01 Avqust 2019 03:28
974
Mədəniyyət
A- A+

Ana dilim - qürur yerim


Hər sözümüz tariximizə bir açardır. Xalqımızın keçmişi, ulularımızın həyat tərzi, məişəti, məqsədi, arzuları onlarda ifadəsini tapdı. Ana dilimiz zamana yol yoldaşı oldu. Dünya sivilizasiyasının ən nadir nümunələrindən olan Qobustan və Gəmiqaya təsvirləri də xalqımızın zəngin milli-mənəvi dəyərlərinin nümunələridir. Onları yaradan xalqın həmin vaxtlar müxtəlif yazı növlərindən, əlifbalardan istifadə etdiyi şübhəsizdir. Qədim Manna dövlətində yerli yazı növündən, həmçinin heroqliflərdən istifadə olunduğunu tarixi mənbələr də sübut edir. Məlumdur ki, ulu əcdadlarımızın - albanların 52 hərfdən ibarət əlifbası olmuşdur.


Tarixin keşməkeşlərində...


Ana dilimiz tarixin ağır sınaqlarından keçdi. Onun varlığından əndişələnənlər, onu əsarətində saxlamaq istəyən yadelli hökmdarlar oldu. Azərbaycanın müstəqilliyinə qəsd ediləndə onun doğma dilini də sıxışdırdılar, rəsmi dövlət dili olmağa qoymadılar. Tarixin elə dönəmləri oldu ki, bu xalqa ədəbi-bədii nümunələrini belə öz dilində yazmağa imkan vermədilər.

Orta əsrlərdə islam dininin yayılması ərəb əlifbasından geniş istifadəyə meydan verdi. Ərəb dili din, elm və təhsil dili hesab edildi. Azərbaycanda da əsrlər boyu həmin əlifbadan istifadə olundu. Amma ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirmədi. Azərbaycan dilinin özünəməxsusluğu səbəbindən müəyyən problemlər ortaya çıxdı. Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımız əlifba islahatına səy göstərsələr də, həmin ideyanı reallaşdıra bilmədilər.

Tarixin müxtəlif dönəmlərində milli kimliyimizin, genetik mənsubiyyətimizin ifadəsi olan ana dilimizi qoruyub yaşatmaq Azərbaycanın vətənsevər ziyalılarının ən ali məqsədlərinə çevrildi. Onlar Azərbaycan dilinin dövlət statuslu dillər arasında olması naminə çalışdılar.

İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra latın əlifbasından istifadə olundu. 1920-ci il aprelin 28-də Cümhuriyyət hökumətinin süqutuna nail olanlar bu sahədə həyata keçilməyə başlanılmış işləri də yarımçıq qoydular. Azərbaycanın millətsevər ziyalıları əlifba islahatını davam etdirə bilmədilər. Ancaq onların ideyası, arzuları unudulmadı.


Sovet hakimiyyətinin əlifba siyasəti


Hakimiyyəti ələ keçirən bolşevik hökuməti bu sahədə də öz siyasətini yürütməyə başladı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Komitəyə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etsin. Bu, yeni əlifbaya keçilməsi istiqamətində ilk ciddi addım oldu. 1923-cü ildən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə Birinci Ümumittifaq Türkoloji qurultay keçirildi. Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.

Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə aparılırdı. Bu mühüm məsələnin həyata keçirilməsinə yeni əlifbanın tətbiqi müsbət təsir göstərdi.

Həmin vaxtlar Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçildi. Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənəcəyindən həmişə əndişələnən sovet hökuməti başqa bir qərar verməli oldu. Azərbaycan əlifbası yenidən dəyişdirildi.

Kirill qrafikalı əlifbaya keçmək haqqında qərar İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-də verildi. Ancaq dilimizin özünəməxsusluğu bu əlifbada da müəyyən dəyişikliklər aparılması zərurətini yaratdı. Dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün sonralar Kirill qrafikasında bəzi dəyişikliklər edildi. Ölkəmizdə yarım əsrdən çox Kirill qrafikasından istifadə olundu. Orta məktəblərdə uşaqlarımız bu əlifba vasitəsilə ana dilində yazıb-oxumağı öyrəndilər. Qəzetlər, jurnallar, kitablar Kirill əlifbası ilə işıq üzü gördü. Elmi, bədii əsərlər həmin əlifba ilə yazıldı.


"Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”


XX əsrin axırlarında Azərbaycanda azadlıq uğrunda mübarizə gücləndi. Nəhayət, xalqımız öz dövlət müstəqilliyinə qovuşa bildi. Sovet hökumətinin iradəsi ilə həyata keçirilmiş işlərə, verilmiş qərarlara yenidən baxıldı. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün də tarixi şərait yarandı. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul edildi. Respublikamızda tədricən latın qrafikalı əlifba tətbiq olunmağa başlandı.

Bundan sonra ana dilimizin qorunması və inkişafı istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Ulu Öndər Heydər Əliyev fərman imzaladı. Həmin ilin avqustunadək respublikamızda latın əlifbasına keçid bütünlüklə təmin edildi. Əlifba dəyişikliyi bir sıra işlərin həyata keçirilməsi zərurətini yaratdı. Ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin tarixində latın qrafikalı əlifbanın tətbiqinin mühüm hadisə olduğunu nəzərə alaraq Heydər Əliyev 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Bu fərmanla avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.

Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Ana dilimizlə bağlı etdiyi çıxışlarından birində Ümummilli Lider Heydər Əliyev qeyd edirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.

2002-ci il 30 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində həmin qanun xeyli dərəcədə təkmilləşdirildi.

Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər də ana dilimizin inkişafına təkan verdi. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu. Nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin edildi. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyev 2004-cü il 13 yanvar tarixində "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzaladı. Dövlət başçısı ana dili və ədəbiyyatımızın milli xüsusiyyətlərimizin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirərək dedi: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Dövlət başçısının 2012-ci il mayın 23-də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda bildirilir: "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

...Hər bir xalqın Ana dili onun milli varlığının təzahürü, maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən çox mühüm vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının ən böyük qürurudur. Dünyanın qədim dil ailəsinə - türk dili qrupuna aid olan Azərbaycan dili bu gün Azərbaycan Respublikası adlı dövlətin rəsmi dili kimi böyük adı daşıyır. Bu dildə həm də ölkənin sərhədlərindən kənarda milyonlarla insan danışır, ona qürurla "Ana dilim” deyir, sevə-sevə öz övladlarına öyrədir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video