07 Avqust 2019 01:00
1059
SİYASƏT
A- A+

Yeni rekord - 49 milyard dollar


Prezident İlham Əliyevin iqtisadi islahatları sayəsində son 6 ayda Azərbaycanın valyuta ehtiyatları 4 milyard dollar artıb


Azərbaycanın valyuta ehtiyatları 49 milyard dollara çatıb. Həyata keçirilən beynəlxalq layihələr, yaradılan əlverişli biznes mühiti, iqtisadiyyata yatırılan daxili və xarici investisiyalar ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır. İlin 6 ayında valyuta ehtiyatlarının 4 milyard dollar artması həqiqətən də böyük uğurdur.

Prezident İlham Əliyevin iyulun 31-də sosial-iqtisadi sahə üzrə keçirilən müşavirədə səsləndirdiyi fikirlər də təsdiq edir ki, Azərbaycan növbəti inkişaf mərhələsinə daxil olub. 49 milyardlıq valyuta ehtiyatlarını böyük sərvət hesab edən dövlət başçısı bu vəsaitdən hər zaman qənaətlə istifadə edildiyini vurğuladı. Məhz bunun sayəsində Azərbaycan böhranlı illərdə, neftin qiyməti aşağı olan dövrdə də öz valyuta resurslarını artırıb.

Son 5 ilin statistik göstəricisi də sübut edir ki, Azərbaycan hər ötən il öz valyuta ehtiyatlarını artıra bilib:

- 2015-ci il - 37 milyard;

- 2016-cı il - 39 milyard;

- 2017-ci il - 41 milyard;

- 2018-ci il - 45 milyard;

- 2019-cu il (6 ayda) - 49 milyard dollar

Prezident onu da qeyd etdi ki, hökumət hər il valyuta ehtiyatlarını artırmaqla yanaşı, xarici dövlət borcunu kifayət qədər aşağı sala bilib. Bir il ərzində Azərbaycanın xarici borcu 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlətin xarici borcu ümumi daxili məhsuldan da artıq, yaxud da ona bərabər olur.

Dövlət başçısı bu sahədə çox diqqətli olmağın vacibliyini də vurğuladı və bildirdi ki, yalnız strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Dövlət öz daxili imkanlarından səmərəli istifadə etməlidir.

Altı ay ərzində Azərbaycanın valyuta ehtiyatlarının 4 milyard dollar artması onu göstərir ki, artıq iqtisadi islahatlar real nəticələr verir. Bu nəticələr ilk növbədə ixracyönümlü iqtisadiyyatda öz əksini tapır.

Son 6 ay ərzində Azərbaycanın ixracı 9,98 milyard dollar təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində) dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,292,2 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar həcmində investisiya yatırılmışdı. Bu ilin 6 ayında isə ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə ortamüddətli dövr üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb. Əsas kapitala investisiya qoyuluşu 17,9 milyard dollar, daxili sərmayələrin tutumunun 4 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

6 ayda ticarət dövriyyəsi də kifayət qədər - 20 faizdən çox artıb. Qeyri-neft ixracı 15 faiz yüksəlib. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna yatırılıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb. Təkcə bu ilin 6 ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 6 milyon manatlıq vəsait deməyə əsas verir ki, cari ildə xarici və yerli investorlar tərəfindən ölkə iqtisadiyyatına kifayət qədər sərmayə yatırılacaq.

Məhz aparılan islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım yaranıb, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlət başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznesin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

Hər il Azərbaycan iqtisadiyyatı güclənir, iqtisadi blokda qeyri-neft sektorunun həcmi artır, sosial sahə prioritet sahəyə çevrilir.

Ölkəmizin inkişafı dünya statistikasında da özünü göstərir. ABŞ-ın tanınmış "The Heritage Foundation” analitik mərkəzi tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi-2019”da Azərbaycanın ən böyük irəliləyiş edən ölkə kimi təqdim olunması bunun əyani təsdiqidir. Son bir neçə ildə hazırlanan digər beynəlxalq hesabatlarda da bunu görə bilərik. Məsələn, "Doing Business 2018” hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılıb. "Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı.

Bütün bunlar cənab İlham Əliyevin məqsədyönlü, dərin və köklü iqtisadi islahatlarına verilən beynəlxalq qiymətdir. Əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik. Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev də sosial-iqtisadi sahə üzrə keçirilən müşavirədə qarşıdakı hədəfləri bəyan edərkən vurğuladı ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Bütün lazımi tədbirlər görülüb və təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır.

Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Ölkə iqtisadiyyatının inkişaf tempini əks etdirən rəqəmlər, statistik göstəricilər də deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video