11 Avqust 2019 00:30
620
SİYASƏT
A- A+

Yeni nəslin hərtərəfli inkişafına geniş imkanlar yaradan siyasət


Xalqımız özünün xoşbəxt gələcəyə olan ümidlərini dövlətə və gənc nəslə bağlayır


Heç də əbəs yerə deməyiblər ki, gələcək gəncliyindir. Çünki hər bir xalqın taleyi onun gələcək nəsillərindən daha çox asılı olur. Gənclik güc-qüvvə, enerji deməkdir. Gənclik ümiddir, inamdır! Ona görə də gəncliyin dünyagörüşlü, intellektual baxımdan yetkin, milli hissli, bəşəri duyğulu olması vacib amillərdəndir. Məhz bu baxımdan hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.

Azərbaycan bu sahədə bir çox ölkələri, hətta beynəlxalq ictimaiyyəti də qabaqlayıb: 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 2 Fevral Azərbaycanda Gənclər Günü kimi təsis olunub. Məhz bundan sonra Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya Konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust Beynəlxalq Gənclər Günü elan edilib.

Ölkəmizdə gənclərə yüksək qayğı diqqət mərkəzində saxlanır, bu istiqamətdə uğurlu dövlət siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeni nəslin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Bu, Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ümummilli Lider Heydər Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları da gəncliyin inkişafına xidmət edir. Həmin sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır: ölkədə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr, gənclər təşkilatlarının formalaşması bu sahəyə böyük diqqətin nəticəsidir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması üçün əhəmiyyətli işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatçısına çevrilib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Sosial həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyinin şahidi olarıq. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev gənclərə inandığını və onlara arxalandığını belə ifadə edir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Dövlət başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” onların xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında elmi nailiyyətlər qazanır.

Azərbaycan gənclərinin sağlam böyüməsində əhəmiyyətli olan idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizdə 43 olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları da bunun təsdiqidir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi isə onların yeni uğurlarında mühüm rol oynayır.

Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın "Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirlir. Milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015” I Avropa Oyunlarında ikinci, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, ötən il şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, bu il ölkəmizin paytaxtında keçirilən "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında əldə etdiyi uğurların arxasında, təbii ki, dövlət gənclər siyasəti dayanır.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması da əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, davamlılığının daha bir əyani sübutudur.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bunu nəzərə alan dövlət başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamının da xüsusi əhəmiyyəti var.

Bəli, gənclər də dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu diqqət və qayğıya cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edirlər. Onlar vətənin inkişafı üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Bütün bunlarla yanaşı, hələ qarşıda görüləsi işlər var. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək böyük işlərin həyata keçirilməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür. Gənclik isə özünün potensialına güvənərək ən məsuliyyətli sahələrdə bilik və bacarıqlarını əsirgəməyərək vətənin əsl övladları olduqlarını təsdiqləyəcəklər. Münasibətlər qarşılıqlı olanda səmərəsi də müvəffəqiyyət gətirər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video