Alternative content

21:00 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nakam haqq aşiqi - Xaspolad Coşqun
Nakam haqq aşiqi - Xaspolad Coşqun
ANA SƏHİFƏ / Mədəniyyət
00:17 11.08.2019


O, nakam aşiq idi... 14 yaşında qəlbinə düşən sevgi atəşinin qoru ömrünün sonuna qədər ona dinclik vermədi, ahı dağları yandırdı, daşlarda əks-səda verdi... Çağlayıb daşan təbi ilk məhəbbətinin carçısı oldu... Sinəsinə basdığı quru odun parçası dilə gəldi, yanıqlı-yanıqlı inlədi, nazlı nigarın hicranından gileyləndi... Ürəyinin alovu qəlbindən süzülərək dodağında gəraylıya, qoşmaya, təcnisə, müxəmməsə, divanəyə çevrildi... Məcnun yolu ilə getdi, eşqin müqəddəs qapısında səcdəyə durdu... Haqq aşiqi oldu...

Qəfil qəza məni saldı toruna,

Açıq yolu bağlar qalan mən oldum.

Ehtiramla səcdə edib varlığa,

"Lahu” deyə çağlar qalan mən oldum...

Qarabağın ustad aşıqlarından olan Aşıq Xaspolad Coşqundan danışırıq... Kiçik yaşlarından şeir yazmağa meyil edən Xaspolad atası ilə kəndə gələn aşıqların məclislərinə gedir, onları dinləməkdən doymurdu. Xatirələrində isə onu "aşıq” edən əsl səbəbdən yazırdı: "Həqiqi təb o adamda yaranır ki, erkən yaşlarında saf bir məhəbbətlə sevir və sevilir, lakin istəyinə nail ola bilmir. Mən də belə olmuşam. Ona görə də bütün yaradıcılığımın səbəbini və həmişə çağlayıb daşan təbimin ilkin mənbəyini bunda görürəm. 1935-ci ildə sevdiyim qız ailələri ilə birlikdə kəndimizdən köçüb başqa yerə getdilər. Hər şey tarimar oldu, fikrim-zikrim qarışdı, dünya gözümdə qaraldı. Həmin vaxtlar Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasını tapıb oxudum və əzbərlədim. Eşqin müqəddəsliyini həmin dastandan öyrəndim. Saza-sözə meyilim o qədər idi ki, sazım olmadığından odun parçasının üzərinə sim bağlayıb ondan istifadə edirdim. Kənd arasında, bulaq başında, bağlarda çalıb-çağırırdım. 1936-cı ildə üç simli bir cürə aldım. İki sim də özüm əlavə qoşdum. 1938-ci ildə isə cürəni tarla əvəz etdim”.


Valeh nəslindənəm, cəsarətim var


Ömrünün 80 ilini yazıb-yaratmağa, çalıb-çağırmağa həsr edən Aşıq Xaspolad Coşqun 1919-cu il martın 20-də Ağdam rayonunun Abdal kəndində anadan olub. Gənc yaşlarından ustad aşığın saza-sözə güclü həvəsi olur. O, bədahətən qoşmalar, gəraylılar qoşar və onları sazla oxuyardı. Şeirə, sənətə olan bu həvəsin ona ulu babası Aşıq Valehdən irsən keçdiyini söyləyirlər. O, Kərbalayı Şəfi Aşıq Valehin kötükcəsidir və bu barədə şeirində də məlumat verir.

Hünər meydanında dəyanətim var,

Aşıqlıq elmimdə öz adətim var

Valeh nəslindənəm, cəsarətim var,

Coşğun Xaspoladam, Qarabağlıyam.

İlk təhsilini Abdal ibtidai məktəbində, sonra isə Gülablı yeddiillik məktəbində alan ustad aşığın ana tərəfində xeyli din xadimləri olub. Babası Axund Molla Xəlil, Molla Əsəd, dayıları Molla Abbas, Molla Hüseyn, Molla Xəlil (Axund Molla Xəlilin nəvəsi) və başqaları Nəcəfül-Əşrəfdə təhsil almışdılar. Bu səbəbdən də onların əhatəsində böyümüş Xaspolad dini savada da yiyələnmişdi. Dini o qədər güclü bilirdi ki, hətta din alimləri belə onunla mübahisə etməkdən çəkinirdilər.

