan uğurlu iqtisadi siyasət və həyata keçirilən islahatlar nəticəsində mümkün olub.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətin investisiya və sahibkarlıqla bağlı siyasətinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək demişdir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir”.

Biznes mühitinin inkişafına dövlət dəstəyi istər yerli, istərsə də xarici sahibkarları kapital qoymağa təşviq edir. Ölkəmizdə investisiya təşviqi sahəsində görülən işlər regionların inkişafında müsbət rol oynayır. İnvestisiya təşviqi mexanizminin uğurla icra edilməsi sayəsində bugünədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Görülən işlər iqtisadi inkişafa töhfə verməklə yanaşı, 16 mindən çox yeni iş yerinin açılmasını da reallaşdırıb.

Ölkənin dinamik inkişafı və sahibkarlıq fəaliyyətinin güclənməsinə təkan verən başlıca amillərdən biri də kapital qoyuluşudur. İqtisadiyyatın ardıcıl kapitallaşması ölkənin ümumi inkişafını təmin edir. Ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yoluna diqqət yetirdikdə görürük ki, kapital qoyuluşu ümumi tərəqqinin əsasını təşkil edir.

Cari ilin yanvar-iyul aylarında ölkə üzrə əsas kapitala 6131,6 milyon manat məbləğində vəsait qoyulub. İstifadə olunan vəsaitin 63,8 faizi istehsal obyektlərinin, 26,6 faizi xidmət sahələri üzrə obyektlərin, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 71,3 faizini daxili investisiya təşkil edir. Bu da onu göstərir ki, yerli sahibkarlar ölkə iqtisadiyyatına investisiya qoyuluşunda fəaldır. Sözsüz ki, yerli sahibkarların belə fəallığının bir səbəbi də ölkədə mövcud olan münbit investisiya mühiti və onların hüquqlarını qoruyan qanunvericilik bazasıdır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video