03 Avqust 2019 00:21
763
Mədəniyyət
A- A+

Mətbəx elin, evin göstəricisidir


Qubalılar onu qonaqlara layiqincə nümayiş etdirdilər


Hər bayramı bir-birindən maraqlı töhfələrlə qarşılamaq Qubada artıq ənənə şəklini alıb. Elimizin ən gözəl adətləri burada qorunub saxlanılır. Qədimliklə müasirliyin vəhdətinə gəlincə, burada bunu bütün sahələrdə açıq-aydın görmək olar.

Multikulturalizmin nümunəsi kimi tanınan Quba yenə möhtəşəm bir festivala evsahibliyi etdi. Müxtəlif xalqların nümayəndələri burada toplaşaraq zəngin və təkrarolunmaz, hər bir regionun özünə xas olan təamları ilə bir araya gəldilər. Deyirlər, süfrəsi açıq olanın ruzisi də bol olar. Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Rayon Regional Mədəniyyət İdarəsi və Quba destinasiya menecment təşkilatının birgə təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına parkında regional mətbəx festivalı keçirilib.

Festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan azsaylı xalqların və etnik qrupların hazırladıqları yemək və şirniyyatlar, eləcə də turizm sahəsi peşəkarlarının onlarla qida məmulatı nümayiş olunub. Tədbirdə xüsusi maraq doğuran əsas məqam isə mətbəx nümunələrinin, yemək çeşidlərinin hər bir xalqın və regionun milli, etnik, adət və ənənələrinə uyğun olaraq iştirakçılara təqdim edilməsi və onların folklor nümunələri ilə qarşılanmaları olub. Burada nəinki yemək, şirniyyat, içki növləri, onların göz önündə hazırlanması, etnosların öz dilində şeir, mahnı oxumaları, rəqs etmələri, Azərbaycan filmlərindən mətbəxlə bağlı səhnəciklərin göstərilməsi festivala bir qaynarlıq gətirib.

Festivalın keçirilməsində bu parkın seçilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Bir növ rayonun mərkəzi sayılan park yaşıllıqlara bürünüb. Yay günəşinin həsrət çəkdiyi məkanda hava o qədər də isti olmur. Bir tərəfdən də Qudyalçayın sərin mehi insanın ruhunu oxşayır. Park başdan-başa mətbəx ənənələrinə uyğun bəzədilmişdi. Məxsusi olaraq festival üçün tərtib edilmiş xəritəyə əsasən fermerlərin məhsulları, etnik yeməklər, tez və asan başa gələn yerli qəlyanaltılardan ibarət "Fastood”lar üçün guşələr ayrılmış, uşaqların maraq dünyası nəzərə alınaraq kloun və nağıl qəhrəmanlarının olduqları zona təşkil edilmişdi.

Tədbirə Azərbaycan mətbəxini özündə ehtiva edən sərgilərə baxış keçirməklə start verildi. Xüsusilə region istehsalçılarının və turizm sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların məhsul və xidmətləri, onların dizaynla açılmış süfrələri mətbəx dünyasını sanki təzələyirdi. Parkın göz oxşayan guşələrinin birində təşkil olunmuş mini zoopark hamının marağına səbəb oldu. İştirakçılar, yerli və əcnəbi turistlər Quba rayonunun turizm potensialını əks etdirən fotostendlərlə tanış oldular. Onlara bu mövzuda bukletlər paylandı.

"Şahdağ” istirahət mərkəzinin əməkdaşları da mərasimə əliboş gəlməmişdilər. Onlar dağ turizminin əyləncə vasitələri - sinvey, drodinet, qvadreskil və başqa texnikaları nümayiş etdirir, onlardan istifadə qaydalarını əyani olaraq göstərirdilər.

Quba Heydər Əliyev Mərkəzi şorqoğalı, şəkərbura, paxlava, artıq hazırlanma qaydası unudulmuş qədim naxış və butalarla bəzədilmiş şirniyyatları iştirakçılara təqdim etdi. Rayonun tarix-diyarşünaslıq muzeyinin "Bəy mərasimi” də maraqla qarşılandı.

Birinci Nügədi kəndində yerləşən "Macəra” istirahət mərkəzinin sərgilədiyi keçi ətindən hazırlanmış təamlar, habelə ətdən düzəldilmiş kompozisiya böyük tamaşaçı kütləsini özünə cəlb etdi. Susayın "Canlı bulaq suyu” adlı sərgisində cirə-duzu və xərək çörəyi ilə süfrəyə verdiyi "tat çığırtması”, xınalıqlıların qədim tərəkəmə yeməkləri - çoban süfrəsi pendiri, bozartması, lokumu sərgiyə baxış keçirənlərin damaq dadına səbəb oldu.

Yəhudilərin də bayram süfrəsi maraqla qarşılandı. Belə ki, süfrəyə fətir - massa, onunla yeyilməsi nəzərdə tutulan qoz, fındıq, xurma ilə bişirilən haroset, cırhacır almadan hazırlanmış halva, balıq qızartması və yəhudilərin ənənəvi bayram içkisi - kidus (üzüm suyu) düzülmüşdü.

Festivalın bədii hissəsi gecə saatlarına qədər yerli folklor kollektivlərinin, tanınmış müğənnilərin qəlb oxşayan musiqiləri, həmçinin "Saloxo” rəqs və "Palant” ritm qruplarının nağara şousu ilə davam etdirilib.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video