Alternative content

14:37 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekran tariximizin ilkləri
Ekran tariximizin ilkləri
ANA SƏHİFƏ / Mədəniyyət
00:43 02.08.2019


XIX əsrin sonlarında Parisin Kaputsino bulvarındakı "Qrand-Kafe”də Lui və Oqüst Lümyer qardaşları ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetləri nümayiş etdirirlər. O gün - 1895-ci ilin 28 dekabrı dünya kinosunun yaranması kimi tarixə düşür.

Həmin illərdə Parisdən uzaqlarda, nefti ilə məşhurlaşan Bakıda iqtisadi və mədəni sahələrdə canlanma müşahidə olunurdu. Tükənməz sərvətləri, xüsusən nefti ilə yerli sahibkarlara, eləcə də bura axışan xarici kapitalistlərə böyük var-dövlət qazandıran bu şəhər dünyada baş verən yeniliklərə açıq idi. Fransada ixtira olunan sinematoqraf da Bakıya gəldi. 1898-ci il yanvarın 8-dən burada xarici filmlər göstərilməyə başlandı. İyunun 21-də Vasili-Vyatskinin teatr-sirkində Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi”, "Qatarın dəmiryol stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi” və "Bazar küçəsi sübh çağı” kinosüjetləri nümayiş olundu. 1898-ci il avqustun 2-də fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü Aleksandr Mixayloviç Mişonun çəkdiyi, "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Qafqaz rəqsi” xronikal-sənədli və "İlişdin” bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram göstərildi.

"Bibiheybətdə neft fontanı yanğını” və "Balaxanıda neft fontanı” kinosüjetləri 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana gətirildi. O zaman Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü elan olundu.


Azərbaycanda ilk bədii film


Sovet dövründə həmin tarix nəzərə alınmadı. 1916-cı il mayın 14-ü Azərbaycanda kinonun yarandığı gün kimi qeyd olundu. Bu, "Neft və milyonlar səltənətində” bədii filminin nümayiş olunduğu tarix idi. 1915-ci ildə Bakıda yaradılmış "Filma” Səhmdar Cəmiyyəti neft sənayeçilərinin vəsaiti ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmini çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilmişdi. Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar səltənətində” XX əsrin əvvəllərinin neft Bakısı, burada yaşayan yerli milyonçuların və fəhlələrin həyatından bəhs edirdi. Filmdəki Lütfəli bəy rolunu oynayan Hüseyn Ərəblinskinin adı ilk azərbaycanlı kino aktyoru kimi tarixə yazıldı. Tanınmış sənətkarlar - tarzən Qurban Pirimov və xanəndə Cabbar Qaryağdıoğlu da filmdə çəkildilər.

Boris Svetlov 1918-ci ilədək Azərbaycanda kino işi ilə məşğul oldu. 1916-cı ildə o, "Arvad”, "Yeni tərzdə köhnə əhvalat” və digər filmləri çəkdi. Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında ekranlaşdırılan ilk Azərbaycan kinokomediyasının da rejissoru Boris Svetlov oldu.


Birinci milli kinorejissorumuz...


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Xarici ölkələrlə diplomatik, iqtisadi, mədəni əlaqələr quran milli hökumət kino sənətinin inkişafına da diqqət yetirirdi. Həmin il Bakıda "Kinematoqrafiya və teatr qulluqçuları şurası” yaradıldı. 1919-cu il mayın 28-də "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film nümayiş etdirildi.

Bolşeviklər tərəfindən 1920-ci ilin aprelində ölkəmiz işğal olundu. İyulun 4-də İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Sovet Azərbaycanı kinosunun başlanğıcı sayılan "XI Qırmızı ordu hissələrinin Bakıda paradı”, "Bakıda Şərq xalqlarının I qurultayı”, "26 Bakı komissarı cənazələrinin dəfni”, "XI Qırmızı ordu komandirləri dağlıların qonağıdır”, "Pyotr meydanında iməcilik”, "Sovet Azərbaycanının 1-ci ildönümü” xronikal filmləri çəkildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. Ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi işlərini həyata keçirən AFKİ-nın nəzdində Bakıda "Təyyarə”, "Edison”, "Milyon”, "Ladya”, "Mədənçi” və başqa kinoteatrlar var idi. Həmin il aprelin 28-də Bakıda AFKİ nəzdində I Dövlət kinofabrikinin rəsmi açılışı oldu. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi” adlı bədii filmini təqdim etdi.

