18 Avqust 2019 00:26
1268
Səhiyyə
A- A+

Unutmaq mərəzi...


Unutqanlıq hamımızın tez-tez rastlaşdığı haldır. Gün ərzində hər birimiz telefon nömrəsini, adları, əşyaların yerini unuda bilirik. Xüsusən də son illər böyüklü-kiçikli çoxları unutqanlıqdan şikayət edir.

Mütəxəssislər deyir ki, əslində, unutmaq yeni məlumatı öyrənmək üçün gərəklidir. Bunlar beyində məlumatın işlənməsi müddətində olan, fizioloji olaraq normal sayılan unutmalardır. Bu unutmalar yeni məlumat öyrənmək üçün beyində əlavə həcm yaradır. Amma bunlarla yanaşı, unutqanlıq bəzi ciddi xəstəliklərin erkən əlaməti olaraq da özünü göstərə bilər. Bu xəstəliklərdən biri Azərbaycanda da rast gəlinən alzheimer xəstəliyidir.

Alzheimer bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq araşdırılan zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə pozulması ilə qarşıya çıxır. Xəstəliyə tutulanların sayı gündən-günə artmaqdadır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, 65 yaşdan yuxarı insanların 5 faizində, 80 yaşlıların 20 faizində, 90 yaşlı şəxslərin isə 30 faizində alzheimer xəstəliyi var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu rəqəmin 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir.


Xəstəliyin kəşfi


Xəstəlik ilk dəfə alman psixiatrı Alois Alzheimer tərəfindən kəşf olunub. O, işlədiyi Frankfurt Ağıl Xəstəlikləri xəstəxanasında 51 yaşlı qadın xəstəsini müayinə edərkən təsbit etdiyi bu tapıntının necə şərh olunmasını hələ bilmirdi, çünki o dövrün tibb kitablarında belə bir məlumat yer almırdı. Ağlını itirmə, epilepsiya və ağır psixiatrik pozuntular üzərində yeni inkişaf etdirilən texnikalarla araşdırmalarını davam etdirən Alzheimer bu xəstə qadında yaddaş, orientasiya, danışma pozuntusu, hallüsinasiyalar, paranoyya və gözlənilməz psixososial davranışları fərqləndirərək, xəstəxanaya yatırtdı və ciddi müşahidə altına aldı. Təxminən beş ilə qədər müşahidə etdiyi xəstəsi 1906-cı ilin aprelində vəfat etdi. Alzheimer, o vaxtlar çalışdığı Münih Kral Psixiatriya Klinikasında həmin qadının beynini yararaq çox əhəmiyyətli bəzi beyin toxuması dəyişikliklərini təyin etdi. Bu xəstədəki pozuntu ilə bağlı həm kliniki cədvəli, həm də mikroskopik tapıntıları tibb dünyasının diqqətinə təqdim edən Alzheimer, beləliklə, yeni xəstəlik kəşf edir və ona öz adını verir. Bəs alzheimer xəstəliyinin xüsusiyyətləri, əlamətləri, müalicə yolları hansılardır?


Bu unutqanlıq adi unutqanlıqdan fərqlənir


Psixoterapevt Orxan Fərəcli deyir ki, alzheimer demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəliyidir. Xəstəlik zamanı beynin yeni məlumatları öyrənmə potensialı azalır. Bu xəstələrin beynində məlumatların ötürülməsinə xidmət edən bəzi kimyəvi maddələr çatışmır. Beynin yaddaşla və yeni məlumatları öyrənməklə bağlı bölgələrinin normal fəaliyyəti pozulur. Alzheimer irəliləyən - proqressiv xəstəlikdir. Xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin tədricən itməsi ilə nəticələnir. Bu zaman xəstənin işində, şəxsi, sosial həyatında getdikcə artan ciddi problemlər yaranır: "Bəzən evin içində otaqları səhv salmaq, evin yolunu tapmamaq, illərdir yaşadığı bölgədəki məkanları qarışdırmaq, danışarkən düzgün kəlmə seçməkdə çətinlik çəkmək xəstəliyin ilk əlamətləridir. Bu xəstəlik zamanı yaranan unutqanlıq adi unutqanlıqdan fərqlənir. "Mən bu otağa niyə girmişdim?” tipində unutqanlıq deyil. Daha ciddi və həyatı zədələyən unutqanlıqdır. Bu xəstəlik adətən xırda unutqanlıqlarla başlayır. Məsələn, şəxs yeməyin altını söndürməyi unudur, marketə gedəndə almalı olduğu 10 ərzaqdan 6-sını xatırlaya bilmir. Bu unutqanlıq get-gedə artır və özünü daha ciddi məsələlərdə göstərir. Evin yolunu tapa bilmir, bir dəfə verdiyi sualı 5 dəqiqə sonra yenə verir, uşaqlarının, nəvələrinin adlarını xatırlaya bilmir. Bəzən gecə ilə gündüzü qarışdırır, hamıya yaxşı məlum olan tarixi günləri, ad günlərini unudur. Artıq o şəxsin yanında mütləq adam olmalıdır. Çünki evdən çıxıb geri qayıda bilməz, itər. Ən sonda isə adi hərəkətləri belə (qapını açmaq, çay içmək və s.) bacarmamaq, özünü idarə edə bilməmək mərhələsinə çatır. Bu mərhələdə xəstələr mütləq qulluğa ehtiyac duyur, 24 saat nəzarət altında saxlanmalıdırlar. Adətən belə xəstələrin yaxınları deyir ki, "necə ola bilər yaddaşında problem var, axı 30-40 il əvvəlki hadisələri xatırlayır”. Bəli, alzheimer zamanı yaddaş məhz belə pozulur - əvvəl təzə xatirələr, hadisələr beyində itir, sonra köhnələr”.


