09 Avqust 2019 00:14
1555
SİYASƏT
A- A+

Son illər həyata keçirilən sənayeləşmə siyasəti real nəticələr verir


İqtisadiyyatın bütün sahələrində qazanılmış göstəricilər Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini təsdiqləyir


Sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlər Azərbaycanın düzgün istiqamətdə irəlilədiyini, inkişafının davamlı olduğunu bir daha təsdiqləyir. Müxtəlif təyinatlı müəssisələrin fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması, infrastrukturun genişləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sahəsində ötən illərdə həyata keçirilmiş mühüm tədbirlərin sırasına ilin ilk 6 ayında yeni layihələrin adı əlavə olunub. Belə ki, yeni müəssisələr və iş yerləri açılıb, sahibkarlara dövlətin dəstəyi davam edib, infrastruktur layihələri diqqət mərkəzində olub.

Bütün bunlar barədə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə geniş bəhs olunub. Bildirilib ki, cari ilin əvvəlində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə icra edilir. Dövlət başçısı müşavirədə deyib: "Ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.

İqtisadiyyatın bütün sahələrində qazanılmış göstəricilər deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. O cümlədən, ölkə sənayesindəki vəziyyət təqdirəlayiqdir. Sənayeləşmə sahəsində ötən illərdə başlamış işlər uğurla davam etdirilir. Regionlarda sənaye parkları və məhəllələri yaradılır. İndiyədək yaradılmış 9 sənaye parkı və məhəllələrinin işi gələcək perspektivlərdən xəbər verir. Sənaye parkları və məhəllələrində artıq 78 rezident qeydiyyatdan keçib. 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq yatırılıb. Bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Sözügedən layihələrin reallaşması sayəsində 1,5 milyard manatlıq məhsul istehsal edilib və bunun 300 milyon manatlığı ixraca yönəldilib.

İlin əvvəlindən bəri respublikanın şəhər və rayonlarında bir sıra yeni müəssisələr istifadəyə verilib. Bunlardan Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, Sumqayıt şəhərində "SOCAR karbamid” zavodu, Polietilen zavodu, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialını və s. göstərmək olar.

Dövlət Statistika Komitəsinin yarım ilin yekunlarına aid məlumatında bildirilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 23,6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da keçən ilin 6 ayında olduğundan 1,8 faiz çoxdur. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma, 25,6 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı bir qədər azalsa da, əmtəəlik qaz hasilatı 35 faiz artıb.

Yeri gəlmişkən, sözügedən müşavirədə bugünkü iqtisadi inkişaf üçün neft-qaz sektorunun əsas olduğu vurğulanıb və bu sahədə önəmli addımlar atıldığı qeyd edilib.

Dövlət başçısı bu barədə deyib: "Cənub qaz dəhlizi”nin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda "Cənub qaz dəhlizi”nin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. "Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, 6 ayda görülmüş işlər təqdirəlayiqdir”.

Hazırda Azərbaycan sənayesində qeyri-dövlət sektorunun payı 82,5 faizdir. Ümumi istehsalın 92 faizi sənaye məhsullarının istehsalı, qalanı sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılır.

Sənayenin ayrı-ayrı sahələrinə aid göstəricilər də maraq doğurur. Belə ki, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,4 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,1 faiz artıb.

Emal sənayesində də vəziyyət ürəkaçandır. İçki, qida məhsulları, tütün məmulatlarının istehsalında nəzərəçarpan artım müşahidə olunub. Bu sahənin əsas məhsullarından qənd və şəkər tozu 2,8 dəfə, qaymaq və xama 55,4, cem və marmeladlar 49,9, kolbasa məmulatları 45,5, üzlü süd 2,8, alkoqolsuz içkilər 25,2 faiz artıb.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahəsində də artım var. Bu, eləcə də kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalına aiddir. Bu sahələrdə müvafiq olaraq 233,3 milyon və 534,5 milyon manatlıq məhsul istehsal edilib.

Tikinti materiallarının da istehsalı artıb. Məsələn, keçən ilin yarım ilinə nisbətən bu ilin birinci yarısında tikinti kərpicinin istehsalı 62,2, əhəngin istehsalı 50,1, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5 faiz çox olub.

Digər sahələrdə də bir sıra məhsulların istehsalı artıb. Bunlar avtomatik tənzimləmə və idarəetmə üçün cihazlar, məişət soyuducuları, avtomobil, qoşqu və yarım qoşqular, fəvvarə armaturu, ştanqlı quyu nasosları, mancanaq dəzgahları və digər məhsullardır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6 ayda 995,3 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da keçən ilin müvafiq dövründən xeyli çoxdur. Bu, xüsusilə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoruna aiddir. Burada məhsulun həcmi 7,4 faiz artıb.

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qarşıda duran vəzifələr haqqında da geniş bəhs olunub. Qeyd edilib ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır. Bunlardan biri qeyri-neft sektorunun inkişafıdır. Təcrübə göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi böyük əhəmiyyət daşıyır. İqtisadiyyatımızın bu istiqamətdə addımlaması onun inkişafının davamlı olmağına təminat verir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video