09 Avqust 2019 17:10
943
Məktublar
A- A+

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik


Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy, bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust 2019-cu il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video