16 Avqust 2019 00:45
2174
SİYASƏT
A- A+

Dövlət sərhədləri etibarlı qorunur


Azərbaycanın sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycanın qurucusu, dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

16 avqust 2000-ci il tarixli sərəncamla əbədiyaşar lider şanlı yubileyimizin təməlini qoydu: milli sərhəd mühafizəsinin tarixini kökündən başladı. Məhz həmin tarixdən başlayaraq 18 avqust respublikamızda sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu qərar tarixi varislik prinsipini və milli sərhədçilik yaddaşını bərpa etdi. Milli maraqlarımızı daim önə çəkən böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərdi.

Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram, gələcəyinə inam hissi ilə yanaşır, bugünündən qürur duyur. Bu hisslərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur. Ulu Öndər Heydər Əliyev sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin mühüm vəzifəsi kimi dəyərləndirmiş, sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, sərhəd siyasətinin konseptual müddəalarını müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmış, bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir.

Dövlət sərhədimizin Azərbaycan sərhədçiləri tərəfindən qorunması milli dövlətçiliyin mühüm atributlarından olaraq xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün əsas təminatlardan biridir.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, hərbi hissələrin və bölmələrin təcrübəli heyətlə komplektləşməsindən asılıdır. Kadr hazırlığı Dövlət Sərhəd Xidmətinin fəaliyyətində çox əhəmiyyətli və xüsusi diqqət yetirilən sahədir. Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində bu sahədə ciddi çətinliklərlə üzləşmişdir. Sovet dövründə ölkəmizin yalnız cənub sərhədlərində sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Respublikamızda C.Naxçıvanski adına hərbi liseyin yaradılması və hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsilə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olmuşdur. Uzaqgörən dövlət xadiminin diqqət və qayğısı sayəsində sovet dövründə hazırlanmış hərbçilər müstəqillik illərində kadrların hazırlanmasında böyük rol oynadılar.

Kadr hazırlığı məsələləri müstəqillik illərində də böyük dövlət xadiminin daim diqqət mərkəzində idi. 1993-cü ildə xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin möhkəmlənməsi və inkişafı üçün də əhəmiyyətli oldu. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törətsə də, mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı.

1992-ci ildən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması son nəticədə dövlət sərhədinin etibarlı mühafizəsinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış "Sərhəd Qoşunları” fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı.

Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayında kadrların hazırlanması və təkmilləşdirilməsi kursları təşkil edildi. 2005-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin sahil mühafizəsinin tədris mərkəzi fəaliyyətə başladı.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci il iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzaladı. 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular.

2010-cu il avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin akademiya kompleksi istifadəyə verildi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnmələri, fiziki hazırlıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün şərait yaradılmışdır.

Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ilin oktyabr ayında istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni tədris korpusunun 2018-ci il mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır. 2019-cu ildə DSX Xüsusi Məktəbinə qəbul olunmaq üçün müraciətlərin sayının 1200-dən artıq olması və 1 kursant yerinə 26 nəfərdən ibarət müsabiqənin yaranması DSX Xüsusi Məktəbinin qısa müddət ərzində orta təhsil müəssisələri arasında böyük nüfuz qazanmasının göstəricisi olmuşdur.

Əgər əvvəllər əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin sərhəd mühafizə orqanlarının əməkdaşları üçün tədrisin təşkili barədə müraciətlərin edilməsi, o cümlədən hazırda Tacikistandan olan kursantların DSX Akademiyasında hərbi təhsil almaları Dövlət Sərhəd Xidmətinin beynəlxalq nüfuzunun göstəricisidir.

