03 Avqust 2019 00:33
1147
SİYASƏT
A- A+

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb


Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritetlərdən biri olaraq qalır. Cari ilin əvvəlində bu istiqamətdə təsdiq edilmiş dördüncü Dövlət Proqramının icrasına başlanıb. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu barədə ətraflı bəhs olunub.

Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri regionların tarazlı və davamlı inkişafıdır. 2004-cü ildə start götürən ilk dövlət proqramından bəri respublikanın rayonlarının siması yaxşı mənada tanınmaz olub. Başqa sözlə, üç dövlət proqramında nəzərdə tutulan genişmiqyaslı işlər, mühüm iqtisadi və infrastruktur layihələri gerçəkləşdirilib. Nəticədə əhalinin rifah halı getdikcə daha da yaxşılaşır.

Əsas vəzifələrdən biri yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunmasıdır. Bu sahədə xeyli iş görülüb. Yeni müəssisələr açılıb, sənaye parkları və məhəllələri yaradılıb, kənd təsərrüfatında unudulmuş sahələr yenidən bərpa olunub. Məsələn, indiyədək regionlarda 9 sənaye parkı və məhəllələri yaradılıb. Bu park və məhəllələrdə 78 rezident qeydiyyatdan keçib, 45-i fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı yatırılıb. Bunun nəticəsində 11 mindən çox yeni iş yerləri açılıb.

51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. 22 aqropark fəaliyyət göstərir. Bu ilin sonuna qədər daha 11 aqropark fəaliyyətə başlayacaq. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.

Yatırılan investisiyaların təşviqi sahəsində görülən tədbirlər regionların inkişafına müsbət təsir göstərir. Sərmayələrin təşviqi mexanizmi uğurlu nəticələr verir. Belə ki, indiyədək 400-ə yaxın layihə təşviq olunub və bunların sayəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 16 mindən çox yeni iş yeri açılıb.

Prezident İlham Əliyev sözügedən müşavirədə bu barədə demişdir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir”.

Təsadüfi deyil ki, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi həm də regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramının əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilib. Bu sahədə əvvəlki proqramlara əsasən də böyük həcmdə işlər görülüb. Üç mindən çox məktəb yenidən tikilib, yaxud əsaslı təmir olunub. Son 15 il ərzində ölkədə 15 min kilometr yol çəkilib. Bu ilin 6 ayında çəkilmiş yolların uzunluğu 400 kilometrə yaxındır. Odur ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Görüləcək işlər, yönəldilən investisiyalar bu sahədə daha böyük uğurların qazanılacağına ümid verir. Belə ki, bu il onlarca yeni məktəbin tikintisi nəzərdə tutulur. 10 şəhərdə mərkəzi xəstəxana yenidən inşa ediləcək, yaxud əsaslı şəkildə təmir olunacaq. Üç olimpiya kompleksinin açılışı gözlənilir, biri artıq istifadəyə verilib. Dövlət İnvestisiya Proqramında bir sıra digər işlər də nəzərdə tutulur. Məsələn, cari ildə də kənd yolları və şəhərlərarası yollar çəkiləcək. 1000 kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulub.

Digər sahələrdə də vəziyyət ürəkaçandır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, suvarma layihələrinin icrasında genişmiqyaslı işlər görülüb.

Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Dünyada qazlaşdırmanın belə uğurla aparıldığı ölkələr o qədər də çox deyil. Elektrik enerjisi sahəsində böyük generasiya gücləri yaradılıb. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, yəni bu sahədə də ön sıralardadır.

Regionların inkişafında içməli su və meliorasiya layihələrinin uğurlu icrası da böyük rol oynayır. Hazırda demək olar ki, bütün bölgələrdə içməli su layihələri icra edilir. Bu il daha bir neçə şəhərin içməli su problemi həll olunacaq. Torpaqların suvarılması istiqamətində də əlavə tədbirlər görüləcək. Belə ki, hər il təxminən 100 min hektar torpağın suvarılması yaxşılaşır, yaxud suvarılan torpaqlara su çəkilir. Bu işlər də davamlı xarakter daşıyır.

Prezidentin yanında keçirilən müşavirədə həmçinin qeyd edilib ki, dövlət proqramı regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun genişlənməsinə də təkan verir. Kənd yerləri də əhatə olunmaqla məşğulluğun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Yəni regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün qurulan infrastruktur öz real nəticəsini verir, rayon və kəndlərdə məşğulluğun təminatında böyük rol oynayır.

Prezident İlham Əliyev bunları bir daha vurğulamışdır: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video