11 Avqust 2019 00:23
876
İDMAN
A- A+

Olimpiya idman komplekslərində idmançılar pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq


Azərbaycandakı olimpiya idman komplekslərinə cəlb olunan uşaq və yeniyetmələr dörd idman federasiyası tərəfindən pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bu təşəbbüsə ilk olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Boks, Taekvondo və Cüdo Federasiyaları qoşulub. Gələcəkdə digər idman federasiyalarının da bu aksiyaya qoşulacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 10-da YAP-nın təşəbbüsü və təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən kütləvi idman bayramında bildirilib.

Tədbirin əvvəlində rayon idmançılarının nümunəvi çıxışları təqdim olunub.

İdman bayramında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Ziyad Səmədzadə, deputatlar İlham Əliyev, Xanhüseyn Kazımlı, Rauf Əliyev, Azər Badamov, Yevda Abramov çıxış edərək tədbirin əhəmiyyətindən, həmçinin ölkəmizdə idman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Azərbaycanın mötəbər idman yarışlarına uğurla evsahibliyi etməsi də respublikamızın idman ölkəsi olduğunu sübut edir. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib. Bakıda və bölgələrdə 40-dan çox olimpiya idman kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.

2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına evsahibliyi edib. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda ikinci yeri tutub, 21-i qızıl olmaqla 56 medal qazanıb. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında birinci yeri tutub.

Çıxışlarda qeyd olunub ki, bu cür kütləvi idman tədbirləri uşaqların idmana olan marağını artırır, fiziki və mənəvi sağlamlığını təmin edir.

Bayram tədbirinin sonunda tamaşaçılara tanınmış müğənnilərin ifalarından ibarət konsert proqramı təqdim olunub.

İlk dəfə Xaçmazda keçirilən idman bayramının respublikamızın digər bölgələrindəki bütün olimpiya idman komplekslərində təşkili nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video