11 Avqust 2019 00:37
641
İQTİSADİYYAT
A- A+

“Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlirlər əldə edəcək


Bu, Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bir daha vurğulanmışdır


Avropanın enerji xəritəsini dəyişdirəcək "Cənub qaz dəhlizi”nin çəkilişinin başa çatmasına az qalıb. Bu istiqamətdə cari ilin ötən aylarında da mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu layihədən də bəhs olunub.

"Cənub qaz dəhlizi” Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirəcək qlobal layihədir. Dəhliz dörd mühüm seqmenti birləşdirir. Bunlar "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP-ın (trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (trans-Adriatik Qaz Boru Kəməri) çəkilişidir. "Şahdəniz-2”dən qazın əldə olunması və CQBK-nın genişləndirilməsinin başa çatdırılması keçən il mayın 29-da Səngəçal terminalında layihənin rəsmi açılışını etməyə imkan verdi.

Həmin hadisədən təxminən yarım ay sonra, yəni iyunun 12-də TANAP da istismara daxil oldu. Bu münasibətlə Türkiyədə, Əskişəhərdə təntənəli tədbir keçirildi. Beləliklə, artıq bir ildən çoxdur üç seqmenti müvəffəqiyyətlə fəaliyyət göstərən "Cənub qaz dəhlizi” ilə "Şahdəniz” qazı nəql edilir.

"Cənub qaz dəhlizi”nin mühüm hissəsi olan TANAP "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Türkiyəyə çatdırır. Beləliklə, indi Türkiyə həm Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri ilə daşınan, həm də TANAP-ın genişləndirilmiş CQBK-dan qəbul etdiyi mavi yanacağı alır.

Bu ilin ilk 5 ayında Türkiyənin Azərbaycandan qaz idxalının həcmi 3 milyard 758 milyon kubmetr təşkil edib. Yanvarda Türkiyə ölkəmizdən 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr təbii qaz idxal edib. Keçən il isə Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz almışdı.

Mayda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi aprellə müqayisədə 46 milyon kubmetr artıb. Azərbaycan mayda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (894 milyon kubmetr) sonra ikinci olub.

Keçən ilin iyun ayından indiyədək TANAP-la Türkiyəyə 2,2 milyard kubmetrdən çox "Şahdəniz” qazı nəql edilib. Kəmərlə bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə 6 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi planlaşdırılır.

Xatırladaq ki, "Şahdəniz-2”dən çıxarılacaq illik 16 milyard kubmetr mavi yanacaq həcminin 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya ixracı nəzərdə tutulub.

Hazırda "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP-ın çəkilişi uğurla yekunlaşmaqdadır. Gələn il bu kəmər də işə düşəcək. Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP-la birləşmək üçün TANAP bu il iyulun 1-dən etibarən hazır vəziyyətə gətirilib.

Sözügedən müşavirədə Prezident İlham Əliyevin dediyi kimi: "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir”. Müşavirədə dövlət başçısı həmçinin bildirmişdir ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu baxımdan "Cənub qaz dəhlizi” ilə bağlı görülən işlərin əhəmiyyəti qeyd edilmiş, onun tarixi layihə olduğu vurğulanmışdır.

"Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq. Eyni zamanda Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən tranzit ölkə kimi əhəmiyyəti artacaq. Eləcə də Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm amilə çevriləcək.

Bu dəhliz həmçinin region ölkələrinə xidmət edəcək, onların öz enerji resurslarını dünya bazarına çıxarması üçün yeni mənbə rolunu oynayacaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video