1939-cu ildə hərbi xidmətə yollanan Aşıq Xaspolad 1941-ci ildə müharibənin ilk günlərindən odun, alovun içərisinə atılır. Elə ilk döyüşlərin birində top mərmisinin zərbəsindən yaralanır və gözləri tutulur. O, Lvov şəhərində bir müddət hərbi hospitalda müalicə olunsa da, gözləri açılmır. 1942-ci ilin iyun ayında hərbidən tərxis olunub evlərinə dönür. Doğma torpağından aldığı qüvvətin möcüzəsindən gündən-günə səhhəti yaxşılaşır, gözlərinə nur gəlir. Müharibəyə yenidən qayıtmaq istəsə də, səhhəti buna imkan vermir. Az keçmir ki, Aşıq Xaspolad Abdal məktəbinə hərbi müəllim təyin edilir, 1944-cü ildə isə ailə həyatı qurur.

Sənətinin mahir bilicisi Aşıq Xaspolad dəfələrlə bu meydanda özünü sınamış, Aşıq Hüseyn Saraçlı, Aşıq Pənah, Aşıq Məcid, gürcüstanlı şair Teymur, qocaman Dərviş, Aşıq Məhəmməd, Aşıq Zeynal, gəncəli Aşıq Qədir, Mirqələm, həkim Şahlar, Aşıq Tərlan, Aşıq Hilal, Aşıq Soltan, Aşıq Nübar Mədətova ilə deyişib. Aşıq Xaspolad aşıqlığının müxtəlif dövrlərində üzbəüz deyişmələrdə ya qalib gəlmiş, ya da tərəf-müqabilinin təklifini nəzərə alıb mehribanlıqla ayrılmışdı.

Aşığın xatirə dəftərində olan bir nümunədə deyilir: "1950-ci ilin mart ayında Mingəçevirdə yenə də aşıqlar bir yerdə cəmləşib çalıb-çağırırdılar. Növbə Zeynal adlı bir aşığa çatdı. O, eşitmədiyim bir təcnis oxudu. Mən bu təcnisin kimin olduğunu soruşdum. Dedi ki, dayımındır. Soruşdum, dayın kimdir, dedi ki, Aşıq Şəmşir. Dedim, Aşıq Şəmşir kimdir? Həqiqətən də Şəmşir haqqında eşitməmişdim. Zeynal kinayə ilə dedi: "Bəs sən necə aşıqsan ki, dayım haqqında eşitməmisən?” Mən Zeynaldan Aşıq Şəmşirin ünvanını öyrənib ona bir məktub yazdım. Bu məktubdan bir ay keçdi, cavab gəlmədi. Aşıq Şəmşirə ikinci məkrubu "Cavab ver” şeiri ilə yazdım. Xeyli keçəndən sonra Şəmşirin oğlundan bir məktub aldım. "Qulaq as” rədifli bir şeirlə mənə öyüd-nəsihət yazmışdı. Mən üçüncü dəfə üç qatar "Qulaq as” başlığı altında şeirlə yenə bir məktub yazdım. Bir sözlə, aşıqlıq sənətində əsl cəsarəti bircə Aşıq Şəmşirdə gördüm. O, sazını da götürüb Mingəçevirə gəldi. Lakin mənimlə deyişmədi, dedi ki, "sən elə bir ocaqdansan ki, aşıqlar səninlə deyişməyə yox, səni ziyarətə gəlməlidir”.

Aşığın qıfılbəndləri hələ də aşıqlar tərəfindən açılmamış qalır. Öz deyişmələri ilə bağlı xatirələrinin birində aşıq söyləyir: "İlk dəfə 1938-ci ildə Abdal kəndində Aşıq Səyyafla deyişmişəm. Göyçədən gəlmişdi. Üç saatlıq deyişmədən sonra mən onu Aşıq Ələsgərin "Oldu” bağlaması şeiri ilə bağladım”.


