01 Avqust 2019 03:30
1920
İQTİSADİYYAT
A- A+

Pambıq yenidən “ağ qızıl”a çevrilir


Pambıq bizim üçün yad bitki deyil. Bu zəhməti və dəyəri çox bitkinin Azərbaycanda əkilib-becərilmə tarixi ötən əsrin əvvəllərinə gedib çıxır.

Amma pambığın Azərbaycanın təkcə aqrar sektoru yox, bütünlükdə iqtisadiyyatı üçün sözün bütün mənalarında qızıl dövrü var ki, o da keçmiş SSRİ tərkibində olduğumuz zamana təsadüf edir. Xüsusən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illər Azərbaycan kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda rekord göstəricilərə nail olmuşdur. Əkin sahələri və su ehtiyatları elə də çox olmayan Azərbaycan üçün 1 milyon tondan çox pambıq istehsal etmək hətta həmin illər üçün sıradan bir göstərici deyildi.

O illər pambıq təsərrüfatlar, eləcə də kolxozçular üçün də gəlirli bitki sayılırdı. Neçə-neçə kəndlər məhz bu sahədən gələn qazanc hesabına abadlaşmış, minlərlə kəndli pambıqdan götürdüyü gəlirlə özünə güzəran qurmuşdur. Pambıqçının şöhrəti, hörməti isə bir ayrı mövzunun söhbətidir.

Yeri gəlmişkən qeyd edək ki, pambıqçılıq təkcə Azərbaycanda geniş yayılmamışdır. İndinin özündə pambıqçılıq dünyanın hətta aparıcı ölkələrinin aqrar sektorunda gəlirli sahələrdən sayılır. ABŞ, Avstraliya, Braziliya, Çin, Hindistan, Meksika kimi ölkələr hazırda əsas pambıq istehsalçıları hesab olunurlar.

Təkcə 2017-2018-ci illərin istehsal mövsümündə dünya üzrə 28,1 milyon ton mahlıc istehsal edilmişdir. Onun 6,2 milyon tonu Hindistanın, 6 milyon tonu Çinin, 4,6 milyon tonu ABŞ-ın payına düşmüşdür. ABŞ mahlıc ixracına görə də liderdir. Qeyd edilən illərdə bu ölkə 3,4 milyon ton mahlıc ixrac etmişdir. Ümumiyyətlə, bu gün dünyada 100-dən artıq ölkədə pambıq əkilir və Azərbyacan da onlardan biridir.

Bütün bu üstünlüklərə görədir ki, Prezident İlham Əliyevin aqrar sektorda apardığı islahatlar çərçivəsində ənənəvi bitkiçilik sahələrinin, o cümlədən pambıqçılığın dirçəldilməsi barədə təşəbbüsü ölkəmizin fermerləri, torpaq sahibləri tərəfindən can-başla qarşılandı. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbulu isə Prezidentin bu təşəbbüsünün reallaşmasına təkan verdi. Ümumiyyətlə, ölkəmizdə pambıqçılığın yeni inkişaf dövrü 2016-cı ildən başlayır. Bu yeni dövrün nə demək olduğunu bilmək üçün rəqəmlərə nəzər salaq: əgər 2015-ci ilə ölkə üzrə pambıq əkin sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton olmuşdursa, ondan bir il sonra - 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, istehsal 2,5 dəfə çoxalaraq 89,4 min tona çatmışdır. Ötən il isə müstəqillik dövründə ölkə üzrə rekord miqdarda - 230,4 min ton pambıq istehsal olunmuşdur. Bu, 2015-ci ilin göstəricisindən 6,5 dəfə çoxdur.

Amma bu gün dövlət başçısı qarşıya ölkəmizdə pambıqçılığın inkişafına, daha doğrusu, məhsul istehsalının artımına əkin sahələrinin genişləndirilməsi yox, məhsuldarlığın yüksəldilməsi hesabına nail olmaq vəzifəsini qoymuşdur.

