18 Avqust 2019 00:35
1004
Mədəniyyət
A- A+

Məşhur sənətkarın müəmmalı ölümü


İstedadlı olduğu qədər də maraqlı, qeyri-adi… Onu belə tanıyırdılar. Yaradıcılığın hansı sahəsinə üz tuturdusa, uğur qazanırdı. Məşhur kinorejissor, aktyor, senarist, yazıçı, dramaturq, Rusiyanın Əməkdar incəsənət xadimi idi. Dövlət və Lenin mükafatlarına layiq görülmüşdü. O, ad-san üçün çalışmırdı. Şöhrət də, uğur da sanki Vasili Şukşini özü tapırdı.


Arzulara doğru..


O, 1929-cu il iyulun 25-də Altayın Biysk rayonunun Srostki kəndində dünyaya gəldi. Uşaqlıq illəri həmin kənddə keçdi. Atası Makar Şukşin sovet hakimiyyətinin kollektivləşmə siyasətinin güdazına getdi. Onu həbs etdilər. Və güllələdilər... 1956-cı ildə Makar Şukşinə ölümündən sonra bəraət verildi. O vaxtadək oğlu Vasilinin həyatında çox hadisələr oldu.

Ailənin bütün qayğılarını anası Mariya Sergeyevna çəkdi. Vasili bütün mehrini anasına saldı, onun söhbətləri həyata ilk bələdçisi, ilham mənbəyi oldu. 1943-cü ildə Vasili Şukşin Srostki kəndindəki yeddiillik məktəbi bitirib Biysk Avtomobil Kollecinə daxil oldu. Orada iki il yarım təhsil aldı. Ancaq texniki məktəbi bitirə bilmədi. 1945-ci ildə Srostki kəndinə döndü. Kolxozda işə başladı. 1946-cı ildə kəndi tərk etdi. 1947-1949-cu illərdə "Soyuzprommexanizasiya” trestinin müəssisələrində mexanik işlədi.

1949-cu ildə Şukşin Hərbi Dəniz Qüvvələrində xidmətə çağırıldı. Baltik Donanmasında dənizçi, sonra SSRİ Qara Dəniz Donanmasında radio operatoru oldu. Ədəbi fəaliyyətə də orduda başladı. Yazdığı hekayələri yoldaşlarına oxuyurdu. 1953-cü ildə Vasili Şukşində mədə xorası aşkarlandı. Onu hərbi donanmadan ehtiyata buraxdılar. Doğma Srostki kəndinə qayıtdı. 32 saylı Srostki kənd orta məktəbində attestat almaq üçün növbədənkənar imtahan verdi. Srostki kəndli gənclər məktəbində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışdı. Bir müddət hətta həmin məktəbin direktoru oldu.

1954-cü ildə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün Moskvaya yola düşdü. O, böyük şəhərə arzularının ardınca getsin deyə anası inəyini satdı...

Əvvəl institutun senarist şöbəsinə müraciət etdi. Sonra rejissorluq şöbəsinə daxil olmaq qərarına gəldi. Mixail İliç Rommun sinfində oxudu. Tələbəlik illərində müəlliminin tövsiyəsi ilə hekayələrini paytaxt nəşrlərinə göndərdi.

"Sakit Don” filminin ikinci bölümündə bir epizodla - hasarın arxasından görünən dənizçi rolu ilə aktyor Vasili Şukşinin kino həyatı başladı. 1958-ci ildə tələbə Şukşin "İki Fyodor” filminə çəkildi. Bu, kinoda ilk baş rolu idi. Aktyor karyerasında çox uğurla irəliləyirdi. Aparıcı rejissorlar ondan rol təkliflərini əsirgəmirdilər. 1960-cı ildə Mixail İliç Rommun sinfini bitirib, böyük həvəslə kino sənətində fəaliyyətini davam etdirdi.

1960-cı illərin əvvəlində bir-birinin ardınca bədii əsərləri işıq üzü görməyə başladı. 1961-ci ildə "Həqiqət”, "Nurlu ürəklər”, "Stepkinin məhəbbəti”, 1961-ci ildə "İmtahan”, "Dirsəkli vallar”, "Jurnalistika fakültəsindən Jelya Seleznyova” əsərləri çap olundu. O, 1963-cü ildə M.Qorki adına Kinostudiyada rejissor kimi çalışmağa başladı. Həmin il "Gənc qvardiya” nəşriyyatında "Kənd sakinləri” adlı ilk toplusu çapdan çıxdı. "Novıy mir” jurnalında iki hekayəsi - "Əla sürücü” və "Qrinka Malyuqin” dərc olundu. Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır” adlı ilk tammetrajlı filminin ssenarisini yazdı. Filmin çəkilişi həmin ilin yayında Altayda başladı və 1964-cü ildə başa çatdı. Film yüksək rəy aldı. Şukşinin maraqlı rejissor üslubu mütəxəssislərin diqqətini çəkdi.


