10 Avqust 2019 00:50
542
SİYASƏT
A- A+

Sosial-iqtisadi tənəzzül Ermənistanı uçuruma yuvarladır


İşğalçı ölkədə cari ilin ilk yarısında məişət zorakılığı halları üzrə 176 cinayət işi qaldırılıb


Ermənistanda mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir. Hadisələrin inkişaf axarı bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir.

Hazırda Ermənistanda əhalinin sosial durumu dözülməz həddə çatmaqdadır. Vəziyyətdən yeganə çıxış yolunu Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutmaqda görür. Bütün bunlara paralel olaraq işğalçı ölkədə insan hüquqları ilə bağlı durum da getdikcə daha acınacaqlı xarakter alır.

İşğalçı Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra bu istiqamətdə dəhşətli bir vəziyyət hökm sürür. İnqilabdan sonra Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün səbəb yoxdur. Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, 2019-cu ilin ilk yarısında məişət zorakılığı ilə bağlı 331 hal qeydə alınıb. Həmin müddətdə bu hallar üzrə 180 material hazırlanıb və onlardan doqquzuna Baş Hərbi İstintaq İdarəsində baxılır.

Məlumatda qeyd olunur ki, məişət zorakılığı halları üzrə 176 cinayət işi qaldırılıb, 209 nəfər müttəhim qismində məsuliyyətə cəlb olunub. Bu şəxslərin 77-si 18-35 yaş, 132 nəfəri isə 35 yaşdan yuxarı insanlardır.

Ailə daxilində zorakılıq halları törədənlərin yalnız 3 nəfəri qadınlardır. Qaldırılan cinayət işləri isə ən çox bədən xəsarəti yetirilməsi, şəxsi əmlaka zərər vermə, valideynlərin öz vəzifələrini yerinə yetirməsindən boyun qaçırması və 16 yaşınadək şəxslərə seksual zəmində zorakılıq ilə əlaqədardır. Bundan başqa, təhdid edildiyini bildirən 67 nəfər hüquq mühafizə orqanlarına qoruma tələbi ilə müraciət edib.

Ermənistanın hüquq ekspertləri və vətəndaş cəmiyyətinin nümayəndələri qeyd edirlər ki, məişət zorakılığı hallarının artması əhalinin maddi vəziyyətinin ağır olması ilə sıx əlaqəlidir. Buna paralel olaraq bütün sahələr üzrə getdikcə yüksələn qiymət artımları əhalinin sosial vəziyyətini daha da çətinləşdirib. Yerli mətbuat yazır ki, Ermənistanda dizel yanacağının qiyməti yenə də artırılacaq. Bu məlumatdan sonra ermənilər indidən dizel yanacağı alıb saxlamağa başlayıblar: "Dizel yanacağının qiymətinin hər litr üçün yenə 50 dram artacağı ehtimal edilir. Dizel yanacağının qiyməti artacağı təqdirdə fermerlər təxminən 8 min dram əlavə xərc sərf etmək məcburiyyətində qalacaqlar”.

Ermənistanda getdikcə daha da ağırlaşan sosial-iqtisadi durum ölkənin silahlı qüvvələrinə daha çox sirayət etməkdədir. İşğalçı ölkənin hərbisində baş verən son olaylar bunu bir daha göstərir ki, burada əsl xaos hökm sürür.

Belə ki, işğalçı ölkənin silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində S.Arman və Q.Hraçya adlı vətəndaşlara qarşı cinayət işinin açılması isə burada böyük uçurumun olduğunu göstərir. Araşdırmalardan sonra məlum olub ki, hər iki şəxs külli miqdarda pul mənimsəyib və dələduzluq edib. Məlumatlara əsasən, hər iki adları çəkilən şəxs işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrinə baş çəkərək, əsgərlərlə tanış olub, geniş əhatə dairəsi olan general qohumlarının olması barədə əsgərləri inandıra biliblər. Onlar əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması, taborlar arasında yerdəyişmə, xəstəxanada müayinə və müalicənin təşkil edilməsi, həmçinin hərbi xidmətdən azad edilməsi kimi məsələlərdə kömək göstərə biləcəklərini deyiblər.

Bu xidmətlərin müqabilində 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək saxta generallar əsgər valideynlərindən 5 mindən 15 min ABŞ dollarınadək pul alaraq mənimsəyiblər.

Göründüyü kimi, Ermənistanda hər an sosial partlayışların olacağı gözlənilir. Bu, ölkənin özündə də istisna edilmir. Son illər səfalət içində yaşayan insanların sayı bir qədər də artıb. Reallıqda işğalçı ölkənin əhalisinin yarısından çoxunun aclıq problemi ilə üzləşməsi danılmazdır. Ermənistanda azgəlirli bir çox ailələr çörək məmulatlarını artıq kartofla əvəz ediblər. Ermənistan əhalisinin xeyli qismi ət və süd məhsullarını əldə edə bilmirlər. Əksər ailələrin aylıq gəlirləri 100 dolları keçmir. Bu məbləğlə yaşamağın mümkün olmadığını hakimiyyətdəkilərin özləri də açıq qeyd edirlər.

Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Kəndlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Həmin ailələrin əməkqabiliyyətli kişiləri isə ölkə xaricində miqrant kimi çalışırlar.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini deməyə əsas verir. Görünən odur ki, hazırda işğalçı ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür və etiraz edir. Elə bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video