DSX-də peşəkar kadrların hazırlanması üçün hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, son illər ərzində sərhədçi idmançılar dünya və Avropa çempionatlarında, respublika birinciliklərində, müxtəlif beynəlxalq turnirlərdə 1248 qızıl, 831 gümüş, 971 bürünc medal qazanmışlar. Bu sırada Dövlət Sərhəd Xidmətinin "Sərhədçi” İdman-Olimpiya Mərkəzinin dünya miqyasında tanınmış idmançılarından baş leytenant Cəbrayıl Həsənov, leytenant Hacı Əliyev, baş leytenant Rəsul Çunayev, leytenant Rüstəm Orucov, kapitan Nicat Şıxalizadə, leytenant Fəridə Abıyevanın adlarını xüsusi qeyd etmək lazımdır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd təhlükəsizliyi strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilməsi sayəsində xidməti-döyüş fəaliyyətində ciddi uğurlar əldə olunmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın sərhəd mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətinin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlmişdir.

Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir.

İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. 2016-cı ildən başlayaraq Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mi-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.

Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, Azərbaycanın MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə qeyri-real görünsə də artıq günümüzün reallığıdır. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü il iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-2019-cu illərdə altı dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.

Cari il iyul ayının 31-dən avqust ayının 2-dək "Xəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilmiş taktiki təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların ən yüksək səviyyədə icra olunması, çətin üzmə şəraitinə baxmayaraq DSX Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin şəxsi heyəti tərəfindən yüksək döyüş hazırlığının və peşəkarlığın nümayiş etdirilməsi dənizdə mükəmməl sərhəd mühafizə infrastrukturunun formalaşdırılmasının əyani ifadəsi oldu. İyul ayının 26-da İran İslam Respublikasının "Şəbahəng” quru yük gəmisinin qəzaya uğraması zamanı 9 nəfərdən ibarət olan gəmi heyətinin xilas edilməsi DSX Sahil Mühafizəsinin yeni gəmilərinin yüksək manevr və sürət imkanlarını bir daha nümayiş etdirdi.

Sərhədçilər hər zaman hərbi, mənəvi-psixoloji, fiziki hazırlıqlarının yüksək səviyyədə olması ilə seçiliblər. 2019-cu il iyun ayının 12-də "Vətənə xidmət - andımız, amalımızdır” şüarı altında keçirilmiş möhtəşəm tədbirdə 5100 metr uzunluğunda dövlət bayrağımızı, başda generallar və zabitlər olmaqla, 5000 nəfərdən artıq sərhədçinin çiyinləri üzərində daşıması da dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağa sərhədçi ehtiramının, sərhədçi hörmətinin ifadəsi olmuşdur.

Sərhədçilər vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin olmasını daim arzulayırlar. Məhz buna görə də sərhədçilər həm vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında qəhrəmanlıq nümunələrini göstəriblər və bu gün də hər bir təhlükənin qarşısnı almağa hazırdırlar. Bu hisslərlə yaşayan sərhədçilər döyüş hazırlığına xüsusi fikir verirlər.

Sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nümunələri çoxdur. Torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, dövlət təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri şəxsi igidlik və şücaətə görə onlarla sərhədçi yüksək təltiflərə layiq görülmüşdür. Ötən əsrin 90-cı illərində baş leytenant Eldar Məmmədov, gizir Faiq Cəfərov, polkovnik İntiqam Atakişiyev, baş leytenant Əmiraslan Əliyev, sərhədçi kursant Bəhruz Mansurov "Azərbaycanın Milli Qəhrəmanı” adına, leytenant Tahir Bədəlov "Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşlər.

"Zaqatala” sərhəd dəstəsinin Qubek istiqamətində Hacı Maqomedovun və onun başçılıq etdiyi cinayətkar dəstənin zərərsizləşdirilməsində göstərdikləri şücaətə görə əsgər Anar İsmayılov (ölümündən sonra) və ağır yaralanan Təbriz Quliyev "Azərbaycan bayrağı” ordeninə, əsgərlər Cabir Murtuzov və Pərvin Rüstəmov "Igidliyə görə” medalına layiq görülmüşlər. 2008-ci ildə sərhəd pozucuları ilə döyüşdə həlak olmuş və ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş leytenant Qorxmaz Həşimovun fədakarlığı, 2009-cu ildə terrorçularla döyüşdə öz həyatı bahasına əsgər yoldaşlarının və komandirlərinin həyatını xilas etmiş, ölümündən sonra XXI əsrdə Azərbaycanın ilk milli qəhrəmanı adına layiq görülmüş əsgər Eltun İsgəndərovun qəhrəmanlığı əsl vətənpərvərlik örnəyi, vətəndaşlıq nümunəsidir.

Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu istiqamətdə müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı vacib yer tutur. Təcavüzkar Ermənistan istisna olmaqla digər həmsərhəd ölkələrin sərhədçilərilə ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir.

Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafı davam edir, dövlət sərhədlərinin mühafizəsi üzrə məsələlər dostluq və qarşılıqlı anlaşma şəraitində həll olunur. Türkiyə Silahlı Qüvvələrinin və Sahil Mühafizəsinin ali rəhbər vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri ilə mütəmadi görüşlər keçirilir, DSX ilə qardaş ölkənin Silahlı Qüvvələri arasında imzalanmış əməkdaşlıq planları çərçivəsində DSX əməkdaşları Türkiyənin hərbi tədris müəssisələrində quru sərhədlərinin mühafizəsinin təşkili, sahil mühafizəsi, aviasiya, tibb və digər sahələr üzrə təşkil edilən kurslarda iştirak edir.

2018-ci ildə imazalanmış "Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Saziş” Xəzəryanı dövlətlərin müvafiq qurumlarının sərhəd mühafizəsi sahəsində əməkdaşlığının inkişafına təkan vermişdir. Azərbaycan-Rusiya-Qazaxıstan sərhəd xidmətlərinin iştirakı ilə Xəzər dənizinin bioresurslarının qorunması və hər növ qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə mütəmadi birgə əməliyyat-profilaktiki tədbirlər keçirilir. Azərbaycan, Rusiya və Qazaxıstanın sərhəd xidmətlərinin sərhəd gözətçi gəmilərinin qarşılıqlı dostluq səfərləri və birgə təlimləri təşkil olunur.

Aparıcı Qərb dövlətləri (ABŞ, Böyük Britaniya, Belarus, Fransa, Niderland, İtaliya, Ukrayna, Yaponiya), Yaxın Şərq (İsrail, Səudiyyə Ərəbistanı və s.) və Asiya ölkələrinin (Pakistan, Əfqanıstan, Çin, Tacikistan və s.) sərhəd mühafizə orqanları ilə təcrübə mübadiləsi və əməkdaşlıq inteqrə edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiyaya qarşı mübarizə, dəniz sərhədlərinin müha-fizəsi, müvafiq sahələr üzrə peşəkar hazırlığın təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələrdə həyata keçirilir. Avropa İttifaqı, NATO, BMqT, BMT-nin İnkişaf Proqramı, BMT QAK, Frontex, GUAM və s. beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq dinamik şəkildə inkişaf etdirilir.

Avropa İttifaqının dəstəyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının iştirakı ilə regional və milli səviyyədə inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinin yaradılmasına dair bir sıra layihələr həyata keçirilmişdir.

Avropa Agentliyi FRONTEX-lə həyata keçirilən əməkdaşlıq çərşivəsində müxtəlif tədbirlərdə onlarla DSX əməkdaşı iştirak etmiş, sərhəd mühafizəsi, sərhəd nəzarəti və təlim-tədris sahəsində təcrübə mübadiləsi aparılmışdır.

ABŞ-ın "Sərhəd təhlükəsizliyi və ixrac nəzarəti”, "Müdafiəyə Təhdidin Azaldılması”, "Müdafiənin İkinci Xətti” və s. proqramları çərçivəsində əməkdaşlıq fəaliyyətləri davam etdirilir, narkotiklərin qanunsuz dövriyyəsi, radioaktiv maddələrin, kütləvi qırğın silahları və onların komponentlərinin yayılması və digər təhdidlərin qarşısının alınması istiqamətində əməkdaşlıq həyata keçirilir.

