18 Avqust 2019 00:51
1065
Mədəniyyət
A- A+

Nağılabənzər illərdən rəssamlığa gedən yol...


Dekorativ-tətbiqi sənət ustası, rəssam, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Kərimova-Yansson 1971-ci il aprelin 18-də Bakıda dünyaya göz açıb. Ömrünün ən qayğısız, nağılabənzər illərinin - uşaqlığının xatirələri ilə doludur bu şəhər. Bakının köhnə məhəllələrindən birində - 2-ci Xrebtovaya (sonralar Həmid Sultanov, indiki İsmayıl Qutqaşınlı) küçəsində yerləşən baba ocağında böyüyüb. Orada - ana babasının evinin yerləşdiyi o məkanda sanki bütün olanlar bambaşqaydı. Məhəllələri, döngələri, axşamüstü pəncərələrdən süzülən işığı, günəşli günlərinin istisi, heç əskik olmayan küləyinin şıltaqlıqları, bəzən isə həzin səsi, pıçıltısı ilə mistik görünən, sanki ruhuna sığal çəkən, kimliyini formalaşdıran o yerlər Tanrının gözəl qisməti idi...

Uşaqlığını şirin nağıla bənzədən, ömrünə unudulmaz illəri yazan o illərdən danışır müsahibimiz rəssam Kəmalə Kərimova-Yansson: "Həyətimizdə ana babamın müharibədən qabaq əkdiyi əzəmətli ağ tut ağacı bizi kölgəsi ilə qoruyar, barı ilə sevindirərdi. Səhər tezdən qaymaq-lavaş satan qadının səsinə oyanardıq. Yayın qızmar istisində əynində uzun tumanı, belində əlvan güllü-butalı şalı, başında ipək kəlağayısı olan bir qadının geyimi məndə xüsusi maraq yaradardı. Əslində, ərzaq məhsulları satan bu tipli adamlar məhəlləmizdən tez-tez keçərdilər. Onların müxtəlif üslubda olan geyimlərini izləyər, böyük həvəslə rəsmlərini çəkməyə çalışardım. Dağlı məhəlləsində alacağım isti çörəyin təndirdən çıxarılmasını gözləyəndə belə bu barədə düşünərdim. Və evə çatan kimi xəyalımda çəkdiklərimi dərhal həyata keçirməyə tələsərdim. Maketləri plastilin, saman çöpü, taxta, parça və boyalar vasitəsilə canlandırardım. Hər zaman bitən əl işimi pəncərəmizin taxça hissəsində saxlayardım. Küçəmizin yuxarı başında görkəmli incəsənət xadimi, dramaturq Cəfər Cabbarlının evi (indiki ev-muzeyi) yerləşirdi. İncəsənətə marağım olduğundan hərdən bu ocağı ziyarət edər, ədibin qorunan şəxsi əşyalarına maraqla baxardım”.

O qədim, doğma məhəllələrində keçirilən Novruz bayramları, toy şənlikləri onun üçün xüsusilə sevincli olardı. Novruz bayramında qonşu uşaqlarla birlikdə papaq atar, yığdıqları bayram payını sevincək bir masaya toplayıb sonra bölüşərdilər. Toya hazırlaşan qonşuları Cahan xalanın pəncərəsindən görünən hündür kəllə qənd, əlvan şamlar, nabatlar, üstü zərli atlasla örtülü iri xonçalar təsəvvüründə yeni mövzular yaradardı. "Çox qəribə hisslər keçirərdim, - Kəmalə Kərimova-Yansson bildirir: - Elə bil keçmişlə bağlılıq hiss edirdim. Memarlıq, müxtəlif personajlar mənim üçün hədsiz dərəcədə maraqlı idi. Musiqini də çox sevirdim. Musiqi təhsilim olmasa da, evimizdə olan pianoda özüm sərbəst ifa etməyi öyrənmişdim, hətta not dəftərləri də almışdım”.