Başıbəlalı film


Əsərlərini adətən gecələr şagird dəftərində yazırdı. Yaradıcılığında yazıçılıqla kinonu birləşdirirdi. Ömrünün son iki ili Vasili Şukşin üçün xüsusilə əlamətdar oldu. 1973-cü ildə ailəsi ilə birlikdə Pereyaslovski küçəsindəki dar mənzildən Boçkov küçəsindəki yeni, geniş mənzilə köçdü. "Xarakterlər” adlı hekayələr toplusu çapdan çıxdı. Toplu proza aləmində böyük hadisəyə çevrildi və kəskin müzakirələrə rəvac verdi.

Şukşin müəllimi M.Romm kimi teatrı sevmirdi. Amma Q.Tovstonoqov Böyük Teatrda onun "Enerjili adamlar” pyesi əsasında tamaşa hazırladı. Tamaşanın son məşqi 1974-cü ilin iyununda müəllifin iştirakı ilə keçirildi. O, gün Şukşin teatrdan gözəl təəssüratla ayrıldı.

Vasili Şukşinin görmək istədiyi işlərin sayı-hesabı yox idi. Onların çoxu reallaşmadı. 1965-ci ildə Stepan Razinin başçılıq etdiyi üsyan haqqında senari yazmağa başladı. Amma həmin filmi çəkməyə Dövlət Kinematoqrafiya Komitəsi razılıq vermədi. Onun üçün müəmmaya çevrilmiş qəhrəman Stepan Razin haqqında filmi çəkə bilməyən Şukşin "Qırmızı qovaq ağacı”nın çəkilişlərinə başladı. Bu filmə görə Vasili Şukşini çox incitdilər. Filmin operatoru Anatoli Zabolotski deyirdi ki, müzakirələr zamanı Şukşinin əlləri masanın üstündə titrəyirdi: "Bondarçuk daha sonra fikirlərini müəllifə izah etdi, lakin film nəzarətçiləri artıq şübhə altına alınan hər şeyi redaktə etməyə başlamışdılar. Sovet kinosunda həbs cəzası motivləri pis, əlverişsiz mövzu sayılırdı. Şukşindən də çəkinir, ondan təhlükəli, səs-küy salan kadrlar gözləyirdilər”.

Film barədə iradlar, düzəlişlər bitmək bilmirdi. Şukşinin xəstəliyi güclənirdi. Bəziləri xəstəliyin əsəb gərginliyindən, rəhbərliyin yersiz iradlarından şiddətləndiyini düşünürdü. Kino tarixçisi Valeri Fomin deyirdi: "O solğunlaşır, sonra isə ağarıb, yumağa dönərək üzüqoylu stulların üstünə düşüb qalırdı. Beləcə, ağrı keçməyənədək hərəkətsiz olurdu. O öz zəifliyindən utanırdı, belə anlarda heç kimə görünmək istəmirdi. Bunu bilən köməkçiləri belə hallarda onu tək qoymağa çalışır, pavilyondan gedirdilər. Onlar işıqları söndürüb siqaret çəkilən otaqda sakitcə otururdular. 20-30 dəqiqə keçdikdən sonra pavilyondan Şukşin çıxırdı. Ölümün özü kimi ağarmış vəziyyətdə...”.

Filmin çəkilişlərində yazıçılar Vasili Belov və Viktor Astafyev Şukşinin yanında olurdular. Sonralar Belov xatırlayırdı: "Çəkiliş qrupunun qərargahı olan Kolxozçu evində "Mosfilm”in işçilərinə tələsik nə edəcəklərini əmr etdi. Bu an Makaroviçin yalnız fiziki yorğunluğu deyil, həm də mənəvi yorğunluğu üzə çıxdı. O, "Qırmızı qovaq ağacı” ilə bağlı "Mosfilm”in yeritdiyi siyasətə görə narahat idi. Gah ikinci dərəcəli plyonka verilir, gah da xarab aparatura, gah çəkilmiş materialı aydınlaşdırmır, gah da tələsdirir və plan tələb edirdilər. Aktyorlardan kimlərsə gəlmirdi. Sabotajçılar çəkiliş qrupunun bəzi üzvləri idilər”.

Viktor Astafyev isə deyirdi: "Qırmızı qovaq ağacı”nın çəkilişləri zamanı Volodya (Şukşin) Voloqdada mənim evimdə olurdu. O, stul arxasına keçib qəhvə içdi, sonra siqaret çəkdi. Və məni bəzilərinin onun haqqında yazdıqları uyğunsuzluqlar heyrətləndirirdi... O, kəndli kimi təsvir olunurdu... Bəziləri onu sibirli kimi, ya bir oğru, başkəsən, ya da qaba kəndli kimi qeyd edirdilər. ...mənim qarşımdakı masada təkcə öz davranışları ilə deyil, öz manerası, zahiri görünüşü ilə bir ziyalı oturmuşdu”.

