07 Avqust 2019 00:34
948
Mədəniyyət
A- A+

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı xarici ölkələrdə də maraqla izlənilib



Ölkəmizdə, qədim Qəbələ şəhərində hər il böyük təntənə ilə keçirilən Beynəlxalq Musiqi Festivalı bu il də öz möhtəşəmliyi ilə diqqət çəkib. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə reallaşan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı nəinki Azərbaycan, hətta xarici ölkə vətəndaşları tərəfindən də böyük maraqla izlənildi.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqisevərləri tərəfindən mədəniyyətlərarası münasibətlərə böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubunda deyildiyi kimi: "Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir”.

İyulun 31-də başlanan və altı gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorların, görkəmli musiqiçilərin, orkestrlərin, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinın çıxışları seyrçilər tərəfindən rəğbətlə qarşılanıb, Yaşlı və təcrübəli musiqiçilər sənətə qədəm qoyan neçə-neçə istedadlı gənclə tanış olublar, məsləhət və tövsiyələrini veriblər.

Festivalın davam etdiyi günlərdə rəngarəng proqramlı konsertlərə tamaşa etmək üçün ətraf bölgələrdə istirahətdə olan turistlərdən də gələnlər çox olub. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı qazanan tamaşaçılar bundan böyük zövq alıblar. Qazaxıstanlı qonaq Altay Nuranbekov mətbuata açıqlamasında bildirib:

- Bizim turist dəstəmiz İsmayıllıda olanda eşitdik ki, Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Buna çox sevindik, vaxtımızı daha mənalı keçirmək üçün oraya yollandıq. Siz bilməzsiniz, mən və yoldaşlarım bu gəlişdən nə qədər məmnun olduq. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik və Azərbaycan Dövlət Simfonik orkestrlərinin konsertlərini, "Cello Extravaganza” və dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş "Oksana Yablonskaya və dostları” adlı konsert proqramlarını, "Kiyev virtuozları” simfonik və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, "Naz-nazı” muğam qrupunun müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, "Clarte” klarnet kvartetinin, Türkiyədən gəlmiş "Trio Miraculum” qrupunun çıxışlarından yüksək zövq aldıq. Arada Qazaxıstanla, evlə, ailə ilə, dostlarla əlaqə saxlayırdıq. Biz onlara bu barədə danışanda onlar da mavi ekran vasitəsilə bu festivalı izlədiklərini bildirirdilər. Mən bir incəsənət adamı kimi deyə bilərəm ki, insanları, dünyanın uzaq və yaxın ölkələrində yaşayan musiqisevərləri bir-birinə yaxınlaşdıran ən böyük vasitə musiqi və bu kimi tədbirlərdir. Qərara almışıq ki, bu barədə ölkəmizin aparıcı qəzetlərində çıxış edək. Televiziya kanalları üçün maraqlı anlar, musiqi nömrələri lentə ala bilmişik. Bir sözlə, bu festival haqqında təəssüratımız böyükdür.

Festival başlayan gündən Naxçıvandan, Gəncədən, Qubadan, bir sözlə, Azərbaycanın bütün bölgələrindən, hətta qonşu İran, Türkiyə, Rusiya, Gürcüstan və digər xarici ölkələrdən internet vasitəsilə bu barədə çoxlu təşəkkür dolu məktub, müraciət və teleqramlar almışıq. Festivalın bağlanış günü İranın Təbriz şəhərindən sinir xəstəlikləri üzrə tanınmış həkim, professor Əli Faxxari telefon açaraq demişdir:

- Son illər ölkəniz çox dəyərli beynəlxalq tədbirlərə - forum, konfrans, simpozium və festivallara evsahibliyi edir. Qəbələdə keçirilən və ənənə halını alan bu dəyərli beynəlxalq musiqi festivalına hər il evsahibliyi etmək təqdirəlayiqdir. Mən və həmkarlarım, minlərlə təbrizli televiziya ekranları vasitəsilə bu bayramın iştirakçısı oluruq, minlərlə təbrizlı festivalı ilk gündən son günə kimi böyük maraqla izləyir. Festivaldan çox böyük zövq aldıq. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla başa çatan bu festival bir daha təsdiqləyir ki, Azərbaycan müxtəlif ölkə xalqlarının mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran gözəl məkandır. Bir ziyalı kimi həmişə diqqət edirəm: dövlət başçısı İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həmişə müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında birliyin daha da gücləndirilməsinə xüsusi səy göstərirlər. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı keçirilən mədəniyyət və incəsənət tədbirləri Azərbaycanın digər xarici dövlətlərlə əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Azərbaycanın mədəni əlaqələri genişləndikcə dünyada tanınır və sülhpərvər bir ölkə kimi sevilir. Ölkənizin dünya dövlətləri, dünya xalqları arasında artan nüfuzu bizi də məmnun edir. Möhtəşəm musiqi bayramı olan Qəbələ festivalı əhali arasında musiqi zövqünün formalaşmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin tanınmasına böyük töhfə verir.

Məşhurlardan biri demişdir: "Musiqinin gücü və qüdrəti sərhədsizdir”. Doğrudan da, bu, belədir. Uğurla başa çatan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlərin, ansamblların ifası ilə xalqların mənəvi yaxınlığını hiss etməyi bir daha dünyaya göstərdi.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video