Mirzə İbrahimov Aşıq Xaspoladı Bakıya çağırır


Aşıq Xaspoladın ocağına onunla görüşmək üçün Mirzə İbrahimov, dramaturq Məcid Şamxalov, Şərqin ilk filosof qadını Şükufə Mirzəyeva, yazıçı Əlfi Qasımov, xalq şairləri Tofiq Bayram, Qabil, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Şahmar Əkbərzadə, Aşıqlar Birliyinin sədri Hüseyn Arif, respublikanın xalq artistləri - tarzən Qurban Pirimov, Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Aşıq Şəmşir, Aşıq Hüseyn Saraçlı, Aşıq Soltan həyat yoldaşı Qəndab xanımla, yazıçı Mustafa Çəmənli, folklorşünas Mahmud Allahmanlı və daha neçə görkəmli şəxslər gəlib.

Bu tanınmış elm, incəsənət adamları ustad aşığı dinləməkdən doymur, onun maraqlı söhbətlərinə saatlarla qulaq asırdılar. 1958-ci ildə respublika Ali Sovetinin sədri Mirzə İbrahimov Qurban Pirimovla birlikdə Abdal-Gülablı kəndinə gəlir. O, Qurban Pirimovun məsləhəti ilə Aşıq Xaspoladla görüşür. Elə həmin ilin oktyabr ayında Aşıq Xaspoladı Qurban Bakıya çağırtdırır. Onu Nizami adına Ədəbiyyat İnstitutuna folklorşünas Məmmədhüseyn Təhmasibin yanına göndərir. Məmmədhüseyn Təhmasib Radio Komitəsinin sədri Teymur Əliyevlə danışır. Aşıq Xaspoladın "Valeh və Taleh” dastanını müəllifin ifasında lentə alırlar. Akademik Həmid Araslının iştirakı ilə aşığın dörd dastanı da lentə alınır.

Lakin Aşıq Xaspolad imkansızlıq, diqqətsizlik və bir sıra səbəblərdən şeirlərini və dastanlarını çap etdirə bilmir. Yalnız 1969-cu ildə onun Famil Mehdi ilə birlikdə topladığı, Aşıq Valehin yaradıcılığına aid olan "Alçaqlı ucalı dağlar” kitabı çap olunur. 1990-cı ildə Aşıq Xaspoladın 17000 nüsxə ilə "Taleh və Həqiqət” adlı kitabı işıq üzü görür. 1999-cu ildə ustadın "Qəlbimdə nisgilli hekayətim var” adlı ikinci kitabı nəşr olunur. Bütün ömrünü haqq aşığı Aşıq Valehin yaradıcılığının toplanmasına sərf edən Dədə Xaspoladın ev arxivində özünün çap olunmamış çoxlu dəyərli yazıları və Aşıq Valeh haqqında topladığı sənədlər indi də saxlanılır. Onun ulu babası Aşıq Valeh haqqında geniş məlumatı vardı. Bu barədə Mustafa Çəmənlinin qeydləri də maraqlıdır: "Xaspolad kişi iri bir qovluğu qarşıma qoyub, - mən istəyirəm babamın kitabı bu sayaq çıxsın, - dedi. Qovluğu açıb əlyazmanı vərəqlədim, gördüm ki, Xaspolad kişi Aşıq Valehin hər şeirinin yaranma tarixini, hadisə və rəvayəti də toplayıb. Doğrudan da, Aşıq Valehin yaradıcılığı bu rəvayət və hadisələrlə birgə çap olunsa, daha təsirli, daha bitkin olardı”.