Hazırda pambıq sahələrində becərmənin qızğın vaxtıdır. Əkinçilər yüksək məhsul götürmək üçün gecələrini gündüzə qatırlar. Rayonlardan verilən məlumatlara əsaslanıb demək mümkündür ki, bu mövsüm də Azərbaycanda bol pambıq istehsal olunacaq. Bol pambıq isə ilk növbədə həm də yaxşı qazanc deməkdir. Mütəxəssislər hesablayıblar ki, 1 hektar üzrə məhsuldarlıq 20 sentner olarsa, 520, 25 sentner təşkil edərsə, 850, 30 sentnerə çatarsa, 1300 manat xalis gəlir götürmək mümkündür. Ölkədə 100,1 min hektar sahədə pambıq əkildiyini nəzərə alsaq, bu hesaba fermerlərin orta məhsuldarlıq 20 sentner olarsa, ümumilikdə 52 milyon, 25 sentner təşkil edərsə, 85 milyon, 30 sentnerə çatarsa, 130 milyon manat qazanmaq imkanları var.

Onu da qeyd edək ki, bu gəlirin bir hissəsi dövlətin pambıqçılara ödədiyi subsidiyalardır. Hazırda fermerlərin əkin zamanı sahələrə verdikləri gübrənin qiymətinin 70 faizini dövlət ödəyir. Yəni pambıqçılar becərmə zamanı istifadə etdikləri gübrənin dəyərinin yalnız 30 faizini verirlər. Bundan əlavə, tədarükçülər istehsalçılara təhvil verdikləri xam pambığın hər tonuna 100 manat subsidiya ödəyirlər. Yalnız ötən il 15,6 min nəfərdən çox istehsalçı 230,4 min ton xam pambıq üçün dövlətdən 23 milyon manatdan çox subsidiya almışdır.

Pambığın alış qiymətinin qaldırılması da fermerlərin bu sahəyə marağının artmasına səbəb olmuşdur. Xatırladaq ki, ötən il pambıq əkən kəndlilərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi üçün məhsulun növlər üzrə alış qiymətləri hər ton üçün 50 manat artırılmışdır. Bu artımdan sonra birinci növ pambığın alış qiyməti 650, ikinci növ - 630, üçüncü növ - 590, dördüncü növ - 550 manat olmuşdur. Nəticədə fermerlər təkcə həmin artımdan 13 milyon manatadək əlavə gəlir əldə etmişlər.

Pambıqçılıq valyuta gətirdiyindən, eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün sərfəli sahə hesab olunur. Təkcə ötən ilin 9 ayı ərzində ölkəmizdə istehsal olunan 79,3 min ton mahlıcdan 51,5 min tonu ixrac edilib və ondan 78 milyon dollar valyuta qazanılıb. Emal müəssisələrində istehsal edilmiş 17 min ton pambıq ipliyinin 6,8 min tonunun ixracından isə Azərbaycana 17 milyon dollar vəsait daxil olub.

Amma pambıqçılığın üstünlükləri təkcə bunlar da deyil. Hazırda kənd təsərrüfatında bu sahə həm də yüksək əməktutumluğu ilə fərqlənir. Yenə faktlara müraciət edək: ötən illə müqayisədə cari il 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2300 nəfərdən çox artaraq 18 minə çatmışdır. Üstəlik Azərbaycanda 23 pambıq zavodu, 7 iplik fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir ki, onların da hər birində yüzlərlə adam çalışır. Ümumiyyətlə, pambıqçılıqda çalışan işçilərin sayı təxminən 200 min nəfərdən çoxdur. Razılaşaq ki, aqrar sektorda təkcə bir sahə üçün bu, kiçik rəqəm deyil.

Bütün dediklərimizi və demədiklərimiz amilləri nəzərə alsaq, pambığın yenidən Azərbaycan üçün "ağ qızıl”a çevrilməsini reallıq kimi qəbul etmək lazımdır.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video