10 Avqust 2019 00:51
988
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sənayesinin əsas ünvanı - sənaye parkları


İlham ƏLİYEV: "Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradılır və nəticə etibarı ilə ölkəmiz inkişaf edir”


Azərbaycanda sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Prezidentin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Həmin sənədlər çərçivəsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafını təmin edir, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətini reallaşdırır. Bu cür parkların fəaliyyəti, həmçinin qeyri-neft sektorunun davamlı inkişafı, ixracyönlü və rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalı, regionlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb olunması kimi vəzifələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

Öncə onu qeyd edək ki, Azərbaycanda sənaye parkları yaradılarkən xarici ölkələrin bu sahədəki müsbət təcrübəsi öyrənilmiş, o cümlədən BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmışdır. Yalnız bu səviyyədə təhlillərdən sonra Prezidentin 24 aprel 2013-cü il tarixli fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

Əsas məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, yerli və xarici investisiyalar üçün daha əlverişli mühitin yaradılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması və s. olan sənaye parklarında bir sıra stimullaşdırıcı tədbirlər (sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar, parklar lazımi infrastrukturla təmin edilirlər, torpaq sahəsinin icarə haqqı aşağı həddə müəyyən olunur, inzibati prosedurlar sadələşdirilir, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlər təşkil edilir) tətbiq olunur.

Bütün bu imtiyaz və güzəştlər sayəsində sənaye parkları qısa müddət ərzində özlərini doğrultmuş, qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlmişlər. Məsələn, Prezidentin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının artıq 18 rezidenti var və onların layihələri üzrə sənaye parkına 2,9 milyard dollar investisiya qoyulmuş, həmçinin 5000-dən artıq daimi iş yeri açılmışdır. Parkın sənaye zonasında bir çox vacib sahələr üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılmışdır.

Dövlət başçısının 2011-ci il 28 dekabr tarixli sərəncamı ilə yaradılan Balaxanı Sənaye Parkının idarəedici təşkilatı isə "Təmiz Şəhər” ASC-dir. "Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik olan parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsinə maraq göstərən potensial sahibkarlar və investorlar üçün əlverişli şərait təşkil etməkdir. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə birinci hissəsinin açılış mərasimi olmuş parkda 41,3 milyon manat investisiya ilə 16 rezident qeydiyyata alınmışdır.

Dövlət başçısının 2015-ci il 3 iyun tarixli sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkının əsas vəzifəsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına dəstək verməkdir. İdarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı” MMC olan bu parkın bir rezidenti ("Bakı Gəmiqayırma Zavodu” MMC) var. Sənaye parkına 500 milyon dollara yaxın investisiya qoyulmuş və burada 2000-dək yeni iş yeri açılmışdır.

"Sumqayıt Kimya Sənaye Parkı” MMC Prezidentin 2015-ci il 26 fevral tarixli sərəncamı ilə yaradılmış Mingəçevir Sənaye Parkının da idarəedici təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsal edən və xidmətlər göstərən parkda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki 2018-ci ilin fevralında Prezidentin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqları Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınan həmin fabriklərdə 750 nəfər çalışır.

Bunlardan əlavə, ölkədə əsasən əczaçılıq sənayesinin inkişafı məqsədilə Pirallahı Sənaye Parkı da fəaliyyət göstərir. Prezidentin 2016-cı il 14 sentyabr tarixli sərəncamı ilə 30 hektar ərazidə yaradılmış parkda sahibkarların bütün zəruri xidmətlərdən istifadə etmək imkanları var. 5 müəssisənin rezident kimi qeydiyyatdan keçdiyi park üzrə investisiyanın məbləği 100 milyon dollardan artıqdır. Layihələr üzrə parkda 450-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Sonda Nazirlər Kabinetinin cari il aprelin 30-da keçirilən iclasında dövlət başçısının sənaye parkları haqqında söylədiyi fikirləri sitat gətirmək istərdik: "Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir”.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video