17 Avqust 2019 00:29
577
İQTİSADİYYAT
A- A+

Daha 660 min təqaüdçünün pensiyası artacaq


Ölkədə həyata keçirilən uğurlu islahatlar sayəsində əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsi daha da güclənir, həyat səviyyəsi yüksəlir. Prezident İlham Əliyev ötən ilin sonunda cari ildə əhalinin sosial müdafiəsində əsaslı dəyişikliklər olacağını bəyan etdi. Bundan sonra ölkə əhalisinin müxtəlif kateqoriyadan olan vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirmək məqsədilə bir sıra fərman və sərəncamlar imzaladı.

O cümlədən, xəbər verildiyi kimi, dövlət başçısı 2019-cu il avqustun 14-də "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalamışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur.

Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və başqalarının əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə əhalinin sosial müdafiəsinə böyük əhəmiyyət verildiyini vurğulayaraq demişdir: "Bildiyiniz kimi, bu ilin əvvəlindən çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb... Sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video