16 Avqust 2019 00:38
548
SİYASƏT
A- A+

Ermənistan ordusunda fərarilik tüğyan edir


Həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır


Üzləşdiyi tənəzzüldən xilas ola bilməyən Ermənistanda digər sahələrlə yanaşı, ordu quruculuğu prosesində də yaşanan problemlərin miqyası davamlı surətdə genişlənməkdədir.

Elə bunun nəticəsidir ki, şəxsi heyətin itkisi baxımından qeydə alınanlar getdikcə daha da böyüyür. Ordu rəhbərliyində aparılan dəyişikliklər də problemin qarşısının alınması istiqamətində hansısa yeniliyə gətirib çıxarmır. Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır.

Təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində onlarla erməni hərbçisi həyatını itirib. Bir çox hərbçi isə zülmdən canını qurtarmaq üçün ya fərarilik edir, ya da ölkədən birdəfəlik qaçmaqla canını qurtarmağa çalışır.

Bunlardan biri də Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçdir.

O, hərbi bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.

Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirləri və digər hərbi qulluqçular tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomalardan və bədənindəki yaralardan da aydın görünür.

Dilicanda jurnalistlərlə söhbəti zamanı Ermənistanın müdafiə naziri David Tonoyan hələ istintaqın həyata keçirildiyini və hərbi qulluqçunun coğrafi baxımdan itdiyini hesab etdiyini bildirib. Deyib ki, hərbi qulluqçunun psixoloji problemlərinin olub-olmadığı barədə hələ danışa bilməz: "İş nəticəsində bu, aydın olacaq. Hamımız üçün kədərli hadisə olsa da, hesab edirəm ki, normal keçəcək”.

Erməni hərbçinin fərariliyi və könüllü surətdə Azərbaycan Ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Xəbər yayıldıqdan sonra erməni KİV-in əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək, hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Yəni ilk başda həqiqəti gizlətmədilər. Bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən Yerevan senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı. Erməni xəbər portalları "işgəncə” sözünü "azıb” ifadəsi ilə dəyişməyə başladılar. Yəni guya həbrçiləri qəsdən təslim olmayıb, "yolu azaraq o tərəfə keçib”.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir. Bir neçə ay bundan əvvəl beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk etmişdi. Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladının qaçma səbəblərinin hüquq mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirdilər.

Belə görünür ki, Paşinyanın dönəmində orduda vəziyyət daha da pisləşib. Erməni ekspert Janna Aleksanyan bu xüsusda çox maraqlı açıqlamalar verib: "Erməni əsgərləri cəbhə xəttində deyil, öz komandirlərinin və cəbhə yoldaşlarının əlində ölməyə davam edir. Ermənistan ordusunun qeyri-döyüş şəraitində verdiyi itkilərin böyük əksəriyyəti gərginliyin artdığı və "inqilab”dan sonrakı dövrə təsadüf edib. Ölüm hallarının hamısı intihar kimi qeydə alınıb. İnsanlar inqilaba dəstək oldu, onda iştirak etdi və indi bütün xalq öz problemlərinin, xüsusən də ordu ilə bağlı olan problemlərinin həllini tələb etmək haqqına sahibdir. Əgər belə hallar hələ də mövcuddursa, müdafiə sistemində hansı dəyişikliklərin baş verdiyini deyə bilmərəm”.

Janna Aleksanyan Gevork Aroyan hadisəsini xatırladaraq əsgərin alçaldılmalara məruz qaldığını bildirib: "Valideynləri onunla görüşəndə gözünün altında yaralar olub. Əgər əsgər yaralarla xidmət aparırsa və heç kim bunun fərqinə varmırsa, o hərbi hissənin komandir heyəti haradadır? Müdafiə naziri onları yanına çağırıb? Onlardan nə baş verdiyini, komandir heyətində niyə heç kimin bunun fərqinə varmadığını soruşub? Ən qəribəsi isə bundadır ki, belə bir hadisədən sonra müdafiə naziri David Tonoyanın ictimaiyyətə açıqlamasını görmədik. Müdafiə Nazirliyinə müraciət edən valideynlər də heç bir cavab ala bilmir”.

Bütün bunlar erməni ordusunda qanunsuzluqları göstərən çoxsaylı faktların cüzi bir hissəsidir. Ermənilər özləri də etiraf edirlər ki, dağılmaqda olan belə ordu ilə nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirmək, heç Ermənistanın özünü qorumaq belə mümkün deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video