Şəkil çəkməyə marağı böyük idi. Qonşuların, tanışların portretlərini, cizgi filmlərindən fraqmentləri çəkirdi. Yuxarı məhəllədə xalçaçı qadın var idi, həm xalça sexində işləyir, həm də evində hana qururdu. Onlara gedib ilmə vurmağı öyrənərdi. "İçimdə bir axtarış var idi. Sanki ruhumun dəqiq sənət ünvanını axtarırdım. Nəhayət, doqquz yaşımda Yuri Qaqarin adına Bakı Pionerlər Sarayına (indiki Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi) dərnəyə yazıldım. Əvvəlcə xalça, sonra rəsm dərnəyinə getdim. Bir gün dərnəyə tez gəldiyimdən dəhlizdə gözləməli oldum. O an dəhlizin başında yerləşən hündür, açıq qapı diqqətimi cəlb etdi. Yaxınlaşıb otağa boylandım. Müxtəlif yumşaq oyuncaqlar, çərçivəli aplikasiya işləri, iri büstlər var idi. Maraqlanıb bu dərnəyin adının "Bacarıqlı əllər” olduğunu öyrəndim. Səhəri gün getdiyim dərnəyi dəyişib bu qrupa gəldim. Həmin gün və o açıq qapı həyatıma, taleyimə açılan sənət yolu oldu. Bu ərəfələrdə məktəbdən bizi Azərbaycan Tarix Muzeyinə ekskursiyaya apardılar. Orada eksponatları, çeşidli milli geyimlərimizi, güləbətin və muncuqla bəzədilən araqçınları, başmaqları, tikmələri gördüyüm an sənət seçimimin möhürünü vurdum. Öz-özümə "mən yalnız bu işlə məşğul olacaqam” deyərək qəlbimdə həm sevınc, həm də rahatlıq tapdım. Bu günədək də həmin hisslərlə işləyirəm, yaşayıram”.


Cəngavər libasında...


Bir gün baba ocağından köçməli oldular. Onda Kəmalə xanımın on yaşı vardı. O gündən həyatında yeni mərhələ başladı. O, təhsil aldığı 172 saylı orta məktəbi 254 nömrəli məktəblə dəyişməli oldu. Baba ocağından ayrılmaq ona çox pis təsir etmişdi. Lakin o, həmişə güclü olmaq istəyirdi və özünü cəngavər libasında hiss edirdi. Bir də sənət eşqi tükənməz idi. Muzey təəssüratları ilə nağıllarımızın, cizgi filmlərimizin qəhrəmanlarının oyuncaqlarını düzəldirdi.

Nəhayət, peşə seçmək məqamı gəldi. Çoxdan verdiyi qərarı həyata keçirdi, rəssamlıq sənətini seçdi. İndiki Bakıxanov qəsəbəsindəki 84 saylı texniki peşə məktəbində çini və saxsı qablar üzrə rəngkarlıq sənətinə yiyələndi. Məktəbi başa vurduqdan sonra yalnız tikmə ilə işləməyə üstünlük verdi. Bir müddət müxtəlif yerlərdə, mədəniyyət sahəsində çalışdı. Peşəkar rəssamlardan, ustalardan maraqlı sənət təcrübələri öyrəndi. Xüsusilə Gənc texniklər dərnəyi, Şirvanşahlar sarayı muzeyi və "YUĞ” teatrı onu rəssam kimi püxtələşdirdi. Bu illərdə böyük səxsiyyət, istedadlı rejissor Vaqif İbrahimoğlu ilə tanış olması, onun yaratdığı teatra - "YUĞ” teatrına gələn yaradıcı insanlarla, əvəzsiz sənətkarlarla maraqlı ünsiyyət qurması, sənətin sirlərini öyrənməsi Kəmalə xanım üçün həm fəlsəfi, həm də yaradıcılıq baxımından bir təkan idi. Bir tərəfdən də sərgilərdə, tədbirlərdə fəal iştirak edirdi. Milli geyimlər, qədim tikmələr, dekor-butafor işləri ilə daim məşğul olur, yeni ideyalar axtarırdı. Məqsədi, arzusu yaradıcılığını milliliyə, tarixi yaddaşa kökləmək, güləbətin, quşgözü, muncuqla tikilən yelpik, Quran qabı, pul kisəsi, mücrü, tütün qabı, pərdə üstləri, balınc örtükləri, mütəkkə, süfrə və digər məişət əşyaları vasitəsilə mədəniyyətimizin zənginliyini təbliğ və inkişaf etdirməkdi. O, bunu özünə mənəvi borc hesab etdiyini deyir. Vurğunu olduğu bu sənətin cəfasını çəkməyə, yolunda əziyyətlərə qatlaşmağa da hər zaman hazır olduğunu söyləyir.

Qədim geyimdə olan şəxsi tarixi fotolardan, əldə etdiyi köhnə milli geyimlərimizdən, etnoqraflarımızın yazdıqları kitablardan bəhrələnir. Və istər tikmələrinə ilmə vurarkən, istər milli geyim, araqçın və başqa milli sənət nümunələri hazırlayarkən xalq musiqimizin sədaları altında işləyir. Onun üçün milli tikmələr, geyimlər, musiqimiz, nəsildən-nəslə ötürülən nağıllarımız, köhnə Bakının ab-havası, İçəri şəhər dünyası sanki vəhdət təşkil edir.