Rusiyadan Bakıya kinematoqrafçılar ezam olunurdu. O illərdə Azərbaycanda kino sahəsində əsas məsələlərdən biri milli kadrların hazırlanması idi. 1924-1928-ci illərdə "Azərbaycan Dövlət Kino”sunun rəhbəri olmuş Şamil Mahmudbəyov bu istiqamətdə müəyyən işlər gördü. 1925-ci ildə onun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya yaradıldı. Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları orada oxudular. Bakıya Sovet Rusiyasından tanınmış kinorejissorlar dəvət olunurdu. Eyni zamanda Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və digər milli kadrlar kino yaradıcılığı işinə cəlb edildilər. 1925-ci ildə "Bismillah” filminə Abbas Mirzə Şərifzadə quruluş verdi. Bu filmlə o, Azərbaycanın birinci milli kinorejissoru oldu. İlk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının "Hacı Qara” ssenarisini də Abbas Mirzə Şərifzadə 1928-ci ildə ekranlaşdırdı. 1932-ci ildə "Direktiv Bant” filminin əsas kollektivi milli kinematoqrafçılar - rejissor Ağarza Quliyev, operatorlar Əsgər İsmayılov və Mirzə Mustafayev oldu. 1930-cu ildə rejissor Beybolat Askarovun çəkdiyi "Qızıl kol” filmində isə ilk azərbaycanlı qadın kinorejissoru Qəmər Salamzadə rejissor köməkçisi işlədi.

AFKİ "Azdövlətkino” (1926-1930), "Azərkino” (1930-1933), "Azfilm” (1933), "Azdövlətsənayesi” (1934), "Azərfilm” (1935-1940), "Bakı kinostudiyası” (1941-1959), 1961-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası adlandırıldı.


"Mavi dənizin sahilində”...


1935-ci ildə milli kinomuzun ilk səsli filmi - "Mavi dənizin sahilində” çəkildi. Filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillov idi. Film 1936-cı ildə ekranlara çıxdı. "Mavi dənizin sahilində”nin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Eyzenşteynin emalatxanasında təhsil almışdı. O, Azərbaycan kino tarixində ilk ali təhsilli rejissor idi.

"Mavi dənizin sahilində”n sonra Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. 1936-1941-ci illərdə 10-dan çox səsli film istehsal olundu.

1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin "Şöhrətli Azərbaycan” kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədovdan bəhs edilirdi. Bu, Azərbaycanda ilk sinxronlu film idi.

1930-cu illərdə Azərbaycanda cizgi filminin əsası qoyuldu. 1933-cü ildə istehsal olunan "Cat” təlimat filmi cizgi filmi üsulu ilə yaradıldı. 1935-ci ildə Azərbaycan xalq nağılları əsasında "Abbasın bədbəxtliyi” cizgi filmi çəkildi.

Respublikamızda filmlərin Azərbaycan dilində səsləndirilməsinə 1937-ci ildə başlandı. Həmin il SSRİ-nin məşhur "Çapayev” bədii filmi dublyaj olundu.

İkinci Dünya müharibəsi illərində bədii film istehsalı zəiflədi. Əsasən xronikal-sənədli filmlər, kinojurnallar çəkilirdi. 1945-ci ildə rejissor Rza Təhmasib Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan” filmini ekranlaşdırdı. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirildi.

Azərbaycan kinosu 1950-ci illərdə yenidən inkişaf etməyə başladı. "Görüş”, "Bəxtiyar”, "Qara daşlar”, "Qızmar günəş altında”, "Onun böyük ürəyi”, "Ögey ana”, "Onu bağışlamaq olarmı?”, "Böyük dayaq” və başqa bədii filmlərdə, "Xəzər neftçiləri haqqında dastan”, "Dənizi fəth edən” və digər sənədli filmlərdə müxtəlif peşə sahiblərinin əməyi, həyatı əksini tapdı.

1960-cı ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi "Koroğlu” bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi oldu. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Azərbaycan kinolarında yeni ideyalar, yeni baxış nəzərə çarpırdı. Xüsusilə rejissor Eldar Quliyevin 1969-cu ildə çəkdiyi "Bir cənub şəhərində” filmi ətrafında mübahisələr uzun müddət davam etdi.

1970-ci illərin sonu, 1980-ci illərdə SSRİ-də korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, sonra yenidənqurma, aşkarlıq siyasəti "İstintaq”, "Anlamaq istəyirəm”, "Onun bəlalı məhəbbəti”, "Şeytan göz qabağında” və başqa filmlərdə əks olundu. 1980-ci illərdən başlayaraq Azərbaycan kinosunda da sovet hakimiyyətinin hökmünün zəiflədiyini bəlli edən "Bağlı qapı arxasında”, "Özgə ömür”, "Təxribat”, "Sahilsiz gecə”, "Lətifə” və başqa filmlər çəkildi.

İlk fantastik Azərbaycan bədii filmi - "Əlaqə” 1989-cu ildə lentə alındı.

SSRİ-nin süqutundan sonra 1990-cı illərdə keçid dövrünü yaşayan Azərbaycan kinosu da çətin vəziyyətə düşdü. Sayca az filmlər çəkildi. "Fəryad”, "Ağ atlı oğlan”, "Özgə vaxt”, "Biz qayıdacağıq”, "Sarı gəlin”, "Lal çinar”, "Arxada qalmış gələcək” kimi filmlərdə Qarabağ müharibəsinin gətirdiyi bəlalardan bəhs edildi.

İndi Azərbaycanın kino sənəti yeni mərhələdədir. Həm kinostudiyada, həm də dövlət və özəl televiziyalarda yeni bədii və sənədli filmlər çəkilir. Azərbaycan kinosevərləri kino işçilərimizdən ölkəmizin tarixi həqiqətlərini, mədəniyyətini dünayaya göstərə biləcək daha gözəl filmlər gözləyirlər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM