02 Avqust 2019 00:59
1364
İQTİSADİYYAT
A- A+

İslahatçı ölkənin rekord göstəriciləri


İlham ƏLİYEV: "Biz bundan sonra da bu yolla gedəcəyik”


İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkənin makroiqtisadi nailiyyətləri ətraflı nəzərdən keçirildi, qazanılan uğurlar və perspektivlər qeyd olundu, diqqət mərkəzində saxlanılmalı sahələr sadalandı.

O cümlədən bildirildi ki, aqrar sahədə və bütünlükdə qeyri-neft sektorunda aparılan islahatlar, həyata keçirilən nəhəng investisiya tutumlu sahələr bu ilin 6 ayı ərzində rekord göstəricilərə imza atmağa imkan vermişdir.

Öncə qeyd edək ki, cari ilin 6 ayı ərzində iqtisadiyyatın 2,4, qeyri-neft sektorunun 3,2, qeyri-neft sənayesinin isə 15,7 faiz artması uzun illər reallaşdırılan aqrar islahatların gözlənilən nəticəsidir. Yeni istifadəyə verilən "SOCAR karbamid” və "SOCAR Polymer” zavodlarının işə düşməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri addımların atılması Azərbaycana dünyanı heyrətə sala biləcək 15,7 faizlik artıma nail olmağa imkan vermişdir.

Məlumdur ki, son illər kənd təsərrüfatının davamlı surətdə sistemli inkişafı məqsədilə ayrı-ayrı sahələrin - pambıqçılığın, baramaçılığın, üzümçülüyün, tütünçülüyün və s. istiqamətlərin dirçəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının daha da artırılması, əhalinin maddi durumunun, rifahının yüksəlməsinə xidmət edir.

Ölkənin aqrar sektorunda onilliklər boyu tətbiq edilən nəhəng makroiqtisadi layihələr kənd təsərrüfatının simasını tamamilə dəyişmişdir. Ötən dövr ərzində əksər sahələr üzrə görülən böyük işlərin nəticələrini bu gün fermerlər, təsərrüfatla məşğul olan şəxslər, kənd sakinləri öz həyat tərzlərində və əldə etdikləri qazanclarında hiss edirlər. Bitkiçilikdə yeni texnologiyaların, müasir aqrar biliklərin tətbiqi, yeni bağların salınması isə bitkiçilikdə cari ilin 6 ayında 25 faizlik artıma nail olmağa imkan vermişdir.

Dövlət başçısı müşavirədə aqrar sektorun uğurlarını belə qiymətləndirdi: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir”.

Həqiqətən, uzun illər ərzində kənd təsərrüfatında görülmüş sistemli tədbirlər müsbət nəticələrini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıqda dinamik artım müşahidə edilir. Taxılçılığa ayrılan xüsusi diqqət 1 milyon 12 min hektarda taxıl əkinini həyata keçirməyə, taxıl biçinini 20 gün tez başa çatdırmağa və məhsuldarlığı ötən illə müqayisədə 2 sentner artırmağa imkan vermişdir. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahatlar bazarda tam liberallaşmaya və texnikanın qiymətinin təxminən 30 faiz ucuzlaşmasına səbəb olmuşdur.

Subsidiyalarla bağlı islahatlar da diqqət mərkəzindədir. Gübrələrlə əlaqədar liberallaşma isə gələn ildən tam həyata keçiriləcək. Nəticədə gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək.

Müşavirədə vurğulandı ki, aqrar sektordakı islahatların vacib istiqamətlərindən biri də elektron kənd təsərrüfatının təşviqidir. Artıq 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçmişdir. Gələn ilin əvvəlindən isə subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Bu da ona imkan yaradacaq ki, fermerlərin əkin sahələri əvvəlcədən proqnozlaşdırılaraq planlaşdırılsın. Eyni zamanda islahatlarda vacib istiqamətlərdən biri yeni subsidiya sisteminin tətbiqidir. Hazırda bununla bağlı hazırlıq işləri həyata keçirilir. Gələn ilin yanvarından subsidiyaların yeni sistemlə veriləcəyi nəzərdə tutulur.

Prezident İlham Əliyev müşavirəyə yekun vurarkən kənd təsərrüfatının hər bir ölkə üçün önəmli sahə olduğunu bir daha qeyd etdi: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni bu sahədə biz özümüzü təmin etmək üçün əlbəttə ki, çox ciddi addımlar atırıq”.

Məlum olduğu kimi, kənd təsərrüfatında fermerləri və istehlakçıları narahat edən ciddi problemlərdən biri kənd təsərrüfatı məhsullarının tarladakı və piştaxtadakı qiymətləri arasındakı fərqin böyük olmasıdır. Bəzən elə olur ki, fermer məhsulunu hətta dəyər-dəyməzinə belə, sata bilmir. İstehlakçı isə əldən-ələ keçib qiyməti bahalaşan həmin məhsulu ala bilmir. Elə buna görə də dövlət başçısı inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq bəzi hallarda süni qiymət artımının müşahidə olunduğunu vurğuladı, müvafiq qurumların qarşısında bu məsələnin həll edilməsini bütün ciddiliyi ilə qaldırdı: "Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Müşavirədə dövlət başçısı bir daha islahatlara götürülən səmtin dəyişməyəcəyini bəyan etdi, ölkənin innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf edəcəyini dilə gətirdi. Qeyd etdi ki, bütün sahələrdə əldə etdiyimiz uğurlar beynəlxalq reytinq agentliklərinin dərc etdiyi hesabatlarda əks olunur, Azərbaycan nümunəvi ölkə kimi təbliğ edilir. Prezident İlham Əliyev sonda bir daha nəzərə çatdırdı ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video