15 Avqust 2019 01:05
1278
İQTİSADİYYAT
A- A+

25 ildir Azərbaycana xidmət edən layihə


"Əsrin müqaviləsi” bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq


Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” və "Dərinsulu Günəşli” yataqlarının xarici şirkətlərlə birgə işlənməsi üçün sazişin imzalanmasından 25 ilə yaxın vaxt keçir.

Sonradan "Əsrin müqaviləsi” kimi məşhurlaşan bu saziş imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdilər ki, məsələ elə kağız üzərində qalacaq. Çünki müqavilənin həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi və regional məsələlərdə öz həllini tapmalı idi. Ulu Öndər Heydər Əliyev diplomatiyası qarşıda duran məqsədə nail olmaq imkanı yaratdı.

Dünyanın ən tanınmış neft şirkətləri məhz Ulu Öndərin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdəki nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və "Azəri-Çıraq-Günəşli” (AÇG) kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar.

Prezident İlham Əliyev bu barədə belə demişdir: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınızsa, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi”.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın neft sənayesinin əsr yarımdan çox tarixi var idi. Bəs nə üçün dünyada çıxarılan neftin əhəmiyyətli hissəsini verən Azərbaycan öz sərvətlərinin sahibi ola bilməmiş, neft-qaz mərkəzlərindən biri kimi layiq olduğu şan-şöhrətə çatmamışdı?

Bu yalnız Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyev bunu belə izah etmişdir: "Birincisi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir və dünya birliyində özünə yer tutan müstəqil dövlət kimi təbii sərvətlərinin sahibi olmuşdur, onlardan istifadə edilməsi üçün lazımi yeni tədbirlər görməyə başlamışdır. İkincisi ondan ibarətdir ki, müstəqil Azərbaycan, onun dövləti öz iqtisadiyyatını inkişaf etdirmək və böyük təbii sərvətlərindən, xüsusən neft və qaz sərvətlərindən istifadə etmək üçün yeni neft strategiyası işləyib hazırlamış və onu həyata keçirməyə başlamışdır”.

Müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni neft strategiyası Azərbaycanın müasir tarixində müstəsna rol oynadı. "Əsrin müqaviləsi” ölkəmiz üçün beynəlxalq inteqrasiyanın başlanğıcı oldu və iqtisadiyyatın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etdi. O vaxtdan bəri Azərbaycanın təşəbbüsü ilə regionda neft-qaz, habelə infrastruktur sahəsində bir sıra transmilli layihələr həyata keçirilib. Zəngin enerji mənbələrinə və tranzit imkanlarına malik olan ölkə kimi Azərbaycan regional əməkdaşlıq məsələlərində konstruktiv rol oynayaraq bütün dünyanın tanıdığı etibarlı tərəfdaşa çevrilib. İndiyədək neft-qaz sektorunda aparılan şaxələndirmə siyasəti, həmçinin mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunması işinə öz layiqli töhfəsini verir.

Xatırladaq ki, AÇG yataqları üzrə saziş 30 illik müddət üçün imzalanmışdı. Bu saziş çərçivəsində ilkin neft 1997-ci ilin noyabr ayında "Çıraq” platformasından çıxarıldı. 2005-ci ilin fevralında "Azəri” yatağının mərkəzi, 2006-cı ilin ilk günlərində qərb və həmin ilin sonunda şərq hissəsi neft verdi. "Dərinsulu Günəşli” yatağı 2008-ci ilin yazından istismar olunur. 2014-cü ilin yanvar ayından "Qərbi Çıraq”dan da neft hasil edilir.

Lakin zaman AÇG yataqlarının imkanlarının daha geniş olduğunu göstərdi. Bu imkanları üzə çıxarmaq üçün 2017-ci ilin sentyabrında "Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilin əvvəllərinədək uzadıldı. Bu saziş "Yeni əsrin müqaviləsi” adlandırıldı.

AÇG Azərbaycana gəlir gətirməkdə davam edir. 1997-ci ilin sonundan 2018-ci ilin sonunadək bu yataqlardan hasil edilən neftin həcmi 3,5 milyard barel olub. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2006-cı ildə tam sistem kimi istifadəyə verilərək Azərbaycan neftini dünya bazarlarına çıxarır.

Bu il mayın 29-da 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyevin dediyi kimi: "Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır... Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli - bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir”.

"Əsrin müqaviləsi”ndən başlanan yollar uğurla davam edir. Keçən il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi olmuş, növbəti ayda isə TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilmişdir. Bu layihələrin icrası Azərbaycanın enerji strategiyasının ən yaddaqalan hadisələrindəndir. Çünki onlar Azərbaycanın iqtisadi qüdrətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu əyani şəkildə nümayiş etdirmişdir. Artıq TAP-ın (Transadriatik Qaz Boru Kəməri) da çəkilişi başa çatmaq üzrədir. Gələn il bu kəmər TANAP-dan qəbul etdiyi Azərbaycan qazını Avropaya çatdıracaq. Bununla da "Cənub qaz dəhlizi” layihəsi tamamlanacaq.

Bütün bunların sayəsində indi Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr sırasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan ölkəmizin dinamik inkişafı nəticəsində əldə edilən nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişə gətirib çıxarmışdır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video