Bu kitabda aşığın yüz qırxdan artıq qoşması, on gəraylısı, on altı qəzəli, doqquz deyişməsi, dörd müxəmməsi, beş dastanı toplanmışdır. Dastanlardan ikisi ("Taleh və Həqiqət”, "Valeh və Taleh”) Aşıq Valeh və oğlu Taleh haqqında məlumat verir. Ustad sənətkarın səkkiz dastanı və xeyli şeirləri var. Ustadnamələr, gəraylılar, qoşmalar, müxəmməslər, divanilər, hərbə-zorbalar, həcvlər, qıfılbəndlər yaradıcılığında geniş yer tutur. Onun "Bülbüllə”, "Aşıq Valehin məzarı ilə”, "Dağlarla”, "Molla ilə”, "Mələklə”, "İnsanla” deyişmələri olduqca maraqlıdır.


"Nənə qızlar”ın ustad dədəsi...


1950-ci ildən Aşıq Xaspolad Aşıqlar Qurultayına nümayəndə seçilir. Yaradıcılıq uğurları getdikcə artan aşığın 1961-ci ildə keçirilən III Aşıqlar Qurultayında iştirakı da əlamətdar olur: "Qurultayda iştirak etdikdən sonra Aşıq Şəmşirlə birgə Azərbaycan Pedaqoji İnstitutunda çıxışa dəvət olundum. Çıxışım müəllimlər və tələbələr tərəfindən rəqbətlə qarşılandı, yenidən çıxış üçün səhnəyə dəvət olundum. İnstitutun rektoru, mərhum Mehdixan Vəkilov məni təbrik edib minnətdarlığını bildirdi”.

Çoxşaxəli yaradıcılığa malik ustad həm də mədəniyyət sahəsində çalışıb. O, yaşadığı kənddə yaradılmış Mədəniyyət Evinə uzun müddət başçılıq edib. 1983-cü ildə Gülablı kənd Mədəniyyət Evinin müdiri Aşıq Xaspolad Mirzəliyevə Ağdam Rayon Mədəniyyət Evindən tapşırıq gəlir - bütün mədəniyyət evlərinin nəzdində folklor ansamblları təşkil olunmalıdır. Xaspolad kişi Xavər Nuruyevanın bu işi layiqincə yerinə yetirəcəyini düşünür. Beləliklə, kənddə səsi, istedadı, qabiliyyəti olan on yeddi qızı yığıb 1984-cü ildə məşhur "Nənə qızlar” folklor ansamblını yaradırlar. Folklor ansamblının keçirdiyi tədbirlərin senarisini Aşıq Xaspolad özü yazırdı. Çox təəssüf ki, bu bədahətən deyilən şeirlər vaxtında yazıya alınmadığından yalnız ansamblın qızlarının yaddaşından yazıya köçürülüb. Uzun illər səhnədə xalqımızın keçmişini, məişətini, adət-ənənəsini öz ifalarında yaşadan "Nənə qızlar” ansamblı paytaxt Bakıda, respublikada və digər ölkələrdə elə bir tədbir yox idi ki, iştirak etməsin. İyirmi nəfər üzvü olan ansambl üç dəfə keçmiş Ümumittifaq Folklor Yaradıcılığı Festivalının iştirakçısı olmuş, dəfələrlə Moskvadan vətənə laureat kimi qayıtmışdı. Ansamblın bəzi üzvləri qızıl medala layiq görülmüşdü.


"Qəm gəldi qəm üstə, mənə pay oldu...”


Təəssüf ki, saza və sözə sadiq ustad sənətkar Aşıq Xaspoladın taleyinə məcburi köçkünlük də yazılmışdı və ömrünün sonuna qədər Bakıda cənnət-məkan Abdal-Gülablının həsrəti ilə yaşamağa məcbur olmuşdu. 2000-ci ildə 81 yaşında haqq dünyasına qovuşan ustad sənətkar elə doğulduğu Ağdamda, Xındırıstan kənd qəbiristanlığında dəfn olunur.

Coşqun Xaspoladam, ömrüm zay oldu,

Çeşmimin yaşından bulaq çay oldu,

Qəm gəldi qəm üstə, mənə pay oldu,

Cavan vaxtı ağlar qalan mən oldum...

Tezliklə Qarabağımızın, Abdal

-Gülablının düşmən tapdağından azad olmasını və Aşıq Xaspoladın da ruhunun şad olmasını diləyirik.


Almara NƏBİYEVA,

filologiya üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM