18 Avqust 2019 00:58
749
İQTİSADİYYAT
A- A+

İli uğurla başa vurmaq üçün möhkəm zəmin yaradılmışdır


Ölkə iqtisadiyyatında qazanılan nailiyyətlər bölgələrimizin inkişafını təmin etmiş, əhalinin güzəranını daha da yaxşılaşdırmışdır. Belə rayonlardan biri də Qazaxdır. Son illər burada həyata keçirilən tədbirlər nəticəsində qazanılan uğurlar sakinlərin dolanışığına müsbət təsir göstərməklə yanaşı, rayonun simasını başdan-başa dəyişmişdir. Cari ilin 6 ayı ərzində də bütün sahələr üzrə yüksək göstəricilərə nail olunmuşdur.

Həmişə olduğu kimi, yarım ildə aqrar sahədə qazanılan uğurlar daha da artmışdır. Belə ki, rayonun taxıl sahələrindən 42 min 330 ton məhsul götürülmüş, orta məhsuldarlıq 33,7 sentnerə yüksəlmişdir. Digər sahələrdə də göstəricilər yüksək olmuşdur. 2019-cu ilin yazında 21476,3 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilmiş, o cümlədən 1320 hektarda kartof əkilmişdir. Hazırda kartof yığımı sürətlə davam edir. İlkin göstəricilər onu deməyə əsas verir ki, bu il fermerlər 40 min tona yaxın məhsul əldə edəcəklər. Bundan başqa, cari il rayonda ipəkçilik sahəsində də müsbət göstəriciyə nail olunmuş, 7667,5 kiloqram barama istehsal edilmişdir.

Rayonda əkin sahələrinin vaxtında suvarılması rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Hazırda Qazaxda 18421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri mövcuddur. Bu sahələrin 11863 hektarı öz axını, 5558 hektarı isə nasos stansiyaları vasitəsilə suvarılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hələ payız və qış aylarında bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin bilavasitə rəhbərliyi və köməyi, eləcə də rayon suvarma sistemləri idarəsi kollektivinin iştirakı ilə arxlar təmizlənmiş, idarənin balansında olan 21 nasos stansiyasında cari və əsaslı təmir işləri görülmüş, kanallar lildən təmizlənmiş, hidroqurğuların təmiri aparılmışdır.

Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə bir sıra işlər həyata keçirilmişdir. Nəticədə rayon Məşğulluq Mərkəzinə 26 müəssisədən 2004 vakant iş yeri təqdim olunmuşdur. Mərkəzdə qeydiyyatda olan 1581 nəfər işaxtaran vətəndaşa 1406 göndəriş verilmişdir. Onlardan 786 nəfəri daimi işlə təmin edilmişdir.

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 420 nəfər rayon sakini "DOST İş Mərkəzi” MMC-yə haqqı ödənilən ictimai işə göndərilmişdir. Bundan başqa, rayon Məşğulluq Mərkəzinə SOCAR tərəfindən 90, "Azərişıq” ASC tərəfindən 55 boş iş yeri daxil olmuşdur. Mərkəzdə qeydiyyatda olan vətəndaşlar həmin yerlərdə daimi işlə təmin edilmişlər.

Ümumilikdə son 15 ildə və cari ilin birinci rübündə rayonda 362 yeni müəssisə yaradılmışdır və həmin müəssisələrdə 14,4 min daimi olmaqla 17,3 min yeni iş yeri açılmışdır.

Rayon iqtisadiyyatı da yarım ildə xeyli irəliləmişdir. Belə ki, ilkin hesablamalara görə, 6 ayda rayon üzrə məhsul istehsalının dəyəri 96,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının həcmi keçən ilə nisbətən 3,8, sənaye məhsullarının həcmi isə 13,1 faiz çox olmuş, orta aylıq əməkhaqqı 350 manata çatmışdır.

Cari ilin ötən dövrü ərzində rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində təmir-tikinti işlərinin həcmi də xeyli genişlənmişdir. Proqramda həmçinin 11 məktəb binasının əsaslı şəkildə təmir olunması nəzərdə tutulmuşdur. Artıq Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri yekunlaşmış və təhsil ocağl bu ilin fevral ayında istifadəyə verilmişdir. Hazırda Qaymaqlı kənd tam orta məktəbinin tikintisində işlər sürətlə davam etdirilir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə İsmayıl Şıxlının adını daşıyan 1176 şagirdlik Kosalar kənd tam orta məktəbinin əsaslı təmirinə başlanılmışdır. Kənd sakinləri məktəbin əsaslı şəkildə təmir edilməsini xalq yazıçısına verilən yüksək qiymət kimi dəyərləndirirlər.

Rayonda məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması da davam edir. Hazırda rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə yerləşir. Sevindirici haldır ki, bu gün 25 körpələr evi-uşaq bağçasından 21-i əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Yaxın vaxtlarda qalan 4 uşaq tərbiyə müəssisəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video