17 Avqust 2019 00:30
2098
SİYASƏT
A- A+

Qafqazın logistika və tranzit məkanı


Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə açıq dənizə çıxışı olmayan Azərbaycan ölkələri birləşdirir


Əlverişli coğrafi mövqeyindən yararlanaraq Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan həm də Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir.

Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan isə bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Yəni artıq nəqliyyat-logistika aspektində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.

Azərbaycanın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunəsidir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

3 il öncə hazırlanan logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində də bütün bunların reallaşması üçün hədəflər müəyyənləşib. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.

Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi qarşıya qoyulan ən ümdə hədəflərdən biridir. Onu da əlavə edək ki, bu gün Azərbaycan dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə sərmayə yatırır. Çindən Avropaya və geriyə yükdaşımalar üçün ən qısa nəqliyyat marşrutu olan, Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti bunun əyani sübutudur.

Cənab İlham Əliyev bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən bildirib: "Coğrafi yerləşməmizdən istifadə edərək biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

Ölkənin tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur. Son 16 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində həyata keçirilən layihələrə nəzər yetirsək bunu aydın şəkildə görərik.

Bu gün mövcud nəqliyyat-tranzit imkanları Azərbaycana iqtisadi dividendlər qazandırmaqdadır. Təkcə bu ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulayıb ki, bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Bu dövr ərzində "Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. "Şimal-Qərb” və "Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, 6 ayda "Şimal-Qərb” nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. "Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Bu il aprelin 25-27-də Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-tranzit imkanları və bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən vurğulamışdır ki, Azərbaycan dövləti müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla yalnız ölkəni mühüm nəqliyyat mərkəzinə çevirməyib, eyni zamanda, "Şərq-Qərb” və "Şimal-Cənub” dəhlizləri layihələrində iştirak edən dövlətlər arasında əməkdaşlığa töhfə verib: "Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.

Çinin "Bir kəmər, bir yol” təşəbbüsünü lap əvvəldən dəstəklədiyini söyləyən cənab İlham Əliyev vurğulayıb ki, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Xatırladaq ki, Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb və müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən beynəlxalq layihələr regional əməkdaşlığın genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb. Lakin işğalçı Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Azərbaycanın ərazisindən keçən bütün beynəlxalq layihələrdən Ermənistan təcrid edilib. Bu siyasət münaqişə davam etdiyi müddətdə dəyişməyəcək, işğalçı ölkə çox ağır durumda qalacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video