12 Avqust 2019 15:42
575
SİYASƏT
A- A+

Baş Nazir Novruz Məmmədov Birinci Xəzər İqtisadi Forumunda iştirak edib


Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Foruma Xəzəryanı ölkələr - Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş Naziri Boyko Borisov və Özbəkistanın Baş Naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri qatılıblar. Forumda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Forumu açıq elan edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər. O qeyd edib ki, region ölkələri Xəzərin inkişafı üçün aktual praktik məsələlərin həllinə yönəlməlidirlər və "Xəzər enerjisi” regionun iqtisadiyyatının dinamik inkişafı üçün əsas olmalıdır: "Xəzərdə karbohidrogen hasilatının artması regionda bütün iqtisadi mənzərəni əsaslı şəkildə dəyişdirməyə, onu bərabərhüquqlu və effektiv tərəfdaş kimi qlobal iqtisadi məkana inteqrasiya etməyə qadirdir”.

Forumda çıxış edən Baş Nazir Novruz Məmmədov bildirib ki, Azərbaycan Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü alqışlayır. Tədbirin yüksək səviyyədə təşkilinə görə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirən Baş Nazir deyib ki, bu Forum Xəzəryanı ölkələr arasında əməkdaşlığın fəallaşdırılmasının yeni formatı olacaq. Novruz Məmmədov forum iştirakçılarının diqqətinə çatdırıb ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanandan sonra Xəzər regionunun iqtisadi inkişafı məsələsi xüsusilə aktuallaşıb. Azərbaycan tərəfi güman edir ki, Xəzər İqtisadi Forumu ticarət, nəqliyyat, investisiya və turizm sahələrində əməkdaşlığımıza əlavə təkan verəcək.

Baş Nazir Forum çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin keçirilməsinə də toxunaraq ümidvar olduğunu bildirib ki, belə sərgilərin keçirilməsi Xəzəryanı ölkələrin biznes dairələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə və regionda informasiya kontentinin yaxşılaşmasına şərait yaradacaq, sahibkarlar arasında bilavasitə görüşlərin keçirilməsi isə regionun ümumən firavanlaşması işində mühüm rol oynayacaq. Azərbaycan tərəfi başqa yüksək səviyyəli rəsmi tədbirlər fonunda işgüzar dairələrin bu cür görüşlərinin keçirilməsini hərtərəfli dəstəkləyir, Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Baş Nazir deyib: "2019-cu ilin birinci yarısında Xəzəryanı dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsi əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 28 faizdən çox artıb. Eyni dövrdə ölkəmizin xarici ticarət dövriyyəsində Xəzəryanı dövlətlərin payı 11 faizdən çox olub. Ümidvaram ki, biznes dairələrinin bu Forum çərçivəsində təşkil edilən görüşləri qarşılıqlı ticarətin həcminin daha da artmasına gətirib çıxaracaq”.

Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafının təmin edilməsinin region iqtisadiyyatının effektivliyinin artırılmasında mühüm rol oynadığını bildirən Baş Nazir Novruz Məmmədov əlavə edib ki, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətlərimizin iqtisadi imkanlarını genişləndirir, onların əhəmiyyətini artırır. Tarixi İpək Yolunun bütün dövrlərdə Avropa ilə Asiyanı birləşdirən strateji ticari-iqtisadi dəhliz kimi məşhur olduğunu xatırladan Baş Nazir deyib ki, ölkələrimizin əlverişli coğrafi mövqeyi, burada həyata keçirilən genişmiqyaslı layihələr, tranzit və yükdaşıma potensialından səmərəli istifadə olunması bu sahədən əldə edilən gəlirlərin həcmini durmadan artırmaq üçün yaxşı imkanlar yaradır: "Azərbaycan "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Məsələn, 2018-ci ildə "Şərq-Qərb” marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklər daşınıb. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. "Şimal-Cənub” marşrutu üzrə yüklərin tranzitinin həcmində 8 dəfə artım qeydə alınıb. Bu rəqəmlər bir daha göstərir ki, tranzit yolların genişlənməsi davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə bütövlükdə regionun firavanlaşmasına doğru aparır”.

Çıxışında yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanın nəqliyyat sistemində mühüm yer tutduğunu vurğulayan Baş Nazir bildirib ki, liman istifadəyə veriləndən sonra bu logistika mərkəzi regionda avtomobil, dəmiryol və dəniz yollarının kəsişdiyi məkana çevrilib: "Hazırda bu limanın buraxıcılıq qabiliyyəti ildə 15 milyon ton yük və 100 min konteyner daşımağa imkan verir. Bu göstəriciləri ildə 25 milyon ton yükə və 1 milyon konteynerə çatdırmaq planlaşdırılır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Xəzər dənizində ən böyük – 260 gəmidən ibarət ticarət donanmasına malikdir. Liman ətrafında azad iqtisadi zonanın yaradılması ticari-iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın inkişafına şərait yaradacaq.”

Çıxışının sonunda Azərbaycan Respublikasının Baş Naziri forum iştirakçılarını mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, səmimi qəbula və qonaqpərvərliyə görə Türkmənistan rəhbərliyinə bir daha təşəkkürünü bildirib.

Forumda çıxış edən digər iştirakçılar da Xəzər dənizinin Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradan mühüm birləşdirici amil olduğunu xüsusi vurğulayıblar. Forumda əminlik ifadə olunub ki, Xəzər İqtisadi Forumu qarşılıqlı iqtisadi fəaliyyətin aktual məsələlərinin müzakirə edilməsi üçün mühüm məkan olacaq, bizim regionun son dərəcə zəngin potensialını üzə çıxaracaq və ölkələrimizin inkişafı naminə nəzərəçarpacaq səmərə verəcək. İkinci Xəzər İqtisadi Forumunun Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Birinci Xəzər İqtisadi Forumunda ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi müzakirə olunub. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlər təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video