05 Avqust 2019 17:23
1313
Elm və texnika
A- A+

Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadası 88 ölkənin məktəblilərini bir araya gətirir


31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, bu məlumat avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı təqdimatı dinlənilib.

Təhsil naziri, "IOI 2019”un sədri Ceyhun Bayramov beynəlxalq olimpiadaların, tədbirlərin təşkilində və keçirilməsində Azərbaycanın geniş təcrübəsi olduğunu bildirib. Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan nazir ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini deyib. Nazir azərbaycanlı şagirdlərin respublika və beynəlxalq olimpiadalarda qızıl, gümüş və bürünc medallar qazandıqlarını, eləcə də 2018-2019-cu tədris ilində Azərbaycan komandasının beynəlxalq uğurlarını qeyd edib.

C.Bayramov Beynəlxalq İnformatika Olimpiadasının 30 illik tarixi müddətində böyük yol keçdiyini söyləyib. Bu elm yarışına ölkələrin ilbəil marağının artdığını deyən nazir 30 il öncə Bolqarıstanda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında 13 ölkənin iştirak etdiyini xatırladıb.

Nazir vurğulayıb ki, Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının artdığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb.

ADA Universitetinin rektoru, "IOI 2019”un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib. Qeyd edib ki, ADA Universiteti bölgədə surətlə inkişaf edən ali təhsil ocağıdır. Bizim İT və Mühəndislik Məktəbi "bilik iqtisadiyyatı”nın inkişafı üçün zəruri olan İT sahəsində gənc mühəndislər, proqramçılar və peşəkarların yetişdirilməsi məqsədi ilə yaradılıb. Məzunlarımız "Google”, "Oracle”, "Microsoft” kimi qlobal texnoloji lider şirkətlərdə işləyir, eləcə də yerli İT sənayesinə kömək edirlər. ADA Universiteti hər il keçirdiyi startap yarışları ilə gənclərin ideyalarını dəstəkləməklə, həmin ideyaların biznes uğuruna çevrilməsinə kömək edir. ADA Universiteti bu il, həmçinin Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına ev sahibliyi edib. Niyyətimiz elmi araşdırmalar və innovasiya üzrə mükəmməllik mərkəzinə çevrilməkdir. Bu məqsədlə ADA Universiteti yanında gələcəkdə "Elm kəndi”nin qurulması nəzərdə tutulur.

Mətbuat konfransında məlumat verilib ki, avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi”ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir. Onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru "Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer” və "IOI” əməkdaşlığından danışıb.

Jurnalistlərin diqqətinə çatdırılıb ki, "IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllinə fərdi şəkildə yanaşırlar. Hər gün iştirakçılara beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir.

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra "Acer” şirkəti 450 ədəd "Aspire” notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanın təchizində istifadə edəcək. Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədrisi üçün "Rəqəmsal bacarıqlar” pilot layihəsini dəstəkləyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video