Boksçular da risk altındadır


Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəbi, nədən qaynaqlandığı dəqiq məlum olmasa da, bəzi ehtimallar var. Beynin keçirilmiş infeksion xəstəlikləri, yaddaşın itirilməsi ilə nəticələnən kəllə-beyin travmaları, damar problemləri, tez-tez təkrarlanan depressiyalar, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsi ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi, daun sindromu, hipotiroidizm, eləcə də genetika gələcəkdə alzheimer olma ehtimalını artırır: "Hələ ki, alzheimer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməyib. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimalı var. Bəzi insanlarda bu xəstəliyin simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş alzheimerin ən böyük səbəbidir. Bu xəstəliyə 65 yaşdan sonra hər 14 insandan birində, 80 yaşdan sonra isə hər 6 nəfərdən birində rast gəlinir. Buna baxmayaraq, xəstəlik yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan aşağı 40 mindən çox alzheimer xəstəsi var. Bir çox insan isə irsi olaraq bu xəstəliyə tutulmaqdan qorxur. Hazırda alimlər xəstəliyin irsilik dərəcəsini araşdırırlar. Xromosomlarının tərkibindəki fərqlərə görə 50 yaşı keçmiş daun xəstələrinin alzheimer xəstəliyinə tutulma riskləri yüksəkdir. Baş və boyun nahiyəsindən ağır yaralananlar, başlarından davamlı zərbələr alan boksçular da risk altındadırlar. Həmçinin tədqiqatlar göstərir ki, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterini və şəkəri olan insanlar da yüksək risk daşıyıcılarıdır. Siqaret çəkməməklə, sağlam pəhrizlər saxlamaqla və orta yaşdan etibarən daim qan təzyiqi və xolesterini yoxlatmaqla bu riskləri azalda bilərsiniz. Sağlam çəkiyə malik olmaq, fiziki, sosial və əqli fəaliyyətlərin daxil olduğu aktiv bir həyat sürmək də riskləri azaldır”.


Xəstəliyin tam müalicəsi olmasa da...


Orxan Fərəcli xəstəliyin diaqnozunun yalnız dəqiq kliniki-patoloji müayinələrdən sonra qoyulduğunu qeyd edib. Belə ki, xüsusi testlərlə şəxsin yaddaşı yoxlanır. Bəzən beynin ölmüş hüceyrələrinin və beynin həcminin kiçildilməsinin dərəcəsini müəyyənləşdirmək üçün MRT müayinəsinə də gərək olur. Dəqiq diaqnoz qoyulandan sonra müəyyən dərmanlarla xəstəliyin irəliləməsinin qarşısı alına bilir. Lakin xəstəliyin tam müalicəsi təəssüf ki, hələ də yoxdur: "Buna baxmayaraq, xəstəliyin əlamətlərini yüngülləşdirən, inkişafını yavaşladan dərman müalicəsi mövcuddur. Dərmanlarla sadəcə problemin dərinləşməsinin qarşısını ala bilirik. Amma itirilmiş vəziyyəti bərpa etmək çətindir. Alzheimer xəstələrinin beyinlərində kimyəvi maddə olan asetilkolin çatışmır. Beyni mövcud asetilkolinlə təmin edən dərmanlar təyin edilir. Bu dərmanlar müəyyən vaxt çərçivəsində, xüsusilə də 6-12 ay ərzində xəstəliyin simptomlarını sabitləşdirirlər. Müalicəni nevroloq da, psixiatr da yaza bilir. Xəstədə davranış pozuntuları, özünə zərər vermə, paltarlarını soyunmaq, söyüş söymək kimi hallar da varsa, psixiatrın baxması daha məsləhətdir. Çünki bu davranış pozuntularını aradan götürmək üçün də əlavə dərmanlara ehtiyac ola bilər”.

Psixiatr vurğulayıb ki, diaqnozun erkən qoyulması üçün qətiyyən gecikmək olmaz. Bu xəstəlik zamanı müalicədə gecikmə beynin ölümü ilə nəticələnə bilir ki, onu bərpa etmək çətindir. Xəstəlik nə qədər erkən aşkarlansa, ağırlaşma tezliyi bir o qədər az olar: "Erkən mərhələdə diaqnozun qoyulması olduqca əhəmiyyətlidir. Odur ki, ailənizdə yaşlı insanların vaxtında həkim müayinəsindən keçməsinə çalışın. Yaxınlarınız arasında alzheimer xəstəliyinin simptomlarından hər hansı birinə və ya bir neçəsinə rast gəlsəniz, mütləq həkimə müraciət edin. Müalicə tez başlanarsa, xəstəliyin irəliləməsinin qarşısını almaq və ya zəiflətmək mümkün olar”.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video