İlk sovet rəngli bədii filmi olan "Qırmızı qovaq ağacı”nın premyerası 1974-cü il martın 25-də keçirildi. Vasili Şukşinin bu filmi kinematoqrafiyada yeni bir mərhələ sayıldı. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında əsas mükafata layiq görüldü. Münsiflər heyəti öz rəyini belə açıqladı: "Yazıçı, rejissor, aktyor Şukşinin fitri və parlaq istedadı nəzərə alınmaqla festivalın baş mükafatı "Mosfilm”in "Qırmızı qovaq ağacı” filminə verilir”.


"Şukşin öz əcəli ilə ölmədi”


Vasili Şukşin içki düşkünü idi. Bu aludəçiliyi yaratdığı qəhrəmanların simasında da əksini tapırdı. Ətrafına yığılmış içki yoldaşlarının arasında məşhurlar vardı. Onların çoxu 50 yaşı keçmədilər. Vasili Şukşini üzləşdiyi maneələrdən, problemlərdən xilas etməyən içki asılılığı sürətlə ölümə aparırdı...

Rejissor Sergey Bondarçukun "Onlar vətən uğrunda vuruşurdular” filminin çəkilişlərindən sonra Şukşin qrim otağına getdi. Siqaret qutusunun üstündə səma, yağış, dəfn şəkilləri çəkdi. Səhəri gün - 1974-cü il oktyabrın 2-də, gərgin iş gününün sonunda çəkiliş meydanından kənardakı "Dunay” gəmisinə getdi... Yaxın dostu Georgi Burkov onu ölü tapdı. Ölümə səbəbi miokard infarktı olduğu bildirildi.

Onun vaxtsız ölümü barədə müxtəlif söz-söhbət yayıldı. Zəhərlənmədən, ürək tutmasından, müharibə səhnəsi çəkilişində aldığı ağır yaradan öldüyü deyildi. Vəfatının ildönümü ilə bağlı keçirilən mətbuat konfransında kinorejissor, aktyor Aleksandr Pankratov-Çornıy da iştirak edirdi. Onun içkili olduğunu anlamaq çətin deyildi. Əvvəlcə jurnalistləri təhqir etdi. Çıxışının sonunda isə dedi: "Şukşin öz əcəli ilə ölmədi. Bir neçə il bundan öncə Piket dağında uca səslə Şukşinin öldürüldüyünü qışqırdım. Bundan sonra mənə qarşı sui-qəsd edildi. Lakin mən sağ qaldım. Daha sonra KQB-nin polkovniki ilə görüşəndə məni niyə öldürmədiyini soruşdum. Cavabı qısa oldu: "Həqiqətə görə heç kəs öldürülmür”. O, Şukşinin ölümündə sovet hakimiyyətinin əli olduğunu düşünürdü.

Keçmiş sevgilisi Nona Mordyukova deyirdi ki, Şukşin çəkilişlər zamanı özünü çox yaxşı hiss edirdi və ürəyindən heç zaman şikayət etmirdi: "Onun cəsədini yarmadılar. Volqoqrada sink tabutda qrim olunmuş formada gətirdilər”.


Vasili Şukşinin son arzusu...


Həyatının çox hissəsini şəhərdə keçirsə də, əsl kəndli idi. Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır, əsərlərinə əyalət danışığının kaloritini gətirirdi. O, doğma kəndinə can atdı, rejissorluqdan, aktyorluqdan əl çəkib, anasının yanına köçmək, orada yalnız yazıçılıqla məşğul olmaq niyyətindəydi. Ömrünün sonuna yaxın əcnəbi jurnalistə müsahibədə demişdi: "Bu yaşımda anladım ki, hər yerə çatmaq olmaz, anladım ki, mənim yerim yazı masasının arxasıdır”. Şukşin anasına məktubunda yazırdı: "Ana, bir xahişim var, mən gəlməmiş evlə bağlı heç nə düşünməyin, yəni evi (sənin evini nəzərdə tuturam) satmayın. Gələrəm, nə etməli olduğumuzu düşünərik... Bu böyük filmdən sonra kino ilə az məşğul olmağı düşünürəm, lap az, ən yaxşısı yazmaq və evdə olmaqdır... Öz doğma yurdumda yaşayıb işləmək arzusundayam”.

Ancaq son arzusuna çata bilmədi. Doğma kəndinə əbədi köçən Vasili Şukşinin özü yox, heykəli oldu. Adı da Srostkiyə həmişəlik şöhrət gətirdi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video