Dövlət Sərhəd Xidməti tərəfindən zəngin mədəniyyətimizin və qədim atçılıq ənənələrimizin beynəlxalq aləmdə təbliğatı məsələlərinə də ciddi töhfə verilir. Cari ilin may ayında DSX-nin atçılıq mərkəzinin süvarilər dəstəsinin və rəqs ansamblının təqdimatında Böyük Britaniyada "Vindzor Kral Atçılıq Şou”sunda "Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı möhtəşəm kompozisiya Birləşmiş Krallığın Kraliçası II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların böyük marağına səbəb olmuş, Qarabağ atlarının Azərbaycanın milli-mədəni irsinə aid olmasını növbəti dəfə nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən dövlət sərhəd-buraxılış məntəqələrində xidməti fəaliyyətin ən yüksək tələblər səviyyəsində təşkil olunması, dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurlarının optimallaşdırılması, əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə proseslərinin daha təkmil səviyyədə tənzimlənilməsinə nail olunması, xidmətdə ən müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin peşəkarlığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın təşkil olunması sərhəd nəzarətinin etibarlığını daha da artırmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli diplomatiyamızın böyük uğuru olan 3 sentyabr 2010-cu il tarixli "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilənin icrası üzrə 2018-ci ilin 22 fevral tarixində müstəqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının qoyulması və demarkasiya işlərinə başlanılması, ötən ilin 12 avqust tarixində Xəzər dəniz hövzə dövlətlərinin başçılarının V Zirvə toplantısında dövləti maraqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan sərhədçiləri onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər. Çünki şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə Ali Baş Komandan qarşısında qaldırılan bütün məsələlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artmış, 17 hərbi hissə və struktur qurum, o cümlədən Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi” İdman Olimpiya Kompleksi, "Sərhədçi” istirahət mərkəzləri, DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, DSX Xüsusi Məktəbinin yeni korpusu, xüsusi təyinatlı hərbi hissələr inşa olunmuş, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilmişdir. Ümumiyyətlə, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 740 xidməti bina istifadəyə verilmişdir.

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir.

Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində yeniliklərin öyrənilməsi, sərhədçi hərbi qulluqçuların sağlamlığının effektiv təminatı məqsədilə müasir texnologiyaların, qabaqcıl təcrübələrin tətbiq edilməsi, ən yeni tibbi avadanlıqların istifadəyə verilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. DSX Hərbi Hospitalının rəisi tibb xidməti polkovniki Kənan Yusif-zadənin Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti seçilməsi bu sahədə əldə olunmuş nailiyyətlərin beynəlxalq aləmdə sərhədçi həkimlərə böyük nüfuz qazandırmasının mühüm göstəricisidir.

Böyük fəxrlə qeyd edirəm ki, bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissələrinə 37 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2017-ci il iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, silahlı birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycanın sərhəd mühafizəsinə ən yüksək etimadının göstəricisidir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, 2005-ci ildə DSX aparatının inzibati binasında sərhəd dəstələrinə və hərbi hissələrə döyüş bayraqlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən təqdim edilməsi biz sərhədçilərə diqqətin və qayğının təcəssümü olmaqla yanaşı, həm də müstəqil Azərbaycan naminə əqidələri uğrunda savaşmış Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi repressiya qurbanlarının ruhuna ehtiramın ifadəsi olmuşdur. Cari il may ayının 24-də Dövlət Sərhəd Xidmətinin aparatının yerləşdiyi inzibati binada Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq "Siyasi repressiya qurbanları muzeyi”nin fəaliyyətə başlamasının əsas məqsədi də məhz milli dövlətçilik tarixinin və xalqımızın qan yaddaşının qorunub saxlanılmasına xidmət etmək olmuşdur.

Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılmış, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılmış, 388 nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti və qəhrəmanlıqları dayanır.

Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!

2016-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edildi, bununla da hərbi qüdrətimiz bütün dünyaya nümayiş etdirildi. Bu döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirakı, ümumi qələbənin əldə olunmasına ciddi töhfə vermələri hər bir Azərbaycan sərhədçisinin qürur yeri, Azərbaycanın sərhəd mühafizəsi tarixinin daha bir şanlı səhifəsidir!

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərb qüdrətinin zəfər yürüşünün davamıdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yaxın günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı "Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir!

Bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrük rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır!

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə daim hazırdır!

Elçin QULİYEV,

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video