"Unudulmaz sənətkarlarımız Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Alim Qasımov, Fərqanə Qasımova, Vaqif Mustafazadə, Bülbül, Müslüm Maqomayev və başqa sənətkarların mükəmməl ifalarını dinləməkdən zövq alıram, Rübabə Muradovanın səsi isə mənim üçün ruhumun səsidir”, - deyir Kəmalə.


"Həyatımın yeni səhifəsi”...


Taleyə inanır. Elə 2010-cu ildə isveç millətindən olan insanla ailə qurmasını da Tanrının qisməti sayır. Qarşısına onu duyan və sənətini anlayan, dəstəkləyən bir insan çıxdığına görə taleyindən razıdır. Deyir: "Həyat yoldaşım bizim mədəniyyəti çox bəyənir, zövq alır, qiymətləndirir. Hətta evdə bizim mətbəxə üstünlük verir. Bütün sərgi və tədbirlərdə, iş prosesim zamanı lazım olan köməyi göstərir. Fikir, ruh, mədəniyyət fərqləri olmasına baxmayaraq, İsveçdə keçən həyatımda milli dəyərlərimizi qoruyur və yaşadıram. Sənət yolumu, fəaliyyətimi orada da davam etdirirəm. İsveçdə evimizdə "Azərbaycan” adlı şəxsi muzey yaratmışıq. İldə bir dəfə "Açıq qapı” adlı muzeyə ziyarət günü təşkil edirik”.

Otuz illik sənət yolunda müxtəlif ölkələrdə - Azərbaycan, Türkiyə və İsveçdə müxtəlif sərgilər, tədbirlər keçirib, müstəqil yerli, xarici KİV-də çıxış edib, məqalələri yayımlanıb. 2014-cü ildə Bakıda "YENİ GALLERY” sərgi salonunda "Azərbaycan milli geyimləri” adlı fərdi sərgi keçırib. 2018-ci ildə Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin dəvəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm dövlət tədbirinə qatılıb, əl işlərini, milli geyimlərimizi və qədim tikmələrimizi sərgiləyib. O qürurverici gündə bir azərbaycanlı, həm də rəssam kimi mədəniyyətimizə xidmət etdiyi üçün hədsiz sevinc hissi yaşayıb. Bu ilin 6 iyununda İsveçin Milli Günü münasibətilə Onge əyalətində "Azərbaycan mədəniyyəti” adlı fərdi sərgisini təşkil edib. Həmin tədbirdə milli geyimlərimizdən, qədim tikmələrimizdən ibarət kolleksiyası ilə yanaşı, şöhrətli sənətkarlarımızın - Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Lətif Kərimov, Səttar Bəhlulzadə və digərlərinin həyat və fəaliyyətlərini əks etdirən foto-məlumatları sərgiləyib. Tədbir boyu adıçəkilən bəstəkarlarımızın əsərləri və görkəmli müğənnilərimiz Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudovun ifa etdikləri mahnılar, eləcə də xalq və aşıq musiqilərimiz səsləndirilib. Kəmalə xanım deyir ki, sanki Azərbaycanın nəfəsi duyulurdu bu sərgidə: "İsveçlə Azərbaycan arasında əlaqələr yaratmış Nobel qardaşlarının Bakıdakı neft fəaliyyətinin tarixinin qızıl dövrünü bu sərgidə məlumatlandırmağı Azərbaycan xalqının nümayəndəsi və İsveç vətəndaşı olaraq özümə borc bildim. İsveç və digər millətdən olan qonaqlar bizim mədəniyyətimizin zənginliyinə heyran qaldılar”.


"Uğurlu günlərimiz çox olacaq”


Kəmalə Kərimova-Yansson görəcəyi işlərdən də danışır. Deyir ki, ən böyük arzum, məqsədim Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlətçiliyini respublikamızda və dıgər ölkələrdə layiqincə təbliğ və təmsil etmək, milli geyimlərimizi, qədim tikmələrimizi yeni nəslə çatdırmaq, dünyaya tanıtmaqdır: "Bu mühüm işdə mənə müxtəlif sahələrdə dəstək olan bütün səxslərə dərin təşəkkürümü bildirirəm. Bu səfərimdə məqsəd və fikirlərimi təqdim etdiyim Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə əlaqələr qurmaqda və mədəniyyətimizi təmsil etməkdə müraciətimə dəstəyi mənə böyük inam verdi. Ümid edirəm ki, dövlətimizin dəstəyi ilə mədəniyyətimizi təbliğ edəcəyimiz uğurlu günlərimiz